Prezident İlham Əliyev "Yol hərəkəti haqqında” qanuna əlavə və dəyişiklik edilməsi ilə bağlı təklif irəli sürüb. Qanunun 33-cü maddəsinin 3-cü bəndinə edilən əlavəyə görə, "A”, "B” və "C” kateqoriyaları ilə yanaşı "B1” və "C1” altkateqoriyaları müəyyənləşir və 18 yaşdan etibarən istifadə hüququna şamil edilir.
4-cü bəndə edilən əlavəyə görə, "BE” kateqoriyası ilə yanaşı "C1E” altkateqoriyası müəyyənləşdirilir və 19 yaşdan etibarən istifadə hüququ verilir. 6-cı bəndə edilən əlavə və dəyişikliyə görə isə "D” kateqoriyası ilə yanaşı "D1” altkateqoriyası müəyyənləşdirilir və 23 yaşdan etibarən istifadə hüququna şamil edilir.
Qeyd edək ki, "B1” altkateqoriya trisikl (tricycles) və kvadrosikl (quadricycles) nəqliyyat vasitələri növünə aiddir. "C1” altkateqoriya isə 3,500-7,500 kiloqram ağırlığında kiçik və orta yük maşınlarını, römorklu yük maşınlarını (750 kq-dək ağırlıqlı) idarə etməyə imkan verir. "C1E” altkateqoriyası bir ağır tonnajlı yük avtomobili (TİR) ilə orta yük maşınlarına, "D1” minibus (8-15 sərnişin daşıma) nəqliyyat vasitələrinə aiddir.
Qanuna edilən əlavə dəyişikliklərlə bağlı "Şərq”ə danışan Avtosfer.az saytının baş redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, yeni altkateqoriyalar üçün imtahan vermək xüsusi bir çətinlik yaratmayacaq:
"Tutaq ki, sürücünün başqa kateqoriya vəsiqəsi var. O gedib B1 və ya C1 kateqoriyası üçün də imtahan verə bilər. Məsələn, B kateqoriyası olan sürücü avtomobil idarə edir, amma trisikl və kvadrosikl da idarə etmək istəyir. Belə nəqliyyat vasitələri idman meydançalarında, istirahət mərkəzlərində daha çox olur. Təəssüf ki, bu nəqliyyat vasitələri ilə yol nəqliyyat hadisələri də baş verir. Bu cür nəqliyyat vasitələri istehsal olunur, lakin onların idarəetmə mexanizmi yoxdur. Motosikl üçün kiminsə sürücülük vəsiqəsi ola bilər, amma kvadrosikl, trisikl başqa mexanizmə aiddir. Bu nəqliyyatları idarə eləmək üçün yeni sürücülük vəsiqəsi alıb, müvafiq kateqoriyanı əldə etmək lazımdır”.
E.Muradlı ölkəmizdə olan sürücülük vəsiqələri ilə bağlı bir sıra çatışmazlıqları da diqqətə çatdırdı: "Azərbaycan əlifbasında "ə”, "ü”, "ö” kimi hərflər Avropa ölkələrində istifadə olunmadığı üçün hərflər tanınmır və problemlər yaranır. Təcrübə göstərir ki, bu, Avropa Kommersiyasına uyğun deyil. Kommersiyaya qoşulduğumuz üçün Avropa ölkələrinə uyğun vəsiqələr buraxmalıyıq. Bakı Dövlət Yol Polisi İdarəsi də 2 ay bundan öncə açıqlama vermişdi ki, bu məsələ ilə bağlı parlamentə müraciət olunub və qanunvericilikdə dəyişiklik ediləndən sonra vəsiqələri dəyişə bilərik. Yəqin ki, cənab prezident də mətbuatda gedən müzakirələrdən dolayı belə bir təkliflə çıxış edib”.
Yeganə Bayramova