Bakıda küçədə qalanlara sığınacaq açıldı: “Çağrı mərkəzi”nə zəng etsinlər! - AKTUAL

Bakının  Nizami rayonunda 38 yaşlı kişi meyiti tapılıb. Onun gecə küçədə soyuqdan öldüyü bildirilib. Qeyd edək ki, ötən  illər çətin hava şəraitinin hökm sürdüyü vaxtlarda,  temperaturun sıfır dərəcədən aşağı düşdüyü qarlı-şaxtalı günlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə müvəqqəti sığınacaqlar təşkil olunurdu.

Sığınacaqlarda müəyyən yaşayış yeri olmayan, yaxud hava şəraiti ilə əlaqədar yaşayış yerinə getməkdə çətinlik çəkən şəxslər qəbul edilərək, zəruri qida məhsulları, lazım gəldikdə tibbi xidmətlərlə təmin edilirdi.
Amma nədənsə, bu il qarlı-şaxtalı havalarda müvəqqəti sığınacaqların yaradılması halları ilə rastlaşmadıq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat  xidmətindən "Sherg.az"a  verilən açıqlamaya  görə, hava şəraitinin kəskin soyuması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığınacaqları gücləndirilmiş iş rejimində işləyir:

"Sığınacağa ehtiyacı olanların yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacağına və ya baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulub. Sosial sığınacağa ehtiyacı yaranan şəxslər özləri, yaxud onlar barədə digər şəxslər bu barədə 077 641 51 81 nömrəsinə və ya Nazirliyin 142 – “Çağrı mərkəzi” ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.
Sığınacaqlara yerləşdirilən şəxslər burada yataqla, yemək və lazım gəldikdə ilkin tibbi yardımla təmin olunurlar. Hər iki sığınacağa bu günədək 360-dan çox şəxs qəbul edilib. Onlardan 230-u 18 yaşdan yuxarı şəxslər, qalanları yetkinlik yaşına çatmayanlar olub. Hazırda iki müəssisədə 59 nəfər, o cümlədən 18 yaşdan yuxarı 47, yetkinlik yaşına çatmayan 12 nəfər stasionar şəraitdə reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunurlar".



Elçin Bayramlı: “Böyük maliyyə imkanı olan ölkəmizin heç bir vətəndaşı, acından soyuqdan, istidən ölməməlidir”


"Altay" Sosial-iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri  Elçin Bayramlı "Şərq"ə açıqlamasında  bu faktın ölkəmiz, cəmiyyətimiz üçün biabırçı hal olduğunu deyib: 

"Bu hallar üçün daimi sığınacaqlar olmalıdır, əsasən də şəhərkənarı ərazilərdə. Böyük maliyyə imkanı olan ölkəmizin heç bir vətəndaşı, acından soyuqdan, istidən ölməməlidir. Dövlət bir yana qalsın, xeyriyyə cəmiyyətləri və fondları hara baxır? Qırmızı Aypara Cəmiyyəti hara baxır? İlboyu vətəndaşlardan, şirkətlərdən ianə yığılır, bu pullar hara xərclənir hesabat versinlər".

E. Bayramlının sözlərinə görə, bununla bağlı bir proqram hazırlanmalı, dövlətin müvafiq oranları, aidiyyatı sahədə işləyən qeyri-hökumət təşkilatları, fondlar, xeyriyyə cəmiyyətləri kordinasiyalı şəkildə işləməlidirlər: 

"Belə şəxslərin siyahısı tutulmalı, onlar isti paltar, sığınacaq və qida ilə təmin edilməlidirlər. Bununla bağlı ətraflı hesabat ictimaiyyətə təqdim edilməlidir. Mətbuat isə bu sahədə vəziyyəti daim diqqətdə saxlamalı və araşdırmalıdır. Qısa desək bu dövlətin və cəmiyyətin birgə işi olmalıdır".