İgid əsgər...
Azərbaycan əsgərinin hərbi-vətənpərvərlik tərbiyəsi. Vətənə, dövlətə, hərbi anda sədaqət, hərbi dostluq, şücaət, igidlik və qəhrəmanlıq
Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Mayası qorxmazlıq, igidlik və vətənpərvərliklə yoğrulan bu xalq əyilməzliyini hər zaman sübut edib. Hər bir millət gələcəyə qəhrəman övladları ilə gedər. Qəhrəmanları olmayan millət tarixin sınaqlarından keçə bilməyəcək, dar və dolanbac döngələrdə azıb qalacaq. Qəhrəmanlığı edənlər də, onu tarixə yazanlar da vətənin igid övladlarıdır. Ölümdən qorxmadan, sağlamlığını itirmək bahasına olsa belə vətən, torpaq, azadlıq uğrunda mübarizəsindən dönməyən əsgərlərimiz var.
Əsl ləyaqətli, qəhrəman əsgər isə təkcə ordu sıralarında, komandirlər, xüsusi təlimatçılar və nizamnamə vasitəsilə hazırlanmır. Bəzən qəhrəmanlar fitrətən anadan qəhrəman doğulur. Amma çox hallarda qəhrəmanı onun ailəsi, cəmiyyət və zaman yetişdirir. Yetkin adam üçün qəhrəmanlıq əvvəlcə onun düşüncəsində yaranır, həyat amalına çevrilir, varlığına hakim kəsilir.
Vətənə sonsuz sevgisi olan, hərbi sirlərə sadiq, yüksək döyüş ruhunda xidmət edən əsgərlərə malik ordu, ən qüdrətli ordudur. Vətənpərvərlik bir fərdin ölkəsinə duyduğu sevgi və bağlılıqdır. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun da dediyi kimi, ən müasir silahı da idarə edən əsgərdir. Bunun üçün də Azərbaycan Ordusunda gənc əsgərlərin hazırlığına daim yüksək diqqət göstərilir.
Xalqımızın qəhrəmanlıq simvolu - Mübariz İbrahimov...
Heç kəs anadan qəhrəman doğulmur. Onu yaşadığı zaman, ətrafında cərəyan edən hadisələr, malik olduğu xarakter yetişdirir. Mübariz Qarabağ müharibəsi ilə həmyaşıd idi. Ağlı kəsəndən, dili söz tutandan evdə, məktəbdə, televiziya verilişlərində erməni vəhşilikləri barədə çox görüb eşitmişdi. 4 yaşındaydı Xocalı faciəsi baş verəndə. Məktəbdə Xocalı faciəsindən inşa yazanda, tədbirlərdə iştirak edəndə, televiziyada erməni vəhşiliklərini əks etdirən süjetlərə baxanda onunla həmyaşıd olan uşaqlara, qadınlara, ağsaqqallara, ağbirçəklərə yalnız azərbaycanlı olduğuna görə erməni cəlladlarının işgəncələr verərək öldürdüklərini görəndə, tərtəmiz ürəyinə göstərəcəyi qəhrəmanlığın ilk sətirləri yazılırdı.
Mübariz ona qoyulan adı doğrultdu. Adının möhtəşəmliyini, Vətənin, torpağın yaddaşına yazılan əbədiyaşarları zamanın küləkləri, tufanları silə bilməyəcək. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca idi. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir!
Hərənin öz yolu var deyirdi. "Mən yolumu seçmişəm. Düşməndən ürəyimcə qisas almasam, elə bilərəm ki, Allahım da, valideynlərim də məni bağışlamaz. Vətənin azadlığı üçün qurban lazımdırsa, biri mən...”
Şəhidlik yenilməzlik əlamətidir. Mübariz işğal altında olan Vətən torpaqlarımızın, boynu bükük dağlarımızın, məlul baxışlı meşələrimizin, dili kilidlənmiş bulaqlarımızın həsrətini çəkirdi. Dözə bilmirdi bunlara. Sözünün əvvəli də, axırı da Vətən idi. Vətəni qorumağı, şəhid olmağı bir övlad kimi şərəf borcu sayırdı. Mübariz İbrahimov adı bizim üçün qəhrəmanlıq simvolu olmaqdan əlavə müasir Azərbaycan tarixinin təkrar olunmayacaq vətənpərvərlik nümunəsi idi...
Hərbi-vətənpərvərlik məktəblərdə təlqin olunmalıdır...
Azərbaycan ordusu və xalqının düşmənlə mübarizədə göstərdiyi qəhrəmanlıqların, igidliklərin öyrənilməsi məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi üçün xüsusi əhəmiyyətə malikdir. Hərbi-vətənpərvərlik tərbiyəsini təkcə təlim prosesində aparılan işlərlə məhdudlaşdırmaq olmaz. Bu işdə sinifdən və məktəbdənkənar tərbiyə işlərinin müxtəlif formalarından, yol və vasitələrindən istifadə etmək lazımdır.
