Amma həmin taksi daşımaları şirkətləri keyfiyyətə və təhlükəsizliyə də təminat verməlidirlər
Son illər vətəndaşların mobil çağırış vasitəsilə xidmət göstərən taksilərdən istifadəsi xeyli artıb. #9933, #9111, #8555, #189 və bir çox taksi fəaliyyəti ilə məşğul olan şirkətlər xidmətlərin ucuzluğu ilə seçilsə, də müştərilər bu vəziyyətdən olduqca məmnundur. Hətta aparılan sorğular nəticəsində bəlli olub ki, insanların əksəriyyəti #9933 xidməti ilə fəaliyyət göstərən taksiləri daha çox bəyənirlər.
Buna baxmayaraq operativlik baxımından #9111 və #189-u bəyənənlər də var. Maraqlıdır, qiymətlərin ucuz olması şirkətlərin gəlir əldə etməsini necə tənzimləyir? Tariflərin azlığı özəl şirkətlər arasında rəqabətin olması anlamına gələ bilərmi?
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubovun "Şərq”ə açıqlamasına görə, taksi daşımalarında tariflərin müəyyən olunması qaydaları var. Ekspert bildirib ki, taksi fəaliyyəti zamanı kilometrə və vaxta görə qiymət müşahidə olunur:
"Məsələn, elə şəxs var taksi sifariş verir və sürücü yarım saat evin yanında dayanır. Daha sonra müştərini 10 kilometr məsafədə ünvana aparır. Yarım saat dayanmağın və 10 kilometr yolun qiyməti ayrı-ayrılıqda hesablanır.
Taksi daşımalarında bir əsas məsələ nəzərdə tutulmalıdır. 1-ci taksi daşımalarında xidmətin keyfiyyəti yüksək olmalıdır. Vaxtilə taksi sürücüləri şəhəri yaxşı tanıyan, yaxşı ünsiyyət yaradan, xidmət göstərməyi bacaran sürücülər kimi nəzərdə tutulurdu. 2-cisi hərəkətin təhlükəsizliyi tam təmin olunmalıdır. #9933 və müəyyən taksi xidməti ilə məşğul olan şirkətlərin işini pis qiymətləndirmirəm. Nə qədər tarif aşağı olsa, əlbəttə ki, insanlar iqtisadi cəhətdən rahat istifadə edə bilərlər. Amma həmin taksi daşımaları şirkətləri keyfiyyətə və təhlükəsizliyə də təminat verməlidirlər. Açıq deyim ki, hazırda Bakı şəhərində taksi daşımaları demək olar ki, yaxşı vəziyyətdə deyil.
Çünki taksi daşımaları üçün nəzərdə tutulan nəqliyyat vasitələri xüsusi avadanlıqlarla təchiz olunmuş, qapısı rahat açılan, texniki cəhətdən tam saz olmalıdır. Şəhərdə müəyyən yerlər var ki, ictimai nəqliyyat ora gedə bilmir, amma taksilər hər yerə gedə bilirlər.
Tarif qiymətlərini aşağı salmaq hər bir taksi şirkətinin öz işidir. Əgər onlar mənfəət əldə edə bilməsələr, heç vaxt qiyməti aşağı etməzlər. Ümumiyyətlə, nəqliyyatda rentabellik deyilən bir mövzu var. Şirkətlər istəmir ki, bir neçə gedişdə birdən-birə çox gəlir əldə eləsinlər. Əgər onlar xidmət keyfiyyətini artırsalar, müştərilər çoxalsa, daha çox qazanc əldə edərlər.
Bir var gündə 3 müştəriyə xidmət göstərib 2 manat xeyir götürsünlər, bir də var ki, 10 müştəriyə xidmət göstərib hərəsindən 1 manat götürsünlər. Şəxsən mən son zamanlar taksi daşımalarından o qədər razı deyiləm. Çünki taksi fəaliyyəti ilə hər adam məşğul ola bilməz. Amma indi hər kəs bu işlə məşğul olur və deyirlər ki, "mən ailəmi necə dolandırım?”. Köhnə maşın alır və onunla taksi xidməti göstərir. Əslində bu, düzgün fikir deyil”.
Yeganə Bayramova