Faciəyə aparan yol ailədən başlayır

“Necə olur ki, 16 yaşlı uşaq atasının avtomobilini sürmək icazəsi alır?”





Füzuli rayonunda iki yeniyetmənin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az xəbər verir ki, Zobucuq kəndi yaxınlığında dərəyə aşaraq yanan avtomobili sürən "Qayıdış-5” qəsəbə sakini, 2002-ci il təvəllüdlü Dadaşzadə Yusif Seymur oğlunun sürücülük vəsiqəsi olmayıb.

Həmin qəsəbədəki orta məktəbin 9-cu sinfində oxuyan Yusif digər məktəb yoldaşları ilə birgə atasına məxsus "Mercedes” markalı 99 DA 994 qeydiyyat nömrə nişanlı avtomobili yüksək sürətlə idarə edərkən qəzaya düşüb. Maşın yoldan çıxaraq dərəyə aşıb. Sakinlərin köməkliyi ilə yaralılar maşından çıxarılıb. Az sonra isə avtomobil alışmağa başlayıb.

Qeyd edilir ki, qəzada avtomobildə olan 4 nəfərdən sürücü Y.Dadaşzadə və 2002-ci il təvəllüdlü Rüstəmov Rəşad Rəhim oğlu həyatını itirib. Digər sərnişinlər 2002-ci il təvəllüdlü Quluzadə Nicat Səxavət oğlu və 2003-cü il təvəllüdlü Abdullayev Elçin İsmayıl oğlu Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bu hadisə, məhz yeniyetmələrin iştirakı ilə törədilən çoxsaylı qəzalardan biridir. Ötən il "Son zəng”i bayram etmək üçün valideyninin avtomobili ilə gəzməyə çıxan yeniyetmə ağır qəza törətmişdi, özü və yanındakı sinif yoldaşı həyatını itirmişdi. Təbii ki, 9-cu sinif şagirdinin sürücülük vəsiqəsinin olması qeyri-mümkündür. Bu yaşda yeniyetməyə sürücülük vəsiqəsi verilə bilməz. 

Bəs necə olur ki, sürücülük vəsiqəsi, eləcə də avtomobil idarə etmək təcrübəsi olmayan yeniyetmə atanın maşını ilə qəza törədir?

Nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli "Şərq”ə açıqlamasında sürücülük vəsiqəsinin qanunla yalnız 17 yaşı tamam olmuş şəxslərə verildiyini dedi:

- Bəzən insanlar peşə məktəbində sürücülük peşəsinə yiyələnməklə sürücülük vəsiqəsi alınmasını qarışdırırlar. Yeniyetmə orta məktəbin 9-cu sinfini bitirib təhsilini texniki-peşə məktəbində davam etdirmək hüququna malikdir. İstənilən yeniyetmə peşə məktəbində sürücülük peşəsi üzrə də təhsil ala bilər. Lakin onun peşə təhsili alması sürücülük vəsiqəsinə sahiblənməsinə əsas vermir. Sürücülük vəsiqəsi almaq üçün gərək vətəndaşın 17 yaşı tamam olsun. Yəni, sürücülük təhsili almaq sürücülük vəsiqəsi almaq hüququ vermir. Xəbərdə qeyd olunur ki, avtomobil qəzasında həyatını itirənlər 15-16 yaşlı yeniyetmələrdir. Allah hər ikisinə rəhmət eləsin, ailələrinə də başsağlığı veririk. Qəzada xəsarət alanlar da inşallah sağalar. Həqiqətən, ağır faciədir. 

Amma faciəyə aparan yol, inanın, ailədən başlayır. Necə olur ki, 16 yaşlı uşaq atasının avtomobilini sürmək icazəsi alır? Ona bu icazəni kim verir? Bəlkə də bu uşaq atasının maşınını əvvəllər də alıb sürürmüş. Bəlkə də atası və ya qohumlardan kimsə ona avtomobil idarə etməyi, "öyrədib”. Faciənin birinci səbəbkarı valideyn məsuliyyətsizliyidir. Bəzən şahidi oluruq ki, valideyn uşağa hədsiz səlahiyyətlər verir. İstəklərinə qarşı çıxmır. Oğul deyir "ata, ver maşını bir az sürüm”, ata da "yaxşı, bu həndəvərdə "fırlan” deyib, avtomobili verir. Daha düşünmür ki, axı bu, uşaqdır, təcrübəsi yoxdur. Avtomobilin sükanı arxasına keçəndə, ehtiyatlı olmağı unudacaq, hissə qapılacaq, sürəti artıracaq. Valideynlər övladları qarşısında lazımi sədlər qoymur və bəzən də bu səhlənkarlıqları, aşırı övlad sevgisi faciələrlə nəticələnir. 

İkinci səbəbkar isə Dövlət Yol Polisi əməkdaşlarıdır. Yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat qəzaları adətən bölgələrdə baş verir. Şəxsən şahidi olmuşam ki, rayon yerində yol polisi əməkdaşı sükan arxasında yeniyetmənin əyləşdiyini görüb, lakin avtomobili saxlatdırmayıb. Çünki rayon yerində hamı biri-birini tanıyır. Kimin avtomobili olduğunu da dövlət nömrə nişanından, maşının rəngindən, markasından da çox gözəl bilirlər. Bilirlər ki, maşın kimə məxsusdur, ona görə də saxlatdırmırlar. Faciə baş verən bölgədə sükanın arxasında yeniyetmənin olduğunu, üstəlik də avtomobilin yüksək sürətlə hərəkət etdiyini görən yol polisi onu dərhal saxlatdırmalıydı.

İ.Hüseynli sürücülük vəsiqəsinin verilməsində korrupsiya hallarının qaldığını da təəssüflə qeyd etdi:

- Sürücülük vəsiqəsinin dövlət rüsumu 17-18 manatdır. Amma bəzən sürücülük vəsiqəsi heç bir kurs keçməmiş, yol hərəkəti qaydalarını öyrənməmiş şəxslərə böyük məbləğdə pula satılır. Son zamanlar yol-nəqliyyat qəzalarının artmasının bir səbəbi də məhz budur. Naşı sürücülər yollarda şütüyür.

Məlahət Rzayeva