Paşinyan yaxşı bilir ki, müharibə başlayarsa... - ŞƏRH

“Nikol Paşinyanın “Azərbaycana silah satışını dayandırmaqla” bağlı çağırışı müttəfiqlik nöqteyi nəzərindən başadüşüləndir. Lakin Paşinyan yaxşı bilir ki, Azərbaycan tərəfinin MDB ölkələri ilə ikitərəfli əlaqələri də yüksək səviyyədədir”.

Bunu Sherg.az-a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.

Politoloq bildirib ki, Paşinyan bu bəytanatı ilə əslində Azərbaycana silah satan Belarusa öz iradını bildirir: 

“Bu məsələ ilin əvvəlində bir dəfə qaldırılmışdı. O zaman Lukaşenko Paşinyana “Rusiyanın qorxusundan dilini dinməz yerinə qoyursan” ifadəsi ilə sərt cavab vermişdi. KTMT-nin digər ölkələri türk cumhuriyyətləridir. Paşinyan çox gözəl anlayır ki, hərbi əməliyyatlar bərpa olunarsa, Ermənistan tərəfində sadəcə Rusiya dayanacaq. Bu da yalnız hərbi əməliyyatların Ermənistan sərhəddinə dayanması ilə reallaşa bilər”. 

Siyasi şərhçinin sözlərinə görə, hazırda regionda çox ciddi dəyişikliklər gedir: 

“Gürcüstan və İranda siyasi vəziyyət gərgin olaraq qalmaqdadır. Bu günlərdə Azərbaycanda Milli Məclisə yeni seçkilərin keçirilməsi qərarı və Birinci vitse-prezidentin Moskvaya səfəri regionda siyasi aktivliyin yüksək olması anlamına gəlir. Nəzərə alaq ki, Fransanın keçmiş prezidenti Nikola Sarkozinin Bakıya səfəri də proseslərin tərkib hissəsi ola bilər”.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Bişkekdə baş tutan iclasına qatılıb. Paşinyan Qarabağ münaqişəsi ilə bağlı üzv ölklərin başçısına müraciət edib: “Mümkün gərginliyin qarşısını almaq üçün KTMT-a üzv ölkələrdən Azərbaycanın yeni silahlar almaqla bağlı çağırışlarını cavabsız qoyun”. Ermənistanın baş naziri Azərbaycanın Suriyada məğlub olmuş terrorçu qruplar üçün uyğun ərazi ola biləcəyi ilə bağlı absurd fikir də səsləndirib.