KÜÇƏDƏN REPORTAJ: "Sadəcə, çörək pulu...” – Zəhmətkeşlər danışır + FOTOLAR

 “Heyvanın dırnağına qurban olum, çörəyim ondan çıxır” 

“Hara qədər, nə vaxta qədər belə olacaq bilmirəm. Hələ ki, bu soyuqda, buzda, suda, yağışda, çöllərdə qalıb, balamıza çörək qazanırıq”

“Amma əsas odur, çörək pulu üçün kiməsə ağız açmırıq. Ailəmizi dolandırırıq”


Çiskinli bir qış səhəri idi. Paytaxt Bakının ən qaynar nöqtələrindən olan “Şamaxinka” kimi tanınan Moskva prospektində marşrut avtobusundan yenicə düşmüşdüm. Ki, ağzında 50  manatlıq, əlləri qanlı cavan bir oğlan sürətlə qabağımdan keçdi. Düz dayancağın yaxınlığındakı aptekə daxil oldu. Böyük ehtimal 50 manatı xırdalatmaq istəyirdi. Əlbəttə, bu məqam diqqətimi çəkməyə bilməzdi. Bir avtobusu buraxıb, dayanıb müşahidələr apardım. Ki, görüm kimdir bu gənc, nə işlə məşğuldur və niyə çirkli pulu dişlərinin arasına alıb qaçır. Aptekdən çıxdıqdan sonra məlum oldu ki, o, elə dediyim yerdə küçə ticarəti ilə məşğul olur. 4 təkərli arabalarda qabağına mal dırnağı, qarın və balıq qoyub satır. Yanında da yaşlı bir kişi mandarin, limon, digər qonşuları isə göyərti, banan  və göbələk satırlar.
Havanın yağışlı, eyni zamanda sazaqlı olmasını və müştərilərinin çoxluğunu nəzərə  alıb, həmin gün reportaj qərarımı ertələdim. Amma bütün hallarda yenə kənardan müşahidələrimi davam etdirdim. Bu satıcıların bir-birinə necə isinişməsinin şahidi oldum. Bir ailə kimi bir –birinə elə qayğı göstərirdilər ki... Birinin xırdası olmayanda, digərinə ağız açır, biri digərinin malını tərifləyir. Qonşusu harasa tələsəndə onun əvəzinə malını satır. Arada da dırnaq satan gənc, “Soyuq havadı, gəlin dırnaq, qarın aparın, xaş bişirin” deyib, müştəri yığmağa çalışır. Hətta məşhur deyimə çevrilən bu soyuqda xaş “Nə gedər, nə gedər” söyləyib, zarafatından da qalmır. Əlbəttə, belə çalışqan, əməksevər, zəhmətkeş insanları  diqqətdən kənarda qoymaq olmur. Həm də uşaqlıqdan spontan olaraq işgüzar və təbiətən dəliqanlı insanlara xüsusi rəğbətim formalaşıb. Əlqərəz, qəti qərarım idi ki, bu balaca bazardan reportaj hazırlayım. İstəyimizin reallaşması bu günə təsadüf etdi. Yenə də soyuq bir qış səhəri, yenə eyni küçə, yenə eyni mənzərə.



Avtobusdan düşdüm ki, həmin gəncin heç bir müştərisi yoxdur, fürsəti fövtə verməyib, yaxınlaşdım. Ona tərəf addımladığımı görüb, xoş, xəfif  bir təbəssümlə soruşdu:

-Xoş gəlirsən, gəl siftə elə görək. Nə verək,  nə istəyirsən? 

-Bazar olsun, amma alıcı deyiləm, sadəcə, neçə gündür, sizi izləyirəm, çalışqanlığınıza, əməksevərliyinizə  heyranam. 

- Neyləyək həyat adamı hər şeyə məcbur edir. Amma yenə də şükür edirəm. 

-O qədər səmimi və şirindil oğlandır ki, adam onunla söhbətdən, təmasdan zövq alır. 



Adının Qalib olduğunu söyləyən bu gənc Şamaxıdandır. Xırdalanda kirayədə qalır. Dolanma ucbatından ailəsini rayonda qoyub, paytaxta üz tutub: 

-Ailəliyəm.  Bir övladım dünyaya gəlib, rayonda iş-güc yox idi. Bakıya gəldim. İndi işi elə qurmuşam ki, rayonda mal dırnağı və qarnını alırlar, təmizləyib taksiyə qoyub göndərirlər. Mən də burada satıram. 



