İctimai nəqliyyatı ancaq sahibkarların öhdəsinə buraxmaq olmaz - AKTUAL

Nasaz halda xəttə çıxan avtobuslar təhlükəlidir



Təəssüf ki, 2019 köhnə avtobuslarla vidalaşmaq ili olmadı. Düzdür, il ərzində bir çox marşrutlara təzə, bər-bəzəkli avtobuslar verildi. Xeyli marşrut üzrə kart sisteminə keçildi. Amma paytaxtın bəzi əraziləri, kənd və qəsəbələr üzrə hərəkət edən avtobuslar dəyişmədi. Məsələn, 50, 29, 206, 202, 199, 119, 525, 569, 108 A… Bu “avtobuslar”ı avtobus adlandırmağa da adam xəcalət çəkir.  

96 saylı marşrut üzrə hərəkət edən avtobus isə kart sistemi ilə işləsə də sərnişinlər gecikmələrdən daim narazılıq edir. Bu azmış kimi bəzən yolda xarab olur. Sərnişinlər yolda qalır. Deməli, nasaz vəziyyətdə xəttə buraxılır. 

İnfeksiya mənbəyi avtobuslar


Avtobuslarımız sınıq-salxaq, çirkli, nasaz. Görkəmlərindən «cin hürkür». Oturacaqların yarıdan çoxu yoxdu. Sürücülər də əksəriyyəti  kobud, mədəniyyətsiz, etik davranış qaydalarını bilməyən, yol hərəkəti qaydalarını tez-tez pozan, sərnişinləri təhqir edən, üst-başları çirkin içində, tər iyi verən, damağında siqaret, əlində mobil telefon ağına-bozuna baxmadan nə gəldi danışan, sərnişinləri nəzərə almayıb hətta söyüş söyən insanlardı. Başqa nə deyək?

Yolda biri-biri ilə ötüşür, «qonka»ya çıxır, birisi ondan 1-cə saniyə önə keçibsə, iki sərnişin artıq avtobusa mindiribsə, arxasınca 7 arxa dönəni də söyür. Cəld mobil telefonu qapıb «əə, məndən qabaqda gedən kimdi? Camaatı doldurdu avtobusa apardı? Onun kimliyini bu saat öyrən mənə de…» qışqırır. Dayanacaqda dəqiqələrlə dayanır, yola düşəndə isə sürəti artırır, «uçur». Etiraz edənlərə də «sənin istəyinlə oturub-duracam, öz işinlə məşğul ol. Plan verməliyəm ee, plan!» 

Bir çox sərnişin avtobuslarında pəncərəyə “nəqliyyat vasitəsi hər gün dezinfeksiya olunur” elanı yapışdırılıb. Görəsən, avtobus salonunda nə, hara dezinfeksiya olunur? Çirkab içindəki 3-4 oturacaq?! Yoxsa, avtobusun döşəməsini əvəz edən taxta, dəmir parçaları? Bəlkə pəncərələrə vurulmuş qap-qara pərdələr? Dirəyi laxlayan, döşəməyə “svarka” edilmiş sürücü oturacağı?  

Bir neçə gün əvvəl Bakı Metropoliteni QSC-dən metro vaqonlarının daim dezinfeksiya olunduğu deyilmişdi. Bu, inandırıcıdı. Amma sərnişin avtobusları barədə bunu əminliklə söyləmək mümkün deyil. Çünki avtobuslarımızın durumu göz önündədi. Bəzi avtobuslar real infeksiya mənbəyidir. İctimai nəqliyyatın daha bir problemi isə kondisionerlərin zəhərli hava ötürməsidir. Bununla bağlı sərnişinlər arasında hətta halı pisləşənlər də olub. Həmçinin salonda yanan qızdırıcılar da çox zaman sərnişinlərin narazılığına səbəb olur, çünki salonda qaz qoxusu gəlir.  



Nəqliyyat problemləri üzrə ekspert Ərşad Hüseynov da qrip viruslarının yayılma ehtimalı olduğu bir zamanda ictimai nəqliyyatda sanitar-gigiyenik normalara riayət edilməsini vacib sayır: 

- Sərnişin avtobusları hər dəfə xəttə buraxılarkən xüsusi maddələrlə dezinfeksiya edilməlidir. İctimai nəqliyyatdan hər gün milyonlarla insan istifadə edir. Avtobuslar təmiz olmalıdır ki, virusların, infeksiyaların yayılma ehtimalı minimuma ensin. Amma biz bunu görmürük. Bəzi marşrutlara buraxılan avtobusların salonu natəmizlik mənbəyidir. Bakı Nəqliyyat Agentliyi bunu özəl şirkətlərdən də tələb etməlidir. Özəl olmaq özbaşınalıq demək deyil. Özəl şirkətlər də  qayda-qanunlara riayət etməlidir. 

