Məsələni problem həddinə çatdıran şadlıq saraylarında mövcud olan menyunun istisnasız olaraq hamıya nəinki təklif, hətta təkid edilməsindədir
Toylarımızı ZƏHƏRLƏYİBLƏR...
Şadlıq sarayına gedənlər şadlanmaq, sevinmək, əylənmək əvəzinə zəhərlənib xəstəxanaya düşürsə, demək, hardasa nəsə “əyri” gedir
Məsələni problem həddinə çatdıran şadlıq saraylarında mövcud olan menyunun istisnasız olaraq hamıya nəinki təklif, hətta təkid edilməsindədir
Məsələni problem həddinə çatdıran şadlıq saraylarında mövcud olan menyunun istisnasız olaraq hamıya nəinki təklif, hətta təkid edilməsindədir
Toy mövsümünün başa çatmasına sayılı günlər qalır. Məhərrəm ayı başlayır, ondan. İl ərzində (bəzi günlər xaric) toy dəvətlərinin əlindən cana gəlmiş Azərbaycan insanı Məhərrəm ayının başlanmasını səbirsizliklə gözləyir ki, toylara getməkdən müəyyən müddətə canı qurtarsın. Heç olmasa, qarşıdakı 2 aylıq fasilədə növbəti toylar üçün pul toplaya bilsin.
Amma bu dəfə elimizin toy kimi gözəl adət-ənənəsinin necə bayağılaşdığı və artıq sadəcə biznes marağına çevrilməyindən danışmayacağıq. Mövzumuz "pəjmürdə hal” (nəmər salmaq dərdindən - red.) toya gedənlərin orada nəinki keflərinin açılmaması, üstəlik, zəhərlənib xəstəxanaya düşmələri barədədi. Burda deyiblər, canın da gedir, malın da.
Tovuzdakı "Turan” şadlıq sarayında keçirilmiş toy mərasimində məhz belə hal yaşanıb. Məlumatda bildirilir ki, şadlıq sarayı toy sahibinə kirayə verilib. Bütün ərzaqlar, yeməklər toy evi tərəfindən hazırlanaraq şadlıq sarayına gətirilib. Ümumilikdə 8-i uşaq olmaqla, 51 nəfər zəhərlənib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov isə KİV-ə açıqlamasında bildirib ki, bütün qida məhsullarından nümunə götürülüb və analizə verilib. İlkin ehtimallara görə, zəhərlənməyə səbəb evdə hazırlanan yeməklər və salatlar olub.
Bənzər olay Bərdə şəhərindəki restoranlardan birində də baş verib. 7 nəfər qidadan zəhərlənib. Onların hamısı bir ailənin üzvləridir və restoranda ad günü qeyd edirlərmiş. Lakin bu da bildirilir ki, ailə üzvləri restorandan çıxdıqdan sonra evdə şam ediblər. Vəziyyətləri də bundan sonra pisləşib. Buna görə də zəhərlənmənin evdə hazırlanan qidadan olduğu ehtimal edilir.
Bütün hallarda şadlıq sarayına, yaxud restorana gedənlər şadlanmaq, sevinmək, əylənmək əvəzinə zəhərlənib xəstəxanaya düşürsə, demək, hardasa nəsə "əyri” gedir. Əslində, "əyri”ni tapmaq elə də çətin deyil. Şadlıq saraylarında masaya düzülən təamların çeşidi ilə çoxumuz tanışıq. Nədir bunlar; növbənöv soyuq qəlyanaltılar - başda "Paytaxt” salatı olmaqla "Mimoza”dan tutmuş, "Napoleon”a qədər. Broyler toyuğundan hazırlanan "löyün-löyün” yeməklər; soyutması, qızartması, çığırtması, kababı. Kolbasalar, pendir, dil, göbələk. Xüsusi ehtiyatlılıq tələb edən balıq... Sonra da gəlir, dana basdırması, lülə, tikə kabab. Bəzən sac-içi yeməkləri. Sonra plov. Bəy-gəlin tortu. Kofe. Dondurma... Bu qədər qidanı yazıq mədə necə qəbul edir, doğrusu, dərin bir araşdırma mövzusudur.
Səhər hazırlanıb axşam masaya verilən salat...
