“Qurbanlıqda imkanı olan şəxslər təkcə qoç kəsməməli…” - İlahiyyatçı

Avqust ayının 12-13-ü Qurban bayramıdır. Artıq indidən bayramla, qurban kəsməklə bağlı yazılar dərc olunmaqda, müzakirələr getməkdədir. Amma hər il bayram ərəfəsində olduğu kimi budəfə də eyni söhbətlər yenidən gündəmə gəlməkdədir. Bəzi ictimaiyyət nümayəndələri, sosial şəbəkə istifadəçiləri bayram günü Allah yolunda qurban kəsməyi lağ obyektinə çevirərək, müsəlmanları bu dini ayini icra etməkdən vaz keçməyə səsləyirlər. Əsasən də, “qurban kəsməkdənsə, tələbəyə pul versinlər, kiməsə maddi yardım göstərsinlər, kasıba əl tutsunlar” və s. bu tipli yanaşmalar ortaya atılır. 

Lakin ilahiyyatçılar bu şəkildə müqayisəni düzgün hesab etmirlər. Onların fikrincə, İslam dini ehtiyac sahiblərinə, kasıblara və yoxsullara yardım etməyi təqdir edən ən mükəmməl dindir və bu yaxşlılıqları etməyin günü, zamanı yoxdur. Yəni ildə bir dəfə imkanı olan şəxslərin Allah yolunda qurban kəsməsi başqa formada xeyirxah işlər görməsinə qətiyyən mane olmur. Elə Qurban bayramının da mahiyyəti ehtiyac sahiblərini sevindirməkdir. Məhz o səbəblə heyvanın əti evlərinə aylarla ət girməyən yoxsul insanlara paylanılır. 

Mövzunu “Sherg.az"a dəyərləndirən ilahiyyatçı-alim Əkrəm Həsənov deyib ki, Qurban bayramı Allah yanında ən əsas bayram hesab edilir. 
 
İlahiyyatçının sözlərinə görə, Qurban bayramı insanları sevindirmək üçündür: 



“Həmin günü bəzən aylarla, illərlə evinə ət ala bilməyən insanlara ət hədiyyə edilir. Onların süfrəsində bir neçə gün ət yeməyi olur. İnsanlar Allaha dua edir, şükrləri artır, yaşamaq ümidlərini itirmirlər. Düşünürəm ki, qurbanlığı ələ salan və bu xeyirxah əmələ qarşı olanların elmi, mənəvi dəyərlərə hörməti yoxdur. Dinimizdə iki böyük bayram var. Biri Ramazan bayramı, digəri isə Qurban bayramıdır. Bu bayramlarda insanlar yardımlaşır, qohumlar bir-birini təbrik edir, küsülülər barışır və s. Yəni qohumluq əlaqələri möhkəmlənir. Əlbəttə, qurbanlıqda imkanı olan şəxslər təkcə qoç kəsməməli, eyni zamanda başqa xeyirxah əməllərlə də məşğul olmalıdırlar. Ancaq bu o demək deyil ki, Qurban ibadətinin həqiqətinə kölgə salınmalıdır”.