Paşinyana qarşı plan hazırlanır: Sarkisyanın məqsədi…

…Baş nazirin əleyhinə hərbçilərdən ibarət dəstə yaratmaqdır



“Həbsdə olan Koçaryanın da bu plana dəstək verməsi mümkündür”



“Ermənistanın eks-prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulması inqilab vaxtı gizli razılaşmanın onun tərəfindən pozulmasının nəticəsidir”. Bunu “Şərq”ə açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Sarkisyanın hər hansı siyasi prosesə qatılmayacağı və Paşinyanın da onu siyasi təqib etməyəcəyi ilə bağlı anlaşmaları var idi:

“Məhz Serj Sarkisyanın indiyə qədər susqunluğu bununla bağlı idi. Amma, Qarabağda yaxınlaşan qondarma seçkilər və burada “Qarabağ klanı”nın tam sıradan çıxarılması planı Sarkisyanın hərəkətə keçməsinə səbəb oldu. Sarkisyan ilk növbədə separatçı rejimdə Vitali Balasanyanı qabağa verərək Nikol Paşinyanın Qarabağdakı qondarma seçkilərdə mövqeyini zəiflətməyə çalışır. Hətta burada öz tərəfdarları ilə Paşinyana qarşı hərbçilərdən ibarət bir qrup yaratmağı planlayır. Həbsdə olan Koçaryanın da bu plana dəstək verməsi mümkündür. Ona görə də Paşinyan Qərbin razılığı ilə “Qarabağ klanı”nın liderlərinə qarşı siyasi təqibi reallaşdırır”.

Siyasi şərhçinin fikrincə, Serj Sarkisyanın əmlakına həbs qoyulması onun həbsinə yönəlik ilk addımlardır:

“Robert Koçaryanın və Serj Sarkisyanın həbs olunması Azərbaycan ictimaiyyəti üçün də önəm kəsb edir. Çünki hər iki şəxs ərazilərimizin işğalının banisi və Xocalı caniləridir. Daima Azərbaycan ictimaiyyəti hər iki şəxsin beynəlxalq tribunala verilməsini gündəliyə çıxarıb və nə vaxtsa həbs olunacaqlarını gözləyiblər. Artıq Azərbaycana qarşı hərbi və insani cinayətlər törətmiş Koçaryan və Sarkisyan mühakimə edilir və onlar məhz öz xalqına qarşı cinayət əməlinə görə ittiham edilirlər. Rəsmi Bakı hər iki şəxsi beynəlxalq tribunala verməli, Koçaryan və Sarkisyanın ekstradisiyasını tələb etməlidir. Bunun reallaşması mümkün olmasa da, hüquqi və siyasi tərəfləri, həm də mənəvi tərəfləri Azərbaycan üçün lazımlıdır”.