Bir uşağın ürəyi "gedəndə"... - Şagirdlərə ilkin tibbi yardım fənni keçilməlidir - TƏKLİF

Sovet vaxtı ibtidai sinif şagirdlərini həvəsləndirmək üçün müxtəlif vasitələrə əl atılırdı. Məsələn, “sinifkom” seçilirdi. İndi də bu sözün abriviaturasını aça bilmirəm, “sinifkom” nə deməkdi. Sinif komandiridi, komandandı, komendantdı, sinifi “komlayan”dı (kar “k” hərfi ilə oxunur), nədi? Bundan başqa siniflərdə “təmizkom”lar da olardı. Uşaqların sinfi zibilləməməsinə nəzarət edərdilər, silgi, təbaşir təminatı da onların üzərində idi.

Bir də, tibb bacısı olardı. Çiyinlərindən ağ bezdən tikilmiş, üzərində qırmızı xaç işarəsi (o vaxtlar Qızıl Aypara qadağan idi) olan kiçik torba asardılar. İçinə bint, yod, pambıq kimi ilkin tibbi yardım vasitələri qoyulardı. Yəqin ki, bu, şagirdlərdə ilkin tibbi yardım barədə ibtidai biliklər, vərdişlər aşılamaq məqsədi daşıyırmış və bizcə, doğru olan da bu idi. 

İndiki uşaqlar smartfonlarla “hərlənir”, “medsestra” torbası nədi?!” deyəcəksiniz. Düzdü. Amma keçmişdəki xeyirli təcrübələrə qayıdış cəhdləri də var artıq. 



Vaqif Qarayev: "Nəsə fikirləşib həyata keçirmək olar"


Bu günlərdə Fb-də növbəti petisiya açılıb. Bu barədə pediatr Vaqif Qarayev Feysbuk səhifəsində yazıb. Həkim yazır ki, petisiya vasitəsilə Təhsil Nazirliyinə orta məktəblərdə ilkin tibbi yardım dərslərinin keçirilməsi təklif olunur. 

Pediatr “məncə, yaxşı təşəbbüsdür. Nəsə fikirləşib həyata keçirmək olar. İstək olsa” yazıb. V.Qarayev orta məktəblərdə ilkin tibbi yardım dərslərinin keçilməsinin şagirdlərə xeyirli olacağını düşünür. 



Almaz Həsrət: "Necə ola bilər ki, 11 il təhsil almasına rəğmən adi təzyiq ölçən aparat barədə bilik və vərdişləri “0” olan abituriyent Tibb Unversitetinə daxil olsun?" 


Əməkdar müəllim Almaz Həsrət “Şərq”ə açıqlamasında orta məktəblərdə ilkin tibbi yardım fənninin keçilməsinin faydalı olacağını bildirdi:
 
"Orta məktəbdə şagirdlərə Biologiya və Həyat bilgisi fənləri keçilir. Bu fənnlərdə insan anatomiyasına toxunulur, qan qrupları haqqında məlumat verilir və sairə. Amma gəlin görək, sinifdə bir uşağın ürəyi "gedəndə" sinif yoldaşları ona yardım göstərə bilirmi? Ümumiyyətlə belə vəziyyətlərdə nə edilməlidir, hara, kimə müraciət edilməlidir, uşaqlar bilirmi? Yaxud, şagirdlərdən biri yıxıldıqda ona necə yardım göstərilməli olduğunu şagirdlər bilirmi? İnanmıram ki, kimsə bunları bilsin. Mən təklif etmişdim ki, 4-cü ixtisas qrupu üzrə qəbul imtahanlarında ilkin tibbi yardımla bağlı müsahibə tətbiq edilsin. Necə ki, idman, hərbi, polis məktəblərinə, jurnalistikaya, incəsənət ixtisaslarına qəbulda qabiliyyət imtahanları tətbiq edilir, eləcə də 4-cü ixtisas qrupu üzrə qəbulda abituriyentin ilkin tibbi yardımla bağlı bilikləri yoxlanmalıdır. Necə ola bilər ki, 11 il təhsil almasına rəğmən adi təzyiq ölçən aparat barədə bilik və vərdişləri “0” olan abituriyent Tibb Unversitetinə daxil olsun? Qəfil ürəyi "getmiş" adama necə yardım göstərilməsini bilməyən 17 yaşlı gəncin həkim olmaq arzusu “prestij”dən başqa bir şey deyil.

İnsan uşaq yaşlarından hansısa peşəyə maraq göstərir. Uşaq vaxtı “həkim” də olmuşuq, "müəllim" də. Uşaqlar üçün oyuncaq tibbi ləvazimatlar istehsal edilməsində məqsəd təkcə, onların başını qatmaq üçün yox, həm də uşaqlarda tibb sahəsi ilə bağlı ilkin – ibtidai biliklərin formalaşması məqsədi daşımalıdır.

Bunu orta məktəbdə də çox gözəl bir şəkildə tətbiq etmək olar. Qəbul imtahanlarına hazırlaşan şagird nəzəri biliklər əldə etmək üçün çalışır, qapalı testlər, açıq testlər... və sairə, bunları öyrənir, əzbərləyir. Amma vərdişlər də zəruridir. Tibb ixtisasına qəbulda yalnız test tapşırıqları ilə kifayətlənmək yanlışdır. Şagirdlər orta məktəbi bitirdikdə həyat bilgiləri ilə bağlı zəruri bazaya malik olmalıdırlar. Çox zaman görürük ki, ətrafdakılar ürəyi "getmiş" adamın başına toplaşıb, kimsə də əlini adamın ağzına salıb dilini dartır. Bu, aşkar şəkildə süni boğulma vəziyyəti yaratmaqdır. Dili qətiyyən dartmaq olmaz. Belədə boğulma təhlükəsi daha da gerçək olur. Və guya insana kömək etmək istədikləri halda, əksinə, o dünyaya göndərirlər. Belə məsələləri orta məktəb şagirdləri də bilməlidir.

Uşaqlar bilməlidir ki, sinir bərpa olunmayan hüceyrədir. Ona görə də ətrafdakılara qarşı diqqətli, mehriban, anlayışlı olmaq lazımdır. Nə qədər belə hallarla rastlaşırıq ki, bir canlını avtomobil vurub, ya da bir canlının yardıma ehtiyacı var, amma insanlar onun yanından etinasız ötüb keçir. Mərhəmət hissi orta məktəblərdə şagirdlərə aşılanmalıdır. İnsanlara, sinif yoldaşlarına yardım etmək vərdişləri həyat bilgisi fənninin əsas mövsularından biri olmalıdır. 

A.Həsrət hesab edir ki, orta məktəblərdə hər kəs qəbul imtahanlarına o qədər yüklənib ki, həyati vacib məsələlər tamamilə kənarda qalıb, bu isə yeniyetmələrin düzgün yetişdirilməsinə mane olur.