Məsələni ekspertlərlə çözməyə çalışdıq. Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri, ölkənin baş kulinarı Tahir Əmiraslanov bu fikirdədir ki, şadlıq sarayları ilə bağlı normal vəziyyətin yaranmasını istəyiriksə, bu işə aidiyyəti olmayan qurumları bu sahəyə müdaxilədən azad etməliyik:
- Hazırda şadlıq saraylarında tətbiq olunan qida reseptini Səhiyyə Nazirliyi təsdiqləyir. Sual edirəm?
Qida resepturasını təsdiqləmək Səhiyyə Nazirliyinin işidirmi? Məgər həkimlərə kulinariya dərsi keçirlər, bizim xəbərimiz yoxdur? Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ancaq sanitar normalara riayət edilib-edilmədiyinə cavabdehlik daşımalıdır.
Qidanın tərkibinin sanitar-gigiyenaya nə dəxli var?! Restoran biznesi haqqında qanuna görə, menyü, qidanın texnoloji kartları, menyünün tərkibi mütəxəssislər tərəfindən təsdiqlənməlidir. Mütəxəssis də kim ola bilər? Kulinarlar. Aşbazlar. Kulinariya sənətini bilənlər. Səhiyyə Nazirliyinin və ya Gigiyena Epidemiologiya Mərkəzinin əməkdaşları bilirmi ki, "Paytaxt salatı”nın tərkibi nədən ibarət olmalıdır? İnanın ki, bunu heç illərlə restoran işlədənlər də dəqiq bilmir.
Bizim ölkədə hazırlanan "Paytaxt salatı” əsl "Paytaxt salatı” deyil. Onun şəklini, tərkibini dəyişmiş formasıdır. İstehlakçı hüquqları harada pozulur? "Paytaxt salatı”nın qiymətini 40 manat təyin edirlər. Amma istehlakçı bilmir ki, ona bu salatdan neçə qram verilir və hər qramın qiyməti neçədir. Salat səhər hazırlanır, axşam masaya verilir. Səhərdən axşamadək uyğunsuz bir şəraitdə saxlanan salat, əlbəttə, zəhərlənmə verəcək. Hələ mən bir gün əvvəldən hazırlanan, lakin istehlak olunmamış salatları demirəm. Bəzən toyda köhnə qidalar da masaya düzülür.
Ona görə də zəhərlənmə faktları qeydə alınır. Toy sahibi nə istəsə sifariş edə bilər. Bu, hər kəsin şəxsi işidir. Məsələni problem həddinə çatdıran şadlıq saraylarında mövcud olan menyunun istisnasız olaraq hamıya nəinki təklif, hətta təkid edilməsindədir. Şadlıq saraylarının məlum menyüsü var və onlar menyüdən heç nəyi çıxarmırlar.
Deyirlər, budur, razısansa, gəl, razı deyilsən, xoş getdin. Elə şərait yaradılmalıdır ki, sifarişçi öz təkliflərini verə bilsin. Şadlıq sarayının icarə haqqını ödədikdən sonra yerdə qalan məsələlərdə istədiyi kimi davransın. Məsələn, sifarişçi şadlıq sarayının aşbazları əvəzinə özü aşbaz gətizdirə bilər. Menyünü özü tərtib edər və s. Qaydaları istehlakçı diktə etməlidir. Niyə kimsə mənə göbələk salatını, zorla yedirtməlidir? Yemirik, amma pulunu ödəyirik. Bu da növbəti qanun pozuntusudur.