Azərbaycan Silahlı Qüvvələrinin şanlı qəhrəmanlıq tarixi ilə tanışlıq gənclər üçün zəruri olan cəsurluq və şücaət, mərdlik, xalqa və vətənə sədaqət kimi keyfiyyətlər tərbiyə edir. Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin bütün sistemi gənclərin qəlbində yaşlı nəslin keçmiş ənənələrinə yüksək inam və sədaqət hissini alovlandırmalı, hər bir oğlan və qız dərindən hiss etməlidir ki, o, öz babalarının, atalarının və böyük qardaşlarının dönməz davamçısıdır. Məktəbdə hərbi-vətənpərvərlik tərbiyəsinin əsas məzmununu məhz bu prinsip təşkil edir. Tərbiyə işinin bu mühüm sahəsi məktəblilərin əsgəri hissələrlə dostluq əlaqələrindən, onlarla görüşlərdən, mövsümi sərgilərin təşkilindən qaynaqlanır. Hazırda hərbi-vətənpərvərlik tərbiyəsi bütün pedaqoji kollektivlərin, ictimai təşkilatların müntəzəm məşğul olduğu bir sahəyə çevrilib.
Millət vəkili Fazil Mustafa da orta məktəb illərindən başlayaraq uşaqlara hərbi vətənpərvərlik hisslərinin aşılanmasının vacib amil olduğunu bildirdi: "Vətənpərvərlik, igidlik və qəhrəmanlıq kimi keyfiyyətlər yalnız orduda təlqin edilməməlidir. Gənclərə bu keyfiyyətləri düzgün aşılayan müəllimlərin olması da yetərincə vacib məsələdir. Uşaqların vətənpərvərlik, şücaət və qəhrəmanlıq kimi hisslərə sahib olması üçün onların hədəfi olmalıdır. Ölkəmizdə bu istiqamətdə müəyyən işlər görülür. Amma televiziya kanallarının da vizual olaraq hərbi-vətənpərvərlik tərbiyəsinə xidmət etməsi olduqca vacibdir. Çünki gənclər daha çox filmlər vasitəsilə bilgi əldə edirlər. Hər şeyi ordunun üzərinə yıxırıq, amma bu düzgün deyil. Əgər bir gənc ailədə və məktəbdə vətənpərvər olaraq böyüməyibsə, döyüşə fiziki olaraq hazır deyilsə, onun vətənpərvərliyinin də bir mənası olmur. Silahla davranmaq, müəyyən fiziki çətinliyə dözmək kimi keyfiyyətlər də əsasdır. Bu baxımdan kompleks tədbirlər düşünmək lazımdır. Daha hazırlıqlı, igid, sədaqətli və ağıllı gənclərin yetişməsi onların vətənpərvərliyinin göstəricisidir. Çünki yaxşı əsgər məhz bu xüsusiyyətlərə sahib olmalıdır”.
Aprel döyüşləri şanlı tariximizdir...
2016-ci il aprelin 1-dən 2-nə keçən gecədən başlayan münaqişə xalqımızın vətənpərvər oğullar yetişdirdiyini bir daha sübut etdi. Aprel döyüşləri ordumuzun yeni qəhrəmanlıq salnaməsi idi. Düşmənlə təmas xəttində baş verən "dördgünlük müharibə” göstərdi ki, Azərbaycan Ordusu qüdrətli və yenilməzdir. Bu qeyri-bərabər döyüşdə Azərbaycan Ordusunun generalından tutmuş sıravi əsgərinə qədər hamı bir nəfər kimi doğma Vətən uğrunda canından keçməyə köklənmişdi. Baş verən toqquşmalarda Azərbaycan Silahlı Qüvvələrinin 93 hərbi qulluqçusu həlak oldu. Həlak olanlardan 52 nəfəri əsgər, 10-u Müddətdən artıq Hərbi Xidmət Qulluqçusu, 10-u gizir, 21 nəfəri isə zabitdir.
Cəbhədə qızğın döyüşlər başlayan zaman müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyətinin səhra geyimində ordumuzun bütün hissələrinin hərbi əməliyyatlarını koordinasiya etməsi və döyüşə şəxsən rəhbərlik etməsi həm milli-mənəvi ruhun yüksəkliyindən, həm də ordumuzun peşəkar komanda heyətinə sahib olmasından xəbər verirdi.
