Bakı-Roma münasibətləri: İtaliya Avropada Azərbaycanın ən mühüm 3 tərəfdaşından biridir

“İtaliya Avropada Azərbaycanın ən mühüm 3 tərəfdaşından biridir”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Analitik bildirib ki, Avropa ölkələri arasında ən yüksək ticarət dövriyyəsi məhz İtaliya-Azərbaycan arasındadır: 

“Təbii ki, bu əlaqələrin ana xəttini 1994-cü ildə əsası qoyulan “Əsrin Müqaviləsi” fonunda imzalanan enerji layihələri təşkil edir. Son zamanlar iki ölkə arasında qeyri-neft məhsullarının ticarət dövriyyəsi də artan templə davam edir. Artıq TAP enerji layihəsi də istifadəyə verilib. Bu layihə “Şahdəniz 2” yatağından Azərbaycan qazının İtaliyaya ixracını həyata keçirəcək. Beləliklə Azərbaycan qazı İtaliya vasitəsi ilə Avropanın mərkəzinə qədər gedib çıxacaq. Məlumdur ki, İtaliyada bu layihənin reallaşmasına qarşı çıxan qüvvələr var idi. Ancaq, iki ölkənin sıx əməkdaşlığı və ortaya qoyulan siyasi iradə nəticəsində mühüm layihə reallaşdı”.



Politoloq: “Azərbaycanı da İtaliya üçün maraqlı edən bir sıra məqamlar var. Bu amillər sadəcə neft və qazla bağlı deyil”


Z.Məmmədovun sözlərinə görə, İtaliya Azərbaycan üçün çox önəmlidir: 

“Təbii ki, Azərbaycanı da İtaliya üçün maraqlı edən bir sıra məqamlar var. Bu amillər sadəcə neft və qazla bağlı deyil. İtaliya və Azərbaycan arasında geosiyasi və geoiqtisadi maraqlara söykənən müqavilələr imzalanır, ikitərəfli münasibətlər qurulur”.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 19-da İtaliyaya səfər edib. Bugün Prezident İlham Əliyevlə İtaliya prezidenti Sercio Mattarella arasında həm təkbətək, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.