Yeni proses başlayır: Ciddi kadr islahatlarının aparılacağı şübhəsizdir

"Oktyabrın 15-də keçirilən müşavirədə möhtərəm, cənab prezidentimiz İlham Əliyev ötən doqquz ayda ölkəmizdə sosial-iqtisadi inkişafın vacib məqamları üzərində lakonik şəkildə dayandı, onun təhlilini verdi, qarşıda duran vəzifələrin aydın və dəqiq konturlarını cızdı".

Sherg.az-ın məlumatına görə, bunu millət vəkili Fəzail Ağamalı Prezident İlham Əliyevin oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirəyə münasibət bildirərkən deyib.

Deputat vurğulayıb ki, ölkəmizin sosial-iqtisadi inkişafı göz önündədir: 

"Qərəzli opponentlərdən tam fəqrli olaraq hər şeydən öncə, bu inkişafdan, inkişafı görüb dost ölkələrin dövlət başçılarının onu etiraf etməsindən qürur duyur, yüksəlişimizi istəməyən, yüksəlişimizdən dərin peşmançılıq keçirən və necə deyərlər, qanı "it qanı"na dönənlərin kədərindən də pozitiv emosiyalar alıram. Cənab prezident islahatların həyata keçirilməsi zamanı son təyinatlar və islahatların verdiyi konkret nəticələr üzərində də dayandı. Həm Vergilər Nazirliyində, həm Gömrük Komitəsində, həm də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində etdiyi son kadr dəyişikliyi, onların müasirliyi, XXI əsrin tələblərinə uyğun olaraq öz işlərini yüksək səviyyədə və innovativ qurmasını vurğulamaqla bərabər, onlara qarşı “qara pia”dan da söz açdı. Mətbuat vasitəsilə bəzi yüksək ranqlı məmurların çirkin kampaniyanın aparılmasının yolverilməzliyini, onların islahatlara qarşı şantaj etdiyini xüsusi olaraq önə çəkdi, ciddi məqamlara aydınlıq gətirdi. Bu, bir daha təsdiq etdi ki, ölkə prezidenti cəmiyyətdə və iqtidar daxilində gedən bütün proseslərin fövqündədir və hər şeydən xəbəri var".



Fəzail Ağamalı: "Cənab Prezident bunu açıqladı və məlum şəxslərə konkret mesajını verdi"


Millət vəkili xatırladıb ki, Prezident islahatları buxovlamağa çalışanlarla birgə işləməyin mümkün olmayacağını vurğulayıb:

"Ölkə başçısı bunu artıq yeni prosesin başlanğıcı kimi dəyərləndirdi. Çoxumuz müxtəlif mənbələrdən daxil olan bu tip söhbətlərlə tanış idik. İqtidar daxilində müəyyən qüvvələr var ki, onlar əslində radikal müxalifətlə bərabərdilər, islahatların keçirilməsinə imkan vermirlər. Hər şeyə köhnə təfəkkürlə yanaşır və mövqelərini qoruyub saxlamağa çalışırlar. Deməli, yayılmış söz-söhbətlərin kifayət qədər əsası varmış. Cənab Prezident bunu açıqladı və məlum şəxslərə konkret mesajını verdi. Yaxın zamanlarda ciddi kadr islahatlarının aparılması şübhə doğurmur. Fərqi yoxdur, bu, özünə hörmət edib könüllü istefa şəklində də, ölkə prezidentinin sərancamı ilə də reallaşa bilər. Cəmiyyətin acgözlüklə gözlədiyi və dövlətçiliyimizin yeni mərhələyə çıxaracağı anlar çox da uzaqda deyil. Xatırlatmaq istərdim ki, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi müşavirədə iştirakı da təsadüfi deyildi. Xalqımız onun layiq olduğu kürsüdə əyləşməsini çoxdan gözləyirdi".