İstənilən halda Dövlət Yol Polisinin yaxın zamanlarda buna görə, cərimə tətbiq etməsi gözlənilir
Son vaxtlar Bakı şəhərində sərnişin avtobuslarının öz zolaqlarından kənarda hərəkət etməyə üstünlük verməsi müşahidə olunur. Oxu.Az xəbər verir ki, şəhərdə bir çox ərazilər var ki, onlar üçün nəzərdə tutulan sağ zolaq boş olduğu halda belə avtobus sürücüləri yolun solu ilə hərəkət etməyə üstünlük verirlər. Sorğunu idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli cavablandırıb. O, qeyd edib ki, avtobusun öz zolağından kənara çıxmasına görə, heç bir inzibati məsuliyyət nəzərdə tutulmayıb.
Bəs görəsən, buna görə avtobuslara cərimələr tətbiq edilməlidir, ekspertlər nə düşünür?
Məsələni dəyərləndirən nəqliyyat eksperti Aslan Əsədov "Sherg.az"a bildirib ki, bu mövzunun gündəmə gəlməsi gözlənilən idi:
"Hər bir avtobus üçün zolaq yaradılıbsa, həmin xətt üzrə hərəkəti mütləqdir. Ancaq bu xüsusi zolaqların nə dərəcədə effektiv olduğu isə sual altındadır. Bu istiqamətdə nəzarətedici mexanizm olaraq AYNA-nın tədbirlərinə ehtiyac var. İstənilən halda Dövlət Yol Polisinin yaxın zamanlarda buna görə, cərimə tətbiq etməsi gözlənilir. Lakin əvvəllər avtobus zolaqlarının şəxsi avtomobillərlə zəbt olunduğunu müşahidə edirdik, ancaq indi vəziyyət bir qədər dəyişib. Fikirləşirəm ki, bu problem tezliklə öz həll yolunu tapacaq".