SOS ! "Metro stansiyalarının çıxışında görmə eynəkləri satılır" - Ayaqüstü yoxlayıb, alırlar

"Gözü zəif olan insanlara mütləq resept yazılmalıdır. Yalnız bunun əsasında eynək satıla bilər”.
Bunu "Sherg.az”a küçələrdə, metro stansiyaların çıxışında satılan görmə eynəkləri ilə bağlı danışarkən tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyib. 
O diqqətə çatdırıb ki, gözdə astiqmatizm kimi problemlər olduqda həkim nəzarəti olmadan eynək alınmamalıdır:
"Dioptriya – bəbəklər arasındakı məsafə hər kəsdə fərqli olur. Bu, həkim tərəfindən yoxlanılmadıqda təsadüfi yerdən alınmış eynək görmə qabiliyyətini daha da zəiflədə bilər. Gözün görmə dərəcəsi ilə yanaşı eynəyin hazırlandığı şüşənin ölçüləri də fərqlidir. Adi, kompüterdə işləmək üçün, sadəcə kitab, qəzet oxumaq üçün nəzərdə tutulan, uzağı görmə üçün lazımlı şüşələr var. Optikalarda çox zaman həkimlər, okulistlər olur və onlar yoxlayıb, rəy ver bilirlər.
Təsadüfi yerlərdən alınmış görmə eynəkləri gözdə qaşıntı, qızartı yarada, görmə qabiliyyətini pisləşdirə bilər. Bu baxımdan eynəklərə mütləq həkim rəyi verilməli, peşəkar apteklərdən, optikalardan eynək alınmalıdır”.
Qeyd edək ki, axşam saatlarında məxsusi olaraq metronun 20 yanvar stansiyası ətrafında ucuz qiymətə görmə eynəkləri satılır. Təssüf doğuram məqam isə odur ki, bu "satıcıların" müştəriləri də az olmur. Elə ayaqüstü eynəkləri bir-bir gözlərinə taxıb yoxlayırlar və "bu mənim ölçümdür" deyi" alırlar. Şübhəsiz ki, mənşəyi məlum olmayan materiallardan hazırlanan bu eynəklər sonradan çox ağır fəsadlara yol açır.
Aysel Aslan