Şəffaf və demokratik seçim: Seçkilər xalqın iradəsini əks etdirdi - ŞƏRH

“9 fevral milli demokratiya tariximizdə mühüm əhəmiyyətli günlərdən biri kimi yadda qaldı”. Bunu Sherg.az-a açıqlamasında deputatlığa namizəd, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

H.Babaoğlunun sözlərinə görə, Azərbaycan vətəndaşları öz seçki hüquqlarını realizə edərək yeni parlamenti formalaşdıracaq namizədləri seçdilər: 

“Bu mühüm proses əvvəldən axıradək şəffaf şəkildə keçirilib və bunu da məhz MSK təmin edib. Ölkəmizə seçkini qiymətləndirmək üçün ən müxtəlif ölkələrdən, beynəlxalq və regional təşkilatlardan çoxsaylı müşahidə missiyaları gəlib. Onlar seçkini müşahidə edərək müsbət qiymətləndiriblər. Hətta ən tənqidi mövqedə olanlar belə MSK-nın fəaliyyətinin şəffaf və obyektiv olduğu ilə bağlı fikirlər səsləndiriblər. 



Hikmət Babaoğlu: “Hətta ən tənqidi mövqedə olanlar belə MSK-nın fəaliyyətinin şəffaf və obyektiv olduğu ilə bağlı fikirlər səsləndiriblər”


Belə olan halda ali qanunverici orqanda təmsil olunmaqda iddia irəli sürmüş keçmiş namizədlərin və onların tərəfdarlarının qanunu pozmaq cəhdləri heç cür başa düşülən deyil və ictimai rəy tərəfindən şiddətlə qınanır. Ona görə də belə halların qarşısı hüquq-mühafizə orqanları tərəfindən qətiyyətlə alınmalı, bütün narazılıq və anlaşılmazlıqlar isə seçki hüququna uyğun şəkildə müvafiq hüquqi prosedurlara riayət etməklə həyata keçirilməlidir. Əks təqdirdə, heç bir halda hüququn aliliyini təmin etmək mümkün olmaz”.