Generallar vəziyyəti öyrənir:“Şəxsi heyətə tapşırıqlar veriləcək”

Şair Ramaldanov: “Məqsəd şəxsi heyətdə ruh yüksəkliyi yaratmaqdır. Amma bununla bərabər yerlərdəki vəziyyət təhlil edilir. Təbii ki, ərazi təsadüfi olaraq seçilməyib”


Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident  İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri Zakir Həsənov və Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev cəbhə bölgəsinə səfəri davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, cəbhə bölgəsində yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib, qərargah binaları, əsgər yataqxanaları, tibb məntəqələri və digər hərbi obyektlər, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikası, aviasiya eskadrilyası və digər hərbi təyinatlı vasitələrə baxış keçirilib.



Səfərin əhəmiyyəti haqqında “Sherg.az”a danışan ehtiyatda olan polkovnik  Şair Ramaldanov düşünür ki, burada fövqəladə bir səbəb axtarmaq lazım deyil: 
“Hər il Novruz bayramı ərəfəsində belə ənənəvi görüşlər keçirilir. Əsas məqsəd şəxsi heyətdə ruh yüksəkliyi yaratmaqdır. Amma bununla bərabər yerlərdəki vəziyyət də öyrənilir, təhlil edilir. Təbii ki, ərazi təsadüfi olaraq seçilməyib. Oradakı şəhərcik salınır. Sözsüz, səfər həm də tikinti işləri tanış olmaq məqsədi daşıyır. Yəqin ki, general-polkovnik Zakir Həsənov, general-polkovnik Məhərrəm Əliyev şəxsi heyətə lazımi tapşırıqlarını verəcəklər”.