Pediatr Vaqif Qarayev şəxsi feysbuk hesabında körpənin 40-dan çıxması üçün keçirilən məclisləri tənqid edib. Əvvəllər ailə arasında keçirilən bu məclisin getdikcə böyüməsindən gileylənən pediatr deyib ki, ailədə yeni doğulan uşaqlar üçün müxtəlif məclislər keçirilir: "Doğum evinin qarşısı çal-çağırlı olur ...yerə səpələnmiş gül-çiçəklər....gəlin kimi bəzədilmiş maşınlar və s.
Üstəlik də uşağı qırxdan çıxartmaq üçün restoranlarda məclislər düzənlənir. Körpə saatlarla səs-küyə qulaq asmalı olur. Lazımdırmı?Yox!!! Səhhətində problemlər yarana bilər”.
Təbabətdə qırx anlayışının olmadığını qeyd edən V.Qarayev deyib ki, sadəcə yenidoğulma-neonatal dövr var: "Bu da uşağın doğulduğu andan 28 günü əhatə edir. Bətnxarici mühitə adaptasiya dövrüdü. Hətta bu dövrü öyrənən elmə neonatalogiya, mütəxəssisə isə neonataloq deyirlər”.
İnanclara görə, körpə doğumundan 40 gün sonra həyatının ikinci mərhələsinə qədəm qoyur. Bu mərhələdə artıq körpəni görməyə gələnlərin sayı artır, onun "çilləyə düşmək" kimi bir qorxusu olmur. İlk 40 çimizdirilməsindən sonra körpənin yeni həyatı da başlamış olur və necə deyərlər, çöl-bayır üzü görməyə başlayır. Bu mərasim əvvəllər sadəcə, ailə arasında qeyd olunurdusa, artıq körpələrin 40-dan çıxması da şadlıq evlərinə köçürülür.
İctimaiyyət üzvləri, din xadimləri də islamda körpənin 40-dan çıxması deyilən bir şeyin olmadığını bildirir. Onların fikrincə, körpə ana bətnindən ayrıldığı andan etibarən həkim və nəzarətçilər də daxil olmaqla onu onlarla insan görür və evə buraxıldıqdan sonra körpənin 40-lı adı altında qohum-əqrəbadan gizlədilməsi absurd fikirdir.
Millət vəkili Fazil Mustafa da uşağı qırxdan çıxartmaq məsələsinin nə tibbi, nə də dini izahı olduğunu deyib. Sadəcə, Azərbaycan cəmiyyətinin qeyd etdiyi bu məclis kökü olmayan bir adət-ənənədir:
"Onsuz da islamda ifratçılıq, şişirdilmiş məclislər, açılan zəngin süfrələr məqbul deyil. Körpələrin 40 məclisi qeydindən isə ümumiyyətlə, danışmağa dəyməz, çünki bu, sadəcə göstərişdir ki, islam da bu cür göstəriş və zənginlik nümayişini rədd edir.
Dünyanın heç bir ölkəsində, hətta Zimbabvedə belə bir şey yoxdur. Çünki bizim cəmiyyət ən zərərli vərdişlərin aludəçisi olmağa həvəslidir.
Nə toylarımızın, nə də yaslarımızın mənası var. Toy məclisində ağsaqqallar əlində şampan, araq şüşəsi ilə bəylə-gəlinə xeyir-dua verir. Araqla xeyir və araqla dua - təsəvvür edirsinizmi? Yaslarda masanın üstünü yeyib-içməklə o qədər doldururlar ki, az qalırlar dirinin yemədiyini də ölüyə də yedizdirsinlər.
Uşağın müsəlman sayılması üçün sünnət məclisi təşkil edir, hamıdan çox içirlər. Bunun adı azərbaycansayağı xəstəlikdir. Nə dinimizə hörmət edir, nə də adət-ənənələrimizə əməl edirlər. Bizim insanlar şöhrətpərəstlik naminə özlərinə əzab verməyi, əziyyət çəkməyi sevir, faydalı məsləhətlərdən qaçırlar. Hesab edirəm ki, biz bu xəstəliyi "qoruyub saxlamalıyıq”. Qoy bütün dünya bizim necə cəmiyyətdə yaşadığımızı görsün. İslah olunmaq, düzəlmək fikrimiz də yoxdur”.
Şəymən