Müxalifətin Milli Məclisin qərarı ilə bağlı iddialarına cavab: "Seçkiyə hazır deyillərsə..."

“Görürəm parlamentin növbədənkənar seçki ilə bağlı qərarı və ümumiyyətlə, hakimiyyətin bu qolu haqda müxtəlif fikirlər səslənir”. Sherg.az-ın xəbərinə görə, bunu millət vəkili Sahib Alıyev deyib. 

Deputat bildirib ki, Azərbaycan parlamentarizmini bizim kimi yeni müstəqillik əldə edən ölkələrin çoxundan müsbət anlamda fərqləndirən cəhətlər var: 

“Parlamentdə indiyə qədər başqa dövlətlərin və yaxud da lobbi qruplarının təsiri altında bir dənə də qanun qəbul edilməyib. Bir sözlə, bu illər ərzində Milli Məclis həmişə adındakı milliliyi doğruldub. Fikrimcə, ölkəmizdəki sabitlik həm də bundan və hakimiyyətin müxtəlif qolları arasında ziddiyyət yox, səlahiyyətlərin dəqiq bölgüsü və sərhəddi çərçivəsində səmərəli əməkdaşlığın, harmoniyanın olmasından qaynaqlanır. Sirr deyil ki, bəlli çevrələr ayrı-ayrı dövlətləri özlərindən tam asılı vəziyyətə salmaq üçün bəzən həmən dövlətlərdə hakimiyyətin qolları arasında ziddiyyət yaratmaq metoduna da əl atırlar. Nəticədə onu görürük ki, hətta Azərbaycandan dəfələrlə böyük insan və iqtisadi potensialı olan bəzi dövlətləri belə bir sıra hallarda xalqın seçdikləri deyil, başqa ölkələrin səfirləri yönəldirlər”.

Parlament üzvünün sözlərinə görə, növbədənkənar parlament seçkisi hər hansı siyasi böhran cəhdi ilə bağlı deyil: 

“Belə təşəbbüslə hakimiyyət partiyası özü çıxış edib və oxşar təcrübələr də az deyil. Sadəcə onu deyim ki, hakimiyyətin və hakimiyyətdəki Nur Vətən Partiyasının təşəbbüsü ilə qonşu Qazaxıstanda indiyə kimi 5 növbədənkənar parlament seçkisi keçirilib və təşəbbüsçülər hamısında öz məqsədlərinə çatıblar. Düzdür, Azərbaycandakı parlament seçkisi ilə bağlı mənim fərqli yanaşmam var idi. Sadəcə səsləndirməyə növbə çatmadı və artıq qərar qəbul edildiyindən üzərinə qayıtmıram. Amma orasını deyim ki, əgər Yeni Azərbaycan Partiyası belə bir təşəbbüslə çıxış edibsə, bu, oradakıların ilk növbədə öz liderlərinə və partiyalarının potensialına əminliklərindən qaynaqlanlır. Fikrimcə, YAP belə bir addımı həm də ona görə atdı ki, partiyanın sədri cənab İlham Əliyevin xalq arasında reytinqinin fövqalədə yüksəkliyini görür və digər partiyaların rəqiblik potensialının özlərininkindən dəfələrlə aşağı olduğunu yaxşı bilirlər”.

S.Alıyev vurğulayıb ki, əgər hər hansı bir partiya nə vaxt keçirilməsindən asılı olmayaraq seçkiyə hazır deyilsə, bunun suçunu özlərində, öz liderlərində axtarmalıdır: 

“Biz bunu hazırda seçkini baykot etmək istəyənlərin timsalında görürük. Onların başında duran adam deyir ki, guya hakimiyyət nəticələri “saxtlaşdırıldığı” halda xalqın soyuğa görə küçələrə çıxmaq istəməyəcəyini bildiyi üçün seçkini qışda keçirir. Bilirsiniz, bu, hətta primitivlik də deyil. Olsa-olsa sistemdənkənar müxalifət adlandırılanların, həm də xalqdankənar olmalarının növbəti təsdiqidir. Onlar bununla Azərbaycan xalqına komfortist və öz haqqını tələb etməyən toplum kimi yanaşdıqlarını ortya qoyurlar. Xalq da bunu görür və bilir. Ona görə də onlar bu gün harda olmalıdırlarsa, elə ordadırlar və orada da qalacaqlar”.