"Hələ bilinmir karantin nə vaxt götürüləcək" - Ramiz Məlik

Koronavirus pandemiyasına qarşı aparılan mübarizə müsbət nəticəyə doğru davam edir. Qəbul olunan qərara əsasən aprel ayının 27-dən etibarən xüsusi karantin rejimi qaydaları tədricən yumşaldılacaq. Beləliklə ölkəmiz müəyyən etaplardan keçərək həmişəki günlərinə qayıda biləcək. Bunun üçün isə vətəndaşlardan səbr və təmkinlə yanaşı qanunlara tabe olmaları xahiş olunur. Yalnız dövlət nümayəndələri deyil, incəsənət aləminin sevilən simaları da çıxışlarında bunu qeyd edir. 

"Sherg.az" sevilən aktyor, Xalq artisti Ramiz Məliklə əlaqə saxlayıb,  gündəmlə bağlı fikirlərini öyrənib. Karantin rejiminin gedişatını dəyərləndirən aktyor, evdə qalaraq qaydalara əməl etdiyini söylədi:

-Kompüterə, televiziya kanallarına baxıram. Qanunlara mütəmadi əməl edirəm. Qanun, qanundur. Hamı üçün eynidir. Nə qədər qanuna riayət olunsa, karantin o qədər tez qurtarar.

"Karantindən sonra ilk işiniz nə olacaq?" sualına aktyor, karantin rejiminin nə vaxt sona çatacağı ilə bağlı dəqiq məlumat olmadığından bu haqda danışa bilməyəcəyini söyləyib:

"Hələ bilinmir karantin nə vaxt götürüləcək. Mayın 4-dən sonra bilmək olar. Hissə-hissə karantin rejimi ləğv olunacaq. Birdən-birə adamlara yaşıl işıq yandırılmayacaq.  Məktəblər də hissə-hissə dərsə başlayacaq. Birdən-birə birinci, ikinci sinif uşaqlar dərsə getsin, elə şey olmayacaq. Hələ heç nə  bilinmir. Ayın 4-ü gəlsin, görək nə olur. Ondan sonra demək olar.