“İndi üzərimizə düşən vəzifə ermənilərə adekvat cavab verməkdir”

“Ermənistanda həm dövlət səviyyəsində, həm də əhali arasında güclü parçalanma var. Paşinyan bu səbəbdən erməni xalqına öz keçmişini xatırladaraq, onları birləşməyə çağırır”.

Bunu “Sherg.az”a açıqlamasında gənc politoloq Kənan Paşayev deyib. 

Ekspert bildirib ki, Paşinyanın şüar kimi səsləndirdiyi “Miatsum” ideyasının güclü qarşılığı yaradılmalı və bu ideya ətrafında bütün dünya azərbaycanlıları birləşdirilməlidir: 



“Nikol Paşinyan Xankəndinə qanunsuz səfəri zamanı keçirdiyi mitinqin açılışına "Miatsum" ifadəsi ilə başlayıb. 1988-ci ildə erməni millətçilərin "Miatsum" ideyası ətrafında birləşərək etdikləri çıxışlar Qarabağ müharibəsinin onların xeyrinə nəticələnməsində böyük rol oynayıb.

O zaman parçalanma dövrünü yaşayan Azərbaycanın əksinə birləşən Ermənistan torpaqlarımızı işğal edib. Lakin hazırkı vəziyyət həmin dövrün tam əksidir. İndi üzərimizə düşən ermənilərə adekvat cavab verməkdir. Bütün dünya azərbaycanlıları Qarabağ ətrafında birləşməlidir. Beynəlxalq aləm Azərbaycan xalqının Qarabağı tələb etdiyini anlamalıdır”. 

Analitikin fikrincə, Paşinyanın Qarabağa səfərləri bu cür rahat şəkildə baş tutmamalıdır: 

“Onun Dağlıq Qarabağa hər səfərinin bədəlini erməni əsgəri və Dağlıq Qarabağdakı terrorçular ödəməlidir. Bu yolla Paşinyanın Qarabağa hər gəlişi erməni ictimaiyyəti tərəfindən qorxu və etirazlarla qarşılanmalıdır”.