Mədəni doldurmaq olmaz
T.Əmiraslanov restoran və şadlıq saraylarında qida texnoloqlarının, mütəmadi həkim müayinəsindən keçən ofisiantların çalışmasını vacib sayır:
- Bizə xidmət göstərən ofisiantın, yemək bişirən aşbazın sağlamlığına necə əmin ola bilərik? Onların çoxunun heç əmək müqaviləsi olmur. Günəmuzd işləyirlər. Şadlıq saraylarında vergidən yayınma halları baş alıb gedir. Çünki sistem düzgün qurulmayıb. Toy biznesi buna imkan vermir. Mən şadlıq sarayları sahiblərinə hansısa kobud formada təzyiq edilməsinin də tərəfdarı deyiləm. Təzyiq edəcəklər, yüzlərlə adam işsiz qalacaq. Təzyiqlər başqa kənar təsirləri yaradacaq. Kimlərsə vəziyyətdən yararlanıb, əlavə gəlir mənbəyi əldə edəcəklər. Halbuki bu problemi ustalıqla yoluna qoymaq olar. Azərbaycan mətbəxində "salat” adında qida növü yoxdur. Azərbaycan mətbəxinin özəlliyi ondadır ki, pomidor-xiyar doğranmamış, bütün şəkildə masaya qoyulur. İstəyən ondan dadır. Azərbaycan mətbəxinə aid yeməklərdə bütün inqridiyentlər xörəyin içində olur. Turşusu da, pomidoru da, soğanı da. Yanında da göy-göyərtisi. Niyə mən toyda 10 cür qida qəbul etməliyəm? Mədəni bu qədər doldurmaq olmaz. Hər qidanın həzm olunma müddəti var. Müxtəlif tərkibli qidalar biri-birinə qarışdıqda həzm prosesi gecikir, həzm sistemi pozulur, nəticədə ümumilikdə mədə-bağırsaq sistemində pozuntu əmələ gəlir. Zəhərlənmələr də belə baş verir. Mədə bu qədər ağır yeməyi həzm etmək gücündə olmur.
Qidalar masaya gəlməmiş yoxlanmalıdır
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ümumiyyətlə, xidmət sahəsində xaotik vəziyyət olduğunu dedi:
- Şadlıq sarayları ilə bağlı vəziyyət də olduqca bərbaddır. Restoran sahibləri ilə sifarişçi arasında müqavilə imzalanmasını biz illərdir deyirik. "İstehlakçı hüquqları haqqında” qanunda da, Mülki Məcəllədə də həmin şərtlər göstərilib. Qida standartları da neçə il öncə hazırlanıb və qəbul edilib. Çox da gözəl sənəddir. Amma nə olsun? Ona riayət edən kimdir?! İstehlakçı ilə heç kim müqavilə bağlamır. Bizə şikayət edən istehlakçıların hüquqlarını da lazımi şəkildə qoruya bilmirik, çünki heç bir sənəd təqdim edə bilmirlər. Nə qədər ki, tələb təklifi üstələyir, vəziyyət dəyişməcəyək. Şadlıq saraylarına 2 ay əvvəldən növbəyə dayanırlar. O şadlıq sarayı şərtlərini dəyişərmi? Güzəştə gedərmi? Nə qədər ki, Azərbaycan vətəndaşının toy xəyalı bitib-tükənmir, əvvəlcə özünün, sonra övladının, ondan sonra da nəvəsinin toyunu edəcəyi günü gözləyir, şadlıq saraylarındakı bu əcaib durum da davam edəcək. Şadlıq sarayları ilə bağlı biabırçı vəziyyəti dəyişməyin bir yolu var, o da onlardan imtina etməkdir. Sahibkar görəndə ki, qapısını açan yoxdur, qaydalarda dəyişiklik etmək məcburiyyətində qalacaq. Mən oğlumun toyunda aşı masaya birinci gətirtmək üçün canımı qoydum. Bəlkə də ömrümün neçə ilini bu mübahisələrdə itirdim. Amma sonunda nail oldum.
Düyü müqəddəs nemətdir. Niyə onu ən sonda gətirib hörmətsiz şəklə salmalıdırlar. Toylarda aş yeyilmir. Çünki ona qədər mədə artıq hər cür lazımsız qida ilə doldurulmuş olur. Toy sahibi masaya düzülmüş yeməklərin pulunu ödəyir. Baxmayaraq ki, çoxundan ümumiyyətlə, kimsə dadmır. Əvvəlki gün toydan qalan yeməkləri ertəsi günü toyda təkrar masaya gətirirlər. Əlbəttə, zəhərlənmə olacaq. Lap qidalar köhnə olmasa da, üst-üstə gah soyuq, gah da isti yemək yeyən adamın zəhərlənməsi "iki vur iki”dir.
Çünki bu qidalar heç bir qurum tərəfindən yoxlanmır. Yalnız zəhərlənmə baş verdikdə qidalardan nümunələr alınır. Niyə gözləməliyik ki, kimsə zəhərlənsin, sonra qidanın keyfiyyətli olub-olmadığı yoxlansın. İnsanlara təqdim edilən qidalar masaya gəlməmiş yoxlanmalıdır. Belədə bədbəxt hadisələrin qarşısını almaq daha asan olacaq.
Məlahət Rzayeva