Görənlər barmaqla göstərir: Atasının yadigarını 100 minə belə satmadı



Türkiyənin Zonguldak bölgəsində yaşayan Müzəffər Kılınç (62), atasından qalan 1949-cu ilin modeli olan "Vilis" markalı cipi ilk gündə olduğu kimi qoruyaraq bu günlərə gətirib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, sürücü işləyən Müzəffər Kılınç, atasının uzun illər taksi kimi istifadə etdikdən sonra qarajda saxladığı  "Vilis" markalı cipini təkrar gün üzünə çıxarıb. O, Bursaya apardığı avtomobilinə 35 min lirə xərcləyib. Çürüyən və paslanan yerləri təmir etdirib və maşın ilk günkü görkəminə qovuşub.
 


Cipi gündəlik avtomobil kimi istifadə edən Müzəffər Kılınç ona göz bəbəyi kimi baxır. Maşını  görənlər isə şəkil çəkdirərək haqqında məlumatlar alırlar. Müzəffər Kılınç, xatirələriylə dolu olduğu üçün cipi satmağa qıya bilmədiyini söyləyir. Maşında atasının, anasının və gəncliyinin izlərini gördüyünü qeyd edən Müzəffər Kılınç, hekayəsini belə nəql edir:


 
"Mən 62 yaşındayam. Avtomobil məndən daha yaşlıdır. Atam sıfırdan almışdı. Uşaqkən atam sürücü idi, mən müavinlik edərdim. Kəndlərə bu maşınla müştəri gətirərdik.
Atam öləndə vicdanım yol vermədi və maşını yenidən təmir etdirməyə qərar verdim. 35 min lirəyə yaxın pul xərclədim. Onu işlək vəziyyətdə Bursaya apardım və orada nasaz yerlərini düzəltdirdim. İndi də gündəlik istifadə edirəm. Görənlər barmaqla göstərir. Çox bəyənilir. Yoldaşlarımın toylarında gəlin avtomobili kimi istifadə olunur. Çox xoşbəxt olurlar.



Mən də duyğulanıram. Bu maşın onların xoşbəxt günlərindən bir xatirə kimi qalır.
Bu avtomobili görəndə anam, atam, qardaşlarım ağlıma gəlir. Keçmiş günləri xatırlayıram. Bütün işlərimizi bu maşınla aşırdıq".




Maşını görənlərin almaq istədiyini bildirən Müzəffər Kılınç, "Yüksək qiymət verirlər. İstəyən çoxdur, amma mən satmaq istəmirəm. Telefon nömrəmi istəyirlər, ünvanımı götürürlər. Bu şəkildə getdiyi yerə qədər gedəcək. Bir ara 100 min lirə verən oldu. Satmağı düşünmədim" deyir.

Turan