Ekspert icra başçısını qınadı: “O qədər başı bağlı qızlarımız var ki...” - Foto

“...Dünyagörüşü, mədəniyyəti, davranışları müasirdir. Onların hicablı olması heç də dünyagörüşlərinin zəif olması anlamına gəlmir”“Belə problemlər qanunda olan boşluqlardan irəli gəlir. “Ümumtəhsil orta məktəbləri haqqında” yeni qanun qəbul edildi. Həmin qanunda bu barədə hər hansı bir maddə əks olunmayıb”
Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov hicaba rəsmən qadağa qoyub. Nəinki, orta məktəblərdə, hətta xəstəxanalarda çalışan xanımların da hicab bağlaması qadağan edilib.
İcra hakimiyyətinin Vətəndaşların müraciətləri üzrə iş şöbəsinin müdiri Namiq Quliyev hicabın qadağan edildiyini təsdiqləyib:
"Bizdə dinlə dövlət ayrıdır. Kimsə mollalıq etmək istəyirsə, getsin molla məktəbində oxusun. Azərbaycan dünyəvi dövlətdir. Hicabla məktəbə gəlmək olmaz. Kimsə uşağını dindar etmək istəyirsə, aparıb İranda, Türkiyədə dini məktəblərə qoysun”.
Baş verənlərlə bağlı "Sherg.az”a açıqlama verən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü Xızı Rayon İcra Hakimiyyətinin qərarını qəbuledilməz hesab edir.
Ekspert bildirib ki, Bakı ətrafı məktəblərdə müəllimlər, şagirdlər dərsə hicabla gəlirlər:
"Məktəblərdə hicab problemi zaman-zaman gündəmə gələn məsələdir. Belə problemlər qanunda olan boşluqlardan irəli gəlir. "Ümumtəhsil orta məktəbləri haqqında” yeni qanun qəbul edildi. Həmin qanunda bu barədə hər hansı bir maddə əks olunmayıb. Qanunda sadəcə vahid məktəb formasının olduğu qeyd olunub.
İnsan hüquqları deyilən anlayış var. Lakin bir vətəndaş olaraq azyaşlı qızların hicab örtməsini düzgün hesab etmirəm. Çünki uşağın özünün söz haqqı olan bir yaşı var. Bir çox hallarda hicabın bağlanması valideynlərin təhriki ilə həyata keçirilir. 
Biz 8-9-cu sinifdən sonra başını açan qız uşaqlarının olduğunu müşahidə edirik. Hansı ki, aşağı siniflərdə valideynlərinin istəyi ilə hicaba bürünüblər. Belə məqamlarda uşağın öz seçimi olmalıdır. Düşünürəm ki, ibtidai sinifdə oxuyan qız uşağı bu istiqamətdə müstəqil seçim edə bilməz. Baş örtüsünün əleyhinə deyiləm, amma belə hallarda insan özü qərar verməlidir, başqaları yox”.
Birlik sədri vurğulayıb ki, icra hakiminin məsələyə müdaxilə etməsi qanunda olan boşluqdan irəli gəlir:
"Xüsusilə "kim mollalıq etmək istəyirsə, getsin molla məktəbində oxusun” kimi fikir yanlışdır. Bəzən orta məktəblərimizdə bu problemlər ortaya çıxır. Ya məktəb direktorları, ya icra hakimləri, ya da təhsil şöbəsi bu məsələyə qarışırlar. Ancaq bu problem birdəfəlik qanunla öz əksini tapmalıdır.
Məlumdur ki, uzun zamanlar Türkiyədə də belə qadağalar olurdu. Həm dövlət qurumlarında çalışanlar, həm də məktəbə gedənlər üçün hicab qadağan olunmuşdu. Bu zaman qanunda dəyişiklik edildi və hicaba icazə verildi. O qədər başı bağlı qızlarımız var ki, dünyagörüşü, mədəniyyəti, davranışları müasirdir. Onların hicablı olması heç də dünyagörüşlərinin zəif olması anlamına gəlmir”.
Yeganə Bayramova