Ehtimal çox yüksəkdir: “Dağlıq Qarabağda hərbi əməliyyatlar başlaya bilər”


“Əlbəttə, istənilən müharibədə, hərbi əməliyyatların başlayacağı təqdirdə son sözü Azərbaycan hərbçiləri deyəcək"

“Münaqişə müharibə yolu ilə həllini taparsa, ermənilər Dağlıq Qarabağda heç bir status və ya güzəşt əldə edə bilməyəcək” 




Ermənistan ordusu Azərbaycanın işğal altındakı torpaqlarında hərbi təlimlərə başlayıb. Təlimlər Qarabağın cənub istiqamətində - Cəbrayıl rayonunun ərazisində aparılır. Taktiki təlimlərə bölgədə yaradılmış hərbi hissənin 2 batalyonu cəlb olunub. Bu zaman 23 mm-lik ZSU-23-4 “Şilka” zenit-raket kompleksinin də təlimlərdə istifadə olunub. 

Düşmən ölkənin təlimləri ilə bağlı “Sherg.az”a danışan Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib ki, Azərbaycan tərəfi son zamanlarda bir çox genişmiqyaslı hərbi təlimlər keçirib. Siyasi şərhçinin sözlərinə görə, Ermənistan tərəfi də öz hərbiçiləri ilə təlim keçirərək bir növ Azərbaycan tərəfinə “cavab” vermək istəyir: 



“Təbii ki, Dağlıq Qarabağ münaqişəsində hərbi əməliyyatların başlama ehtimalı hər zaman çox yüksəkdir. Ümumiyyətlə, İrəvan tərəfi ötən illər ərzində, həm cəbhə xəttində, həm də sərhədboyu ərazilərdə atəşkəs rejimini mütəmadi pozaraq, təxribatlara əl atıb və savaş ritorikasını davam etdirib.

Ermənistan hökumətinin başında kimin olmasından asılı olmayaraq, düşmən ölkə işğalçılıq siyasətini həyata keçirməyə məhkumdur. Əlbəttə, istənilən müharibədə, hərbi əməliyyatların başlayacağı təqdirdə son sözü Azərbaycan hərbçiləri deyəcək".

Ekspert bəyan edib ki, münaqişə müharibə yolu ilə həllini taparsa, ermənilər Dağlıq Qarabağda heç bir status və ya güzəşt əldə edə bilməyəcək: 

"Bu şans onların əlindən alınacaq. Ümumiyyətlə, hərbi əməliyyatlardan sonra düşmənin müqəddəratı bəlli olmayacaq. Rəsmi Bakı ötən illər ərzində Ermənistanın hərəkətlərinə kifayət qədər səbr göstərib. Əfsuslar olsun ki, Paşinyan hökuməti ona verilən vaxtdan yararalana, ölkəsində ciddi qərarlar qəbul edə bilmədi”.