Sarı zolaq qadağası başladı - SÜRÜCÜLƏRİN DİQQƏTİNƏ


Bu gündən “Baku 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minib.
"Sherg.az"a bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. O bildirib ki, sarı zolaq qadağası iyul ayının 28-i gecə 00:00-dək davam edəcək:
“İştirakçıların daşınması üçün sarı rəngli olimpiya zolağı ayrılıb və buna bizim tərəfimizdən mütəmadi nəzarət edilir. Bu müddətdə sarı zolaqda yalnız tədbir iştirakçılarının xüsusi tanınmış nişanları olan avtomobillərinin hərəkətinə icazə veriləcək. Digər avtomobillər bu zolaqla hərəkət etsələr, onlar kamera vasitəsilə aşkarlanacaq və barələrində tədbir görüləcək”.
Qeyd edək ki, festivalla əlaqədar paytaxtın "Ziya Bünyadov”, "Q.Qarayev”, "Neftçilər”, "Atatürk”, "H.Ələsgərova”, "Azadlıq”, "Z.Əliyeva, "Tbilisi, "Moskva”, "Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb.