Sabiq nazir: "Avropa İttifaqının rəsmisinin Qarabağla bağlı bəyanatı mövcud vəziyyətə heç bir təsir göstərmir"

Tofiq Zülfüqarov: "Avropa İttifaqının Qarabağ münaqişəsinin həlli ilə bağlı fəal iştirakı demək olar ki, yoxdur"



Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Avropa İttifaqı üçün prioritet olaraq qalır.

“Son 1 ildə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin rəhbərlik etdiyi prosesdə ruhlandırıcı addımları müşahidə etdik, xüsusən də prosesi irəli aparmaqdan ötrü əhəmiyyətli olan yüksək səviyyəli görüşləri nəzərdə tuturam. Mən, həmçinin, bu ilin iyununda girovların ikitərəfli azad edilməsini alqışlayıram. Bu, ilkin humanitar addımdır. Belə addımlar sülh prosesində irəliləyişə nail olmaq üçün ehtiyac duyulan müsbət siyasi ab-havaya öz töhfəsini verə bilər”.

Aİ Xüsusi nümayəndəsi vəziyyətin həssas və qeyri-davamlı olmasından təəssüfləndiyini qeyd edib: “Mən son zamanlar verilən itkilərlə bağlı narahatam və tərəfləri maksimum təmkin sərgiləməyə səsləyirəm. Tərəflər atəşkəsə ciddi şəkildə riayət etməli, paralel olaraq substantiv danışıqlar aparmalıdırlar”.

Xüsusi nümayəndə bildirib ki, Aİ Azərbaycan və Ermənistan liderləri və Xarici İşlər nazirləri arasında əldə olunan sazişlərin həyata keçirilməsinə dəstək olmağa hazırdır:

“İndi sülh prosesində irəliləmək üçün addım atmaq vaxtıdır. Ölkə liderləri də xalqları sülhə hazırlamağa başlamalıdırlar. Bu özündə çətin qərarları və güzəştləri ehtiva edəcək”.

Nümayəndənin fikirləri ilə bağlı Sherg.az-a açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Aİ Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etmir

Onun sözlərinə görə, nümayəndənin bəyənatı onu göstərir ki, Ermənistanın yaratdığı indiki vəziyyət Aİ-nı qane etmir:

“İkitərəfli münasibətlərə gəlincə isə Azərbaycan və Ermənistan Aİ ilə müxtəlif sahələrdə əlaqələr qurur. Bu baxımdan həmin əlaqələrin çərçivəsində hansısa irəliləyişin olması çətindir. Aİ nümayəndəsinin söylədikləri heç bir reallığı əks etdirməyən və Qarabağla bağlı vəziyyətə təsir etməyən bəyənatdır. Çünki digər ölkələr, məsələn Ukrayna hansısa məsələnin həllində daha aktiv iştirak edir. Onlar Rusiyaya qarşı sanksiyalar tətbiq edirlər. Avropa İttifaqının Qarabağ münaqişəsinin həlli ilə bağlı fəal iştirakı demək olar ki, yoxdur”.