“Analizləri toplamadan xəstəyə müdaxilə edilməməlidir” – Səhlənkarlıq, yoxsa pul hərisliyi...?


Bakıda xəstə həkim stolunda keçinib. Neftçala rayonu, Cəngən kəndinin 41 yaşlı sakini Bakı şəhərindəki stomatoloji kabinetlərdən birində dişini çəkdirərəkən dünyasını dəyişib. Xəstənin vurulmuş keyidici iynədən şoka düşərək vəfat etdiyi bildirilir.

Abas Ələsgər oğlu Məlikovun 3 azyaşlı uşaq atası olduğu və Bakı şəhərində müvəqqəti iş yeri tapdığı üçün ailəsi ilə birgə paytaxtda məskunlaşdığı deyilir. 

Təəssüf ki, bir çox hallarda həkimlər xəstənin hansısa allergiyasının olduğuna dair analizləri etmədən bəzi əməliyyatları yerinə yetirirlər. Nəticədə stomotoloji prosedurlar zamanı xəstəyə vurulan keyidici iynələr ciddi fəsadlara yol açır. 



Həkim-stomotoloq Zəlimxan Məmmədli “Sherg.az”a açıqlamasında bildirib ki, baş verən hadisə peşə ilə bağlı olan məsələdir. 

Həkim qeyd edib ki, xəstəyə cərrahi müdaxilə olacaqsa, onun hökmən həssaslığı, hansısa allergiyasının olub-olmaması yoxlanılmalıdır:

“Uzun müddət tanıdığım xəstələr var. Bilirəm ki, həmin xəstəyə analgetiklərdən istifadə etmişəm. Buna baxmayaraq həmin xəstəni yenidən yoxlamalardan keçirirəm.

Çünki müəyyən müddət keçəndə sonra xəstənin həssaslığı dəyişə, müxtəlif xəsətliklər keçirmiş ola və stresslər yaşaya bilər. Həkimlər belə məqamlarda diqqətli olmalıdırlar. Xəstəni tanımamış, müvafiq analizləri toplamamış xəstəyə müdaxilələr edilməməlidir.

Xəstənin ölməsinin fərqli səbəbləri də ola bilər. Məsələn, ürək-ağciyər çatışmazlığı olan və stress vəziyyətində qalan xəstənin halı pisləşir. Nəticədə bir balaca ağrı kəskinləşir və nəticədə ölüm halları qaçılmaz olur.

Bu, tamamilə ayrı bir məqamdır və çox az hallarda rast gəlinən haldır. Lakin  analgetliklərə qarşı həssaslıq stomotoloji əməliyyatlarda fəsadlar yaradan məqamdır”.