“Bayramda dövlət qurumlarının çalışması düzgün qərardır” – Deputat


Koronavirusun (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti ciddi önləyici tədbirlər görür. Aparılan profilaktik işlərdən biri də bəzi dövlət strukturlarının Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışmasıdır.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, səhiyyə işçiləri, Daxili İşlər Nazirliyi və digər bütün dövlət müəssisələri bayram günlərində işləyəcək.

Mövcud durumla bağlı “Sherg.az”a danışan millət vəkili Tahir Kərimli bildirib ki, bəzi dövlət müəssisələrinin bayram günlərində çalışması düzgün qərardır:

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla bağlı pandemiya elan edib.  Pandemiyanın epidemiyadan fərqi odur ki, bu virus bütün bəşəriyyət üçün təhlükə tördən bir xəstəlikdir. Təbii ki, böyük dövlətlər təhlükəsizlik tədbirlərini görürlər. Həmçinin ölkəmiz də bu sahədə ciddi addımlar atılır. Məsələ haqqında Milli Məclisin müvafiq komitələrində müzakirələrə başlamışıq. Sabahkı Parlamentdə qanun səviyyəsində sənəd qəbul edilə bilər”. 

Deputat hesab edir ki, təhlükəsizlik tədbirlərinin ən mühüm tərəflərindən biri izolyasiya məsələləridir:

“Çətin olsa da, bayramda bəzi dövlət müəssisələrinin adi iş rejimində çalışması düzgün qərardır. İndiki zamanda insanlar xəstəliklə mübarizə metodlarını axtarmalıdır. Fikrimcə, operativ ştatlar, lazım olan vəzifəli şəxslər və təşkilatlar mütəmadi olaraq işləyəcəklər. Bayram günləri olsa da, hər kəs adi iş rejimində çalışacaq. Kütləvi yığışmalar, iş yerləri və.s yerlərdə dövlətin gördüyü tədbirlər, qərargahın xəbərdarlıqlarına dair işlər görülməlidir. Əks halda ölkəmizdə də xoşagəlməz hallar yarana bilər”.