-Bəs qiymətlər neçədi? 

-Ölçüsündən asılı olaraq qiymətlər dəyişir. Dırnağın balacaları 3 manat, bir az böyüklər 3,50 , lap böyüklər isə 4 manatdır. Qarnın da kilosu 3 manatdır. 

-Alan olurmu?  

-Olur, şükürlər olsun. Rayondan gətirirəm deyə, təmizdi, keyfiyyətlidir. Alırlar. Hətta bir dəfə alan müştərilərim növbəti dəfə gəlirlər.  Bu da mövsümi işdir. Hava soyuqdu alan var. Havalar  istiləşəndə bunun sezonu başa çatır. İndi alıb, aparıb xaş eləyib, yeyirlər.  Nə deyim, heyvanın dırnağına qurban olum. Mənim də çörəyim ondan çıxır. 

-Xırdalanda qaldığını söylədin...
 
-Bəli, kirayədə qalıram. Ayda 210 manat kirayə haqqı verirəm. Ailəm rayondadır. Sağ olsun, atam, anam. Pensiya alırlar. Ailəmin dolanmasına köməklik göstərirlər. Mən də işləyirəm, az-çox nə qədər pul yığa bilirəmsə, rayona göndərirəm. Bu aptekdən (Barmağını aptekə tuşlayır) dərmanlar və uşağa yemək alıb, tanış taksilərdən rayona göndərirəm. Qazancım yaxşı olanda, bazarlıq edib, taksiyə qoyuram, evimizə aparır. Bax beləcə başımızı qatırıq. Hara qədər, nə vaxta qədər belə olacaq bilmirəm. Hələ ki, bu soyuqda, buzda, suda, yağışda, çöllərdə qalıb, evimizə, balamıza çörək qazanırıq. Uşaq bilmir soyuq nədi, yağış, qar, boran nədi. Uşaq deyir: “Ver yeyim, ört yatım”. Onları dolandırmaq bir ata kimi mənim borcumdu. 



Qalib çox əziyyət çəkdiyini söylədi:

-Axşam saat 12-yə qədər burdayam. Satdığımı satacam, qalanı da qalacaq. Gedəcəm Xırdalana, kirayədə qaldığım evə. Səhər saat 5-də durub yenə bura gəlirəm. Malları qəbul edirəm. Bir də düz gecə saat 23:00-a qədər burada oluram. Düzdü, əvvəllər bizə satmağa imkan vermirdilər. Onun üstündə boğazımı doğradım. (Boğazını uzadıb, barmağı ilə kisdiyi yeri göstərir). Məcbur qaldım. Bir yerdən ailəmizə çörək pulu aparmalıyıq, ya yox? Demirəm, yaxşı qazanırıq, yaxşı dolanırıq. Amma əsas odur çörək pulu üçün kiməsə ağız açmırıq. Ailəmizi dolandırırıq. Atam Çernobıl əlilidir, atam da, anam da pensiya alır. Onlar da köməkllik edirlər. Yoxsa dolanmaq olmaz. Kəndin xeyiri var, şəri var. Bizim rayonda hüzür yerinə 20 manat yazılırlar. Təsəvvür elə ki, ayda 10 nəfərin yas mərasiminə gedəndə, bu, 200 manat edir. Di, bunun öhdəsindən gəl. Toyları da heç demə... 

Bu əsnada orta yaşlı bir kişi yaxınlaşıb, dırnağın və qarnın qiymətini soruşur:

-Neçəyədir, bunlar?

-Qalib hamısının qiymətini deyir. Almaq fikrinin olmadığını gördükdə, “sveji” balığımız da var”söyləyir.

-İnsafən balıqları və satdığı digər mallar həqiqətən də təzədir. Baxırsan ki, dırnağın qanı hələ yenicə quruyub. Balıqlar da ağızlarını açıb-yumurlar. Hələ ölməyiblər.  

-Hə, almadı getdi – Qalib təəssüfləndi 


-Bəs balıqları haradan gətirirsən?

-Mingəçevirdən. Orada tanışlarım var, gətirirlər. Mən də satıb, pullarını göndərirəm. Ucundan-qulağından qalan da mənə çatır. Bax burda 160 manatlıq balıq var. Sata biləcəmmi, bilməyəcəmmi allah bilir. Hələ gündə 3 manat da siqaretə verirəm. 

