45 yaşından sonrakı sevgi tez “ölmür”

Bu yaşda ilk nikaha daxil olan kişilərin sayı artır


Statistik göstəricilərə əsasən Azərbaycanda 45 yaşdan sonra subay kimi ilk dəfə nikaha daxil olan kişilərin sayı qadınlarla müqayisədə daha çoxdur. Maraqlıdır, kişilər çox gec evlənir, yoxsa nikahı ahıl vaxtlarında reallaşdırırlar? Bu maraqlı mənzərənin yaranması nə ilə bağlıdı?

Fikirlərini "Şərq”lə bölüşən ekspertlər düşünürlər ki, bugünkü cəmiyyətimizdə kişilərin gec ailə qurmasının əsas səbəblərindən biri onların sosial vəziyyətinin ağır olmasıdı. Həmçinin bəzi kişilər evlilikdən və uşaq sahibi olmaqdan qorxurlar. Buna görə də gec ailə qururlar və yaxud heç evlənmirlər.

... ailə asan qurulmur, amma çox asanlıqla dağılır

Sosioloq-jurnalist Lalə Mehralının fikrincə, ən sadə mübahisənin sonunda ailə boşanmaya qərar verir. Ona görə də gənclər artıq evlənməkdən qorxurlar: 

"O toy asanlıqla edilmir, o ailə asanlıqla yaranmır, amma bircə imza ilə hər şeyi bitirirlər. Nə qədər acı səslənsə, sərt görünsə də deməliyəm ki, boşanmalarda zərif cinsin günahı daha çox olduğu üçün gənc oğlanlar daha yaxşı həyat yoldaşı seçməyi gözləyə-gözləyə yaşlarının keçdiyinin fərqində olmurlar. Bir qədər əvvəl qadın qruplarının birində rast gəldim, bu günlərdə toyu olan gənc qız yazmışdı:   

"Təsəvvür edin sizin toyunuzdur, əriniz tərəfdən şikəst, əlil biri ordan əmr edir ki, gəlin gəlsin şəkil çəkdirək, nə edərsiniz?”. Baxın, bu cür düşüncə və anlayışsızlıq o ailələrin dağılmağına səbəb olur. Oğlanlar bu kimi hallardan çəkinir, yaxın ətrafında evlənən hər 5 cütlükdən 3-ü boşanırsa, o da qorxur, necə deyərlər, süddən ağzı yanan suyu üfürərək içər. Ona görə də daha seçici olur, çək-çevir edir, evlənmək üçün ən yaxşı qisməti gözləyir.
Statistikadan hamının xəbəri var, boşanmalar kritik həddədir. Ailə quranlar 2 aydan sonra dava-qırğınla ayrılır. O qədər xərc, borc, kredit də necə deyərlər, evliliyin bonusu olur. Borca girib cehiz düzür, kredit götürüb gəlinə qızıl alır, ev bəzəyir, amma evin bəzəyi sökülməmiş, gəlinin əlinin xınası getməmiş ailə dağılır. Gənclər bir-biri ilə uyğunlaşmır”. 

Sosioloq xanım həmçinin bildirib ki, gənclərin karyera üçün şəxsi həyatını ikinci plana atması da gec evliliyə səbəb olan amillərdəndir: 

"Xüsusən də qızlar evləndikdən sonra gələcək həyat yoldaşının onun karyera qurmasına isti baxmayacağını düşünərək təhsilini bitirməyi, yaxşı iş sahibi olmağı gözləyir ki, bu da onun evlilik çağının ötməsinə səbəb olur. Oğlanlar da karyera üçün gec ailə qurur, amma onlar daha çox ailə-uşaq-ev qayğılarından azad olmaq üçün karyeralarını bitirdikdən sonra evlənməyi planlayırlar. Düzdür, bəzən də maddi sıxıntını evlənmək üçün problem görürlər. Şişirdilmiş adətlər, göstərişli toylar, dəm-dəzgahlı cehizlər evlənməyi, ailə qurmağı çətinləşdirir. Gənc oğlan evlənməyə meyillənir, amma qız evinin istəyi, qızın seçdiyi qızıl-zinət əşyaları, evin təmiri, toyun xərcləri gözünü qorxudur. Siz təsəvvür edin, sadəcə gəlin bəzəyi, saç və makiyaj 800-1000 manat arasında dəyişir. Ərə gedən qızlar çox təəssüf ki, anlayışlı deyillər, "ömrümdə bir dəfə toyum olur, onda da istədiyim stilist məni bəzəməlidir” - deyə fikirləşir, bu bəzək iki dəfə-qız və oğlan toyunda olur, nişan və xınayaxdı üçün gözəllik xərclərini də əlavə etsək, alınan rəqəm az pul deyil, o pula normal avtomobil almaq olar. Bu kimi xərcləri düşünən oğlan evlənməyin onun cibinə uyğun olmadığını fikirləşir”.

