Hospitalda agrıdan fəryad qoparan xəstəyə baxan yoxdur – Qandonduran video 

Əli Nağıyev: “Əsas odur ki, xəstənin düzgün müəssisə seçimi olsun. Eyni zamanda hər kəsdə ailə həkimi deyilən bir anlayış olmalıdır”

Ötənlərdə xəstəxanaların birində ağır vəziyyətdə olan şəxsə həkimlərin köməklik göstərmədiyini əks etdirən video yayılıb. Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan görüntülər xəstəxananın həyətində qeydə alınıb.

Belə ki, xəstəxananın həyətində fəryad qoparan xəstənin yaxınları bir nəfər də olsun növbətçi həkimin olmadığını deyirlər. Bu cür videolar ilk dəfə deyil. Xatırladaq ki, sosial mediada daha öncə də buna bənzər görüntülər yayılıb. 
Maraqlıdır, xəstəxanalardakı belə xoşagəlməz durum nədən qaynaqlanır, bu prosesə nəzarət necə olmalıdır?
Sualımızı cavablandıran həkim-psixoterapevt Əli Nağıyev “Sherg.az”a bildirdi ki, durumu yaxşı olmayan xəstə öncə təcili tibbi yardıma müraciət etməlidir:
“Çünki ölkəmizdə mərhələli tibbin təşkili deyilən bir anlayış var. Təcili hallar üçün vətəndaş təcili tibbi yardıma müraciət etməlidir. Beləliklə, təcili yardım briqadası bilməlidir ki, müraciət edən xəstəyə stasionar yardım lazımdırsa, hansı müəssisəyə getsin. Əks halda xəstə xəstəliyinə aidiyyəti olmayan tibb müəssisələrinə müraciət edirlər”.
Həkimin sözlərinə görə, özəl xəstəxanalarda növbətçi həkimlərin olmasına icazə yoxdur:
“Əsas odur ki, xəstənin düzgün müəssisə seçimi olsun. Eyni zamanda hər kəsdə ailə həkimi deyilən bir anlayış olmalıdır. Sosial mediada bəzən maarifçi videolar yayılmalıdır ki, hansı hallarda təcili yardıma zəng etmək lazımdır. Həmçinin insanlar maarfilənməlidir ki, hansı xətəxanalarda 24 saat növbətçi həkimə ehtiyac var. Vətəndaşlar nəzərə almalıdır ki, yalnız dövlət müəssisələrində növbətçi həkimlər təşkil olunur”.