"Türk türkə küfr edərmi?" - Türkiyə alimləri "Şərq"in qonağı oldular

Bakının daşnak-bolşevik işğalından azad edilməsinin ildönümü günü «Şərq»qin qonaqları qardaş Türkiyədən oldu. Bakıya ortaq türk tarixi ilə bağlı simpoziumda iştirak etmək üçün gəlmiş Hacəttəpə Universitetinin professoru Tufan Gündüz və Qazi Universitetinin professoru Arif Sarı "Şərq"in qonağı oldular.
Qonaqları qarşılayan «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı qonaqları redaksiyada qarşılamaqdan məmnunluq duyduğunu bildirdi:
- Sağ olun ki, vaxt darlığı içində imkan tapıb «Şərq»ə gəldiniz.
T.Gündüz:
- Bizə Türkiyədə, Siz və "Şərq" qəzeti barəsində çox danışıblar. Yucel Karauz da məsləhət bildi və Sizə salamlarını çatdırmağımızı xahiş etdi. Sonra bildirdi ki, qəzet redaksiyasında mətbuat tarixi muzeyi fəaliyyətdədir, hesab etdik ki, buranı mütləq ziyarət etməliyik. Uçağa tələsirik, amma buranı ziyarət etməyi lazım bildik.
Sonra Akif Aşırlı «Şərq» qəzetinin fəaliyyəti, Azərbaycanın media mühiti və burada yaradılmış Mətbuat Tarixi Muzeyi, ayrı-ayrı otaqlarda nümayiş olunan eksponatlar barədə məlumat verdi. Azərbaycan milli mətbuatının beşiyi başında duran Həsən bəy Zərdabinin oğlu Səffət Zərdabinin Türkiyəyə bağlılığı, Hacı Səid Ünsizadənin Sultan Əbdülhəmidin sarayında çalışması, Məhəmməd Əmin Rəsulzadənin Azərbaycanda, Türkiyədə, Almaniyada, Ankarada nəşr etdirdiyi mətbuat nümunələri və nadir nüsxələr qonaqları heyrətləndirdi. Əslində, Azərbaycan mətbuat tarixinin şərəfli səhifələrini təşkil edən bu mətbu orqanların qardaş Türkiyədə nəşri bir millətin övladlarının birgə istiqlal mücadiləsinin örnəyidir.
Qonaqlar mətbuat tariximizin bütün dövrlərini əks etdirən fotolar, arxiv sənədləri, yazarlar, ziyalılar barədə məlumatlandırıldılar.
Professor Tufan Gündüz Türkiyədəki tələbələrinin Bakıya səfərlərini təşkil etmək və onların burada arxivlərdə çalışmaq istəyini dilə gətirdi. «Şərq» qəzetinin baş redaktoru bunun üçün tələbələrin siyasi partiyalar və mətbuat tarixi ilə bağlı müxtəlif arxivlərdə çalışmalı olacaqlarını vurğuladı:
- Mətbuat tarixini araşdırmaq üçün mütləq arxiv materialları ilə tanış olmaq lazımdır. Çünki istənilən ictimai-siyasi dövrün ab-havasını ən gözəl yansıdan o dövrdə çıxan qəzetlərdir.
T.Gündüz A.Aşırlının «Nargin adasında türk əsirləri» kitabı haqqında məlumatlı olduğunu dedi. A.Aşırlı isə bu həqiqətlərin məhz mətbuat tariximizin araşdırılması nəticəsində üzə çıxdığını bildirdi. Və kitabın Türkiyədə də nəşr edildiyini xatırlatdı.
Bundan məmnun qalan T.Gündüz: «Elə isə mən onu bulurum» dedi.
T.Gündüz Səfəvilər tarixini araşdırdığını və bununla bağlı kitab nəşr etdirdiyini söylədi:
- Mən İranda oldum, fars dilini öyrəndim və sənədlərlə tanış olmaq imkanı əldə etdim. Sənədlərə baxdıqca, gördüm ki, qızılbaşlar türklərdir. Səfəvi bir türk dövlətidir. Şah İsmayıl Xətai türkdür. Türkiyədə bu barədə danışanda bəziləri qəbul edir, bəziləri isə «aa, sən qızılbaşlardan yanasın» deyirlər. Bir tarixçi də kimdənsə, nədənsə yana olurmu heç?! Bu, futbol taqımı deyil ki, hansınısa tutasan (azarkeşlik edəsən - red). İranda bir türkə küfr edilirsə, Azərbaycanda bir türkə küfr edilmiş sayılır, Azərbaycanda da bir türkə küfr edilirsə, Türkiyədə türkə küfr edilmiş sayılır. Mənim üçün həmişə bu ölçülər olub. Biz türk tarixinə hər zaman bütün olaraq baxmağı üstün tutmuşuq.
A.Aşırlı:
- Biz də həmişə öz çıxışlarımızda deyirik ki, Qafqaz İslam Ordusu bizim ortaq dəyərimizdir. Sizin məhz bu gün – 15 sentyabr Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edildiyi gün bura gəlməyiniz xoş təsadüfdür. Bura gəlməklə bizlərə şərəf verdiniz.
Sonra qonaqlar redaksiya heyəti ilə xatirə şəkli çəkdirdilər.
Məlahət Rzayeva