Ə.Hüseynov nasaz halda xəttə çıxan avtobusların təhlükəli olduğunu dedi: 

- Bilirsiz, ictimai nəqliyyat sektorunda bir neçə özəl şirkətlər var, onlara nə sərfəlidirsə, o cür hərəkət edirlər. Bu  sahəyə nəzarət yoxdur, tələb edən də yoxdur. İctimai nəqliyyatı təkcə sahibkarların öhdəsinə buraxmaq olmaz. Dəfələrlə deyilib ki, avtobus sürücüləri sürət həddini aşır, biri-biri ilə ötüşür, yolda real qəza vəziyyəti yaradırlar. Bugünədək məhz ictimai nəqliyyatın iştirakı ilə xeyli sayda qəza baş verib. Araşdıranda görürsən ki, əksəriyyəti sürücülərin günahı ucbatından, yol hərəkəti qaydalarını pozmaları səbəbindəndi. Bəhanələri də budur ki, plan verməliyik. Bu plan söhbəti artıq əndazəni aşıb. Buna bir əncam çəkilməlidir. «Baku Buss» MMC-yə məxsus avtobuslarda kart sistemi tətbiq edilir, sərnişinlər də rahatdır, sürücü də. Bunun bir izahı verilmir ki, niyə ictimai nəqliyyatda kart sistemi tam tətbiq edilmir. Özəl şirkətlərə, ayrı-ayrı sahibkarlara məxsus marşrutlarda çalışan sürücülərin iş prinsipinə fikir verin; həm avtobusu idarə edirlər, bir tərəfdən pul xırdalayırlar, bir tərəfdən telefonla danışırlar. Olublar «çoxfunksiyalı sürücü». Hər işi «çatdırmaq» istəyirlər, fikir yayınır və qəza baş verir. 

Ə.Hüseynov hesab edir ki, ictimai nəqliyyata daimi və ciddi nəzarət olmalıdır: 

- Sərnişin avtobusu sürücüləri anlamalıdır ki, onlar insanların həyatına cavabdehlik daşıyırlar. Avtobus sürücüsü məsuliyyətli olmalıdır. Biz dəfələrlə bildirmişik ki, avtobus salonunda sərnişin varsa, heç bir halda yanacaqdoldurma məntəqəsinə daxil olmamalıdır. Amma hər dəfə də bu qaydanın sürücülər tərəfindən pozulduğunu görürük. Sərnişinlər etiraz etdikdə sürücü deyir ki, benzin doldurmasam, yolda qalacağıq. Deməli, bu avtobus parkdan çıxanda «bakı» boş olub. Onun bu vəziyyətdə xəttə çıxmasına niyə icazə verilib? Avtobus xəttə çıxarkən texniki baxışdan keçməlidir, mühərrik yoxlanmalıdır, benzinin olub-olmamasına baxılmalıdır. Texniki nasazlığı olan avtobusun xəttə buraxılması qanun pozuntusudur. Qış fəslində qızdırıcılar, yayda isə kondisionerlər işə salınmazdan öncə yoxlanmalıdır. İşlədiyi müddətdə daimi yoxlamalardan keçirilməlidir. Sərnişin avtobusu xəttə tam saz vəziyyətdə, işlək halda buraxılmalıdır.  

Ə.Hüseynov qeyd etdi ki, BNA ictimai nəqliyyatda son vaxtlar xeyli yeniliklər edib. Ancaq vahid kart sistemi bütün paytaxt ərazisini əhatə etməlidir. Təəssüf ki, paytaxtın ucqarları hələ də diqqətdən kənar qalıb. Nasaz avtobuslar, sərnişin nəqliyyatı idarə etmək üçün gərəkən kateqoriyası olmayan, təcrübəsiz şəxslərə sükan etibar edilir. Belə olduqda qəzalar da qaçılmaz olur. Sərnişinlər də narazı qalır.