... kişilər ürəklə uşaq istəsələr də, psixoloji olaraq qorxurlar

Psixoloq Azad İsazadə 30 yaşdan sonra kişilərin ailə qurmasının problemli olduğunu deyib. Onun sözlərinə görə, insanlar gənc yaşda sevdiyi insanın mənfi cəhətlərini görmür və tez evlənirlər. Amma yaşa dolduqca daha məntiqlə düşünür və evlilik onlar üçün ikinci planda qalır:

"Biz hansısa vərdişlərə, tək yaşamağa və özbaşına qərar qəbul etməyə öyrəşirik. Həmçinin dünyagörüş genişlənir və insanların öz tayını tapması daha da çətin olur. Nə qədər çox yaş keçirsə, o qədər də xroniki tənhalıq anlayışı, psixoloji sindrom yaranır və insan istəmir ki, evində yaratdığı rejimi kimsə, hətta sevdiyi insan gəlib pozsun. Kişilərin yaşı çoxaldıqca evdə uşağın olması, onun ağlaması, pampers, yemək, gecələr yatmamaq və s. kimi hadisələr onları qorxudur və müəyyən təlaşlara səbəb olur. Amma bu hal qadınlarda hansısa narhatlıq yaratmır. Çünki onlarda fizioloji instinkt-ana olma instinkti o qədər güclüdür ki, qadın hansı yaşda olur-olsun uşağı yoxdursa, dünyaya uşaq gətirmək istəyir. Kişilər məntiqlə və ürəklə uşaq istəsələr də, bəzən psixoloji olaraq qorxuya düşə bilirlər. Fikirləşirlər ki, "artıq yaşım keçib, necə pul çatdıracam, uşağı böyütmək lazımdı, birdən tez öldüm, yetim qalar”. Ona görə də 40-45 yaş kritik yaş dönəmidir. Bu yaşdan sonra ailə qurmaq çətindir. Halbuki 60 yaşında 4-5 dəfə nikah bağlayan şəxslər var və bunu qəbul edirik. Amma bəzi kişilər xroniki tənhalığa öyrəşirlər, yalnız yaşamağa üstünlük verirlər”.

... Azərbaycan düşüncəsində belə şərt var - mütləq övladın olmalıdı

Yazar xanım Sevinc Elsevər isə düşünür ki, kişilərin gec yaşda evlənməsi onlara problem gətirmir. Onun sözlərinə görə, hazırda cəmiyyətimizdə kişilərin gec evlənməsi əsasən sosial problemlərlə bağlıdı: "Erkən nikah istər bioloji, istərsə də sosial-iqtisadi cəhətdən çox pisdi. Bu artıq dəfələrlə danışılıb və sübut olunub. Məsələn, öz ayaqları üzərində dura bilməyən 19-20 yaşlı kişi ailə quranda onun üçün çox çətin olur. Sosial və iqtisadi problemlər münasibətləri korlayır. Nə qədər insanlar bir-birini gözəl anlasalar da, aralarında sevgi və hörmət olsa da bu problemlər istər-istəməz münasibəti məhv edir. Sonra ailələr dağılır və bununla da problemlər yaranır. Kişilər niyə 28 yaşında yox, 45 yaşında evlənirlər? Bunun səbəblərindən biri məhz sosial problemlərdir. Evsizlik, ev şəraitinin olmaması, baxır ki, dostu və ya hansısa qohumu illərlə kirayədə qaldı və ona çox ağır oldu, sosial problemlərə görə ailəsi dağıldı. Bütün bunları görüb qorxurlar. Görür ki, özünün də belə problemləri var və haqlı olaraq ailə qurmur.

Bəziləri isə Rusiyaya gedir və orada pul qazanmaq istəyir, yenə də məsələnin kökündə sosial problemlər durur. Orda gəncliyi itir, bir neçə münasibətləri olsa da, bunu ciddiləşdirmir. Çünki ailəsinə qəbul elətdirə bilmir.

Düşünürəm ki, kişilərin tənhalıq qorxusu olmur. Heç qırx yaşdan sonra da onlarda qorxu olmur. Sadəcə anaları, bacıları, hətta ataları onların gələcəyi üçün narahatlıq keçirir və evlənməsi üçün təzyiq göstərirlər. Azərbaycan düşüncəsində belə şərt var ki, mütləq övladın olmalıdır. Hətta bunu dini motivlərlə də bağlayırlar. Məsələn, belə bir deyim eşitmişəm, amma nə qədər dəqiq olduğunu bilmirəm. Guya Məhəmməd Peyğəmbər deyib ki, "hər kişi həyatı boyunca bir quyu qazmalı, bir ağac əkməli və dünyaya bir övlad gətirməlidir”.

Kişilərin gec evlənməsi onlara problem gətirmir. Məsələn, qadınlar 30 yaşı keçəndə daha çox qınanırlar və təzyiqlə üzləşirlər. Bir məsələ də var. Bu gün Azərbaycanda haqlı olaraq belə bir düşüncə var, məsələn, 40-45 yaşında evlənəcəksən və uşağının gəncliyi sənin qocalığına düşəcək. Bu düşüncə yenə də sosial problemlərə görədir. Azərbaycan insanının maddi problemi olmasa və maddi məsələlər onu narahat eləməsə, heç bunu da düşünməz. Bizdə valideynlər övladlarının arxasıyca ölənə qədər sürünürlər. O övladı oxudurlar, sonra əsgərliyə gedir. Elə valideyn var həftədə bir dəfə əsgərliyə övladının yanına gedir. Oğul evlənir, onun ailəsini də valideyn saxlayır. Bütün bunlara görə də yaşlı adamlar belə qərar çıxarırlar ki, 45 yaşda evlənmək gecdi, tez olsa daha yaxşıdı. Amma kim özünü nə vaxt hazır hiss edirsə, əsl sevgisini nə vaxt tapacaqsa, onda evlənməlidir. Bəlkə bu kişi sevdiyi qadını heç tapmayıb? Sevdiyi qadın 45 yaşında çıxıb qarşısına, 30 yaşında niyə evlənsin axı?”.

Yeganə Bayramova