Yasamal qəbiristanlığında baş verənlərə aydınlıq gətirildi - VİDEO

Dünən sosail şəbəkələrdə Yasamal qəbiristanlığı ilə bağlı bir videogörüntü paylaşılıb. Həmin görüntülərdə qəbiristanlıqdakı qəbirlərin yandırıldığı və dağıdıldığı iddia olunur.

Məsələdən şikayətçi olan və videonu çəkən şəxs bildirib ki, baş verənlərə biganə qala bilmədiyi üçün hadisəni ictimailəşdirmək qərarına gəlib: “Bu qəbiristanlığa tez-tez gəlirəm. Hər dəfə bura gələndə isə qorxunc bir mənzərə ilə rastlaşıram. Qəbirlərə qarşı belə iyrənc hərəkətlər etmək nə insanlığa, nə də dinimizə yaraşır”.

Şikayətçi bir neçə dəfə belə hadisələrin şəxsən şahidi olduğunu da bildirib: “Bir neçə gün əvvəl bu qəbiristanlğa ziyarətə gələndə, mollalardan birinin məzarların yanını təmizləyərkən, həmin məzarlardan çıxan zibilləri digər məzarlara atdığını gördüm. Həmin mollaya yaxınlaşıb niyə belə bir çirkin iş gördüyünü soruşdum. Molla isə cavab olaraq hamının bura zibil atdığını bildirdi. Mollanın bu cavabından sonra belə başa düşürəm ki, bunu bilərəkdən edirlər ki, qəbirlər itsin, sonra da həmin qəbirlərin yerləşdikləri torpaq sahəsini digər “müştəri”lərə sata bilsinlər”.

AYNA əməkdaşı məsələni yerində araşdırmaq üçün sözügedən qəbiristanlığa yollandı. Yasamal Rayon Bələdiyyəsi tərəfindən qəbiristanlığa nəzarətçi olaraq vəzifələndirildiyini deyən Zaur Müslümov adlı şəxs bizi hadisənin baş verdiyi qəbirlərin yanına apara-apara hadisənin necə baş verdiyindən danışdı.

Onun sözlərinə görə, əslində qəbirlərə qarşı heç bir vandalizm aktı törədilməyib: “Qəbirlərin yerləşdiyi bu ərazidə qurumuş böyük bir ağac var idi. Lakin ağac kökündən çürüyərək aşıb və qəbirlərin üstünə düşüb. Nəticədə qəbirlərdə həm yanıq, həm də dağıntı izləri meydana gəlib. Yəni hadisə bu cür baş verib”.

“Qəbirlərin itməsi və çirklənməsində ən böyük günah məzar sahiblərinin yaxınlarındadır. Elə adamlar var ki, qohum-əqrəbası burada dəfn olunub, amma 10-15 ildir ki, onun ziyarətinə gəlmirlər. Qəbirlər də zaman keçdikcə zibillənir və ətrafını kol-kos basır. Bu qəbirləri təmizləmək isə bizim vəzifəmiz deyil. Hər kəs öz ölüsünün qəbrinə sahib çıxmalıdır. Qəbristanlığın ərazisi genişdir. Məlum məsələdir ki, qəbirlərin hər birinə ayrı-ayrılıqda nəzarət etmək çox çətindir”, - Z.Müslümov dedi.

Müsahibimiz söhbət əsnasında qəbristanlığın yeni əraziyə köçürəlcəyini də bildirdi: “Plana əsasən, Yasamal qəbiristanlığı yeni əraziyə köçürüləcək. Bunun üçün hazırda müvafiq işlər görülür. Ondan sonra problemlər də yəqin ki, öz həllini tapacaq.”

Qeyd edək ki, 1930-cu ildə Sergey Kirovun heykəlini ucaltmaq üçün qədim Çəmbərəkənd qəbristanlığı dağıdılıb. O zamanlar bu xəbəri eşidənlər də yaxınlarının qəbirlərini Yasamal qəbiristanlığına köçürüblər.