Aprel döyüşlərində xüsusilə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin göstərdiyi şücaət və qəhrəmanlıq düşmən tərəfindən hələ uzun illər dəhşət yuxu kimi xatırlanacaq. Bu döyüşlər nəinki işğalçı Ermənistana, eləcə də bütün dünyaya Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel döyüşlərini şanlı hərbi qələbəmiz, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbə olduğunu bildirib. Ölkə başçısı deyib ki, aprel döyüşləri, eyni zamanda ordumuzun peşəkarlığını göstərdi: "Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər bizə imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istədiyimiz tədbiri görə bilək. Prezident vurğulayıb ki, aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq”.
"Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri, tanınmış hərbi diktor Şəmistan Əlizamanlının sözlərinə görə, aprel döyüşləri bir daha xalqımızın qəhrəman oğulları olduğunu sübut etdi: "Bu döyüşlər Azərbaycan əsgərinin qüdrəti, əhval-ruhiyyəsi və vətənpərvərliyinin yüksək olduğunun göstəricisi idi. Aprel hadisələri xalqımıza çox şey qazandırdı. Bütün xalqımız bir yumruq kimi birləşdi, öz məğrurluğunu, igidlik və qorxmazlığını bir daha düşmənə sübut etdi”.
Vətənpərvərlik qanımızda var...
"Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emil Həsənli əsgərlərimizin vətənpərvər ruhda olmasını döyüş hazırlığında ən əsas amil hesab edir. Birlik sədrinin sözlərinə görə, dünyada nə qədər müasir silahlar olsa da, qələbə bütün hallarda əsgərlərin ağlı, igidlik və şücaəti əsasında qazanılır: "Əgər hansısa şəxsdə vətənpərvərlik hissi yüksək deyilsə, o, heç bir qələbə qazana bilməz. Bunu hər zaman tarix sübut edib. Mənəvi-psixoloji cəhətdən hazır, döyüş qabiliyyəti yüksək olan əsgər düşmən üzərində böyük nəticələr əldə edəcək.
Azərbaycan Ordusunun maddi texniki bazası, silahları və təlim prosesləri yüksək peşəkarlıq səviyyəsindədir. Ən vacibi isə gənclərimizin vətənə sevgisinin yüksək səviyyədə olmasıdır.
Aprel hadisələrində yalnız döyüşən ordu yox, ehtiyatda olanlar, Qarabağ əlilləri, müharibə veteranları, bütün xalqımız bir bayraq ətrafında səfərbər olmuşdu. Bu xalqımızın, millətimizin vətənə, torpağa olan sevgisinin ən bariz nümunəsi idi. Bütün dünya xalqımızın, igid əsgərlərimizin vətənpərvərliyini gördü. Aprel hadisələrinin ən böyük nəticəsi Sarkisyanın hakimiyyətdən getməyi, Ermənistanda onlarla generalın vəzifədən azad oluması idi. Bütün Ermənistan cəmiyyəti və dünya gördü ki, ermənilər bir neçə gün Azərbaycan ordusu qarşısında tab gətirə bilmədi.
Vətənpərvərlik, torpaq sevgisi, hərbi anda sədaqət bizim qanımızda var. Azərbaycan xalqında vətənə sədaqət həmişə yüksək səviyyədə olub. İstər 1990-ci ilin 20 yanvar hadisələri, ümummili liderin hakimiyyətə qayıtması, ondan sonrakı dönəm - bütün bunlar xalqımızın qorxmazlığının göstəricisi idi. O dövrdə peşəkar ordumuz, normal idarəetməmiz yox idi, amma xalq gedib torpaqları uğrunda döyüşdü, nə qədər şəhidlər verildi. Döyüşlərdən sonra nə qədər Qarabağ əlilləri, müharibə veteranlarımız oldu. Sevindirici haldır ki, bu gün ölkə başçısı İlham Əliyev onlara yüksək və diqqət qayğı göstərir. Bütün hallarda dövlət qurumları bu istiqamətdə maraqlı layihələr həyata keçirir. Müdafiə Nazirliyi, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Təhsil Nazirliyi hər ay vətənin müdafiəsinə aid təlimlər, rəsmi sərgilər, inşa müsabiqələri, əsgərləri orduya yola salma və qarşılama tədbirləri keçirir. Bunun nəticəsidir ki, kifayət qədər vətənpərvər gənclərimiz yetişir.
Sanki tarix boyu atalarla oğullar arasında bir mübarizə var. Hər zaman deyilir ki, bizdən sonra gələn nəsil daha ağıllı və narahatdır. Gənclər düşünür ki, "görəsən, vətənpərvərlik hissi, milli-mənəvi dəyərlərə bağlılıq necədir?”. Şükürlər olsun ki, kifayət qədər igid əsgərlərimiz var. Bu gün Azərbaycan əsgəri həm peşəkardır, həm də mənəvi-psixoloji cəhətdən döyüşə hazırlıqlıdır”.
Yeganə Bayramova
Yazı Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş "Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.