“Bəzən sadəcə diqqətsizlik, sevgisizlik də onları evdən oğurluq etməyə vadar edir”
Yanvarın 31-də Abşeron rayonunun Hökməli qəsəbə sakini Xəyyam Rüstəmov Abşeron RPİ-yə müraciət edərək yanvarın 26-dan 31-dək olan müddətdə evindən 12.000 manat pulun oğurlanmasını bildirib.
DİN-in məlumatına görə, araşdırmalar zamanı qeyd edilən pulun onun 15 yaşlı oğlu tərəfindən götürülərək xərcləndiyi müəyyən edilib. Qeyd edək ki, uşaqların evdən oğurluq etməsi ilə bağlı xəbərləri tez- tez oxuyuruq. Hətta gündəlik həyatımızda da bu cür hadisələrlə rastlaşırıq.
Bəs, uşaqların evdən oğurluq etməsinin səbəbləri nələr ola bilər? 1-3 yaş arası uşaqlarda oğurluq hallarının ümumiyyətlə müşahidə olunmadığını vurğulayan psixoloq Gülnarə Əliyevanın sözlərinə görə, artıq 3 yaşdan sonrakı yaş dövründə olan uşaqlar bu addımı ata bilir.
Amma bunu sırf oğurluq kimi də dəyərləndirmək olmaz. Uşaqlar çox zaman öz oğurluq vərdişlərini başqa cür qələmə verməyə çalışırlar. 3-6 yaş arasındakı uşaqların oğurluq üçün xüsusi səbəbləri olur. Adətən bu yaş dövründə olan uşaqlar dostlarında görüb, bəyəndikləri oyuncaqlara sahib olmaq üçün bu hərəkətə yol verirlər. Bəzən də hansısa dostuna acıq vermək üçün onun olan bir oyuncağı və ya başqa əşyanı oğurlayırlar. Bu yaş kateqoriyasına aid olan uşaqlar gördükləri oyuncaqları, əşyaları götürməyə çəkinməz, özününkü hesab edərlər.
Bu yaşda uşaqlara "oğru” deməyin düzgün olmadığını vurğulayan psixoloq hesab edir ki, oğurluğu vərdiş halını almış 10 yaşından yuxarı uşaqlara aid etmək daha doğru olar:
"Məktəb yaşlı uşaqların etdiyi hər hansı bir oğurluq isə artıq həyəcan siqnalıdır və bundan narahat olmağa dəyər. Yaşı 6-dan böyük olan uşaqların etdiyi oğurluq hadisəsi artıq məqsədli hesab olunur. Burada isə əsas məsuliyyət ailələrin üzərinə düşür. Valideynlər kiçik yaşlarından uşaqlara oğurluğun pis hərəkət olduğunu ona başa salmalı və özləri də maksimum dərəcədə övladlarına nümunəvi örnək olmalıdırlar. Məktəbə gedən uşaqların psixologiyası elədir ki, onlar implusiv hərəkət edirlər. Bizim valideynlər isə çox vaxt çıxış yolunu əsəbiləşməkdə, küsməkdə, aqressiv davranışlar göstərməkdə görürlər. Lakin məsələni sevgiylə, övladınıza dəyər verməklə, ona "özününkü” və "başqasınkı” məfhumlarını başa salmaqla həll etmək məqsədəuyğundur.
Ona görə də "oğurluq edəndə adamın əlini kəsirlər”, "Allah səni kor edəcək” kimi hədələrlə uşaqları qorxutmaq lazım deyil. Biz uşaqlarımızı bir fərd kimi qarşımıza qoymalı və onunla böyük bir adam kimi danışmalı, oğurluğun cinayət olduğunu ona izah etməliyik. Yaxud da uşaqları inandıra bilərik ki, sən kiminsə pulunu və ya hansısa bir əşyasını oğurlasan, o özünü pis hiss edəcək kimi empatiyalardan da istifadə etmək olar. Uşaqlara bir şey istədiyində icazə almaq vərdişi aşılanmalıdır. Uşaqlara harasa gedərkən özünü aparmaq qaydaları başa salınmalıdır. Ən qorxunc oğurluq isə yeniyetməlik dövründə baş verir. Bu artıq birmənalı cinayətdir. Onlar öz həmyaşıdları arasında öz mövqelərini sübut etmək, yaxud da özünün kimlərdənsə üstün olduğunu göstərmək üçün bu addımı atırlar. Hətta mərcləşib evdən oğurluq edən uşaqlar da var. Ən pisi də odur ki, azyaşlılardan fərqli olaraq yeniyetməlik çağında olan uşaqlar qrup halında da oğurluq edə bilirlər”.
Konkret hadisəyə gəldikdə isə psixoloq deyib ki, evdən 12 min oğurlayan uşağın bu addımı atdığını ilkin mərhələdə onun hərəkətlərindən və etdiyi xərcləmələrdən də hiss etmək olardı.
Yaxşı olar ki, valideynlər öz uşaqlarına daha çox vaxt ayırsınlar. Bəzən sadəcə diqqətsizlik və sevgisizlik də uşaqları oğurluğa vadar edir: "Uşaqlar diqqət çəkmək üçün oğurluq edə bilərlər. Ailədə kifayət qədər qayğı görməyən, daim danlanan, təhqir olunan uşaqlarda oğurluğa meyillilik görülməkdədir. Onlar bu yolla valideynin diqqətini özlərinə çəkməyə çalışırlar. Çünki onlar oğurluq edən zaman valideyn bütün məşğuliyyətini atır və onunla maraqlanır. Bəzi vaxtlar hətta tənbehin belə uşaq üçün əhəmiyyəti olmur. Onun üçün əsas odur ki, valideynin diqqətini özünə cəlb etməyi bacarıb”.
Şəymən