 -Elə bu sözü demişdi ki, (Bəlkə də kişini görüb deyə yadına düşüb) bir ahıl kişi yaxınlaşıb, 3 manat alıb getdi. 

-Bu kişidən siqaret götürmüşəm, gəlib pulunu aldı. Dünən də ayağıma isti “bot” aldım.  45 manat verdim. Halbuki, 45 manatı bəzən 3 günə qazanıram. Neynim bu soyuqda camaat evindən çıxa bilmir. Mən də küçədə alver edirəm. 

Bu məqamda balıqlardan biri arabadan sıçrayıb, yerə düşür.  Qonşusu o yandan dillənir: 

-Qalib, balıq yerə düşdü.

-“Sağ ol, Əhməd dayı, indi götürəm” deyib balığı götürdü. 

Sağollaşıb, keçirəm Əhməd dayının yanına. Əhməd dayı da bir az limon, mandarin və yer fındığı biznesindən danışır. O da Qalib kimi analoji fikirləri ərz edir: 

-Çörək puluna çıxmışıq. Bir təhər evə çörək pulu aparırıq. Şükür ki, kiməsə ağız açmırıq. Özümüz ailəmizin çörəyini təmin edirik. Demirəm ki, nəysə iş görə bilirik. Sadəcə, çörək pulu... Bax, bu soyuq havada qızınmağa yer də yoxdu. Ayaq üstündə saatlarla gözləyirik. Sağ olsun, millətimiz. Alırlar. Xalqla yola gedirik. Baxıram ki, kimsə mandarin almaq istəyir, pulu çatmır və yaxud da baha olduğunu deyib uzaqlaşmaq istəyir. Çağırıram, bir az aşağı qiymətə satıram. Nə bilim eləsi olur, torbasına bir-ikisini artıq qoyuram. Xalqla dolanmaq lazımdır. Onlar bizlə, biz də onlarla dolanırıq. Əslində cəmiyyət elə bu cür olmalıdır. Bir- birimizi qidalandırırıq. Başqa nə edək? Allah xalqımıza versin. Hərəkət etməsək, bərəkət də olmaz.

Daha sonra 7-si bir manata təzə göylər və banan satan Pərvanə xanıma yaxınlaşıram.
 

Öncə danışmaqdan çəkinir. Sonra meyl göstərir və başlayır:

-Bax, evimizdə  körpələri qoyub, gəlmişik. Göyərti satıb, dolanırıq. Pis deyil. Göyərtilər rayondan gəlir. Həm təzə olur, həm də tutarlı. Mağazalar 4-5-ini 1 manata verir, mənsə 7-sini 1 manata satıram. Bananı mağazalar 2,20-yə satır, mənsə 1,90-a. Pis deyil, ay bala.  Allahın verdiyinə şükür. 

Ardınca, lap kənarda dayanan,  soyuqdan qızarmış, əllərini bir-birinə sürtüb, daha sonra nəfəsi ilə isidən gəncə tərəf yol alıram. Qabağında bir neçə qabda göbələk qoyub, satan bu gənc, dolanışığından xeyli gileyləndi:



-Bu göbələkləri Zirədən götürürəm. Gənc adamam, birtəhər dolanırıq. Yaxşıdır, çörək pulu çıxır. Qiymətləri mağazalardan ucuz qoyuram, satılır. Həm də təzə mal gətirirəm, bir dəfə alanlar yenə də gəlirlər. Allah sizi də, insanlarımızı da var eləsin!. 

Son müsahibimin də fikirlərini öyrəndim, elə bu anda 29 saylı marşrut düz qabağımda dayandı. Onunla da tez- tələsik sağollaşıb işə yollandım. 

P.S. Reportajı hazırlamaqda məqsəd o deyil ki, küçə ticarəti ilə məşğul olan bu insanlar həmin yerlərdən uzaqlaşdırılsın. Və biz onların çörəyinə bais olaq. Niyyət odur ki,  bu cür anti-sanitar və soyuq hava şəraitində ticarətlə məşğul olan insanlara aidiyyəti strukturlar yardımlar göstərsinlər. Onlara bizneslərini böyütmək üçün imkanlar yaradılsın. Həmin satıcılar daha böyük və gigiyenik baxımdan təmiz bazarlara köçürülsünlər. Belə olan halda həm sosial müdafiələri güclənər, həm özlərinin,  həm də alıcıların sağlamlığını qorumuş olarlar.