"Karantindən çıxanda bəzilərində panik atak, aqressiya kimi hallar müşahidə olunacaq" - Psixoloq

Fərqanə Mehmanqızı: "Ancaq bu, karantinin yox, bütünlüklə pandemiyanın nəticəsidir"

"Həkimlərin, polislərin və jurnalistlərin çiyinlərinə böyük yük düşdü, çox yoruldular. Fikrimcə, karantinin bitməsini ən çox onlar istəyir. Bu peşə sahiblərinə yaxşı istirahət lazımdır"


 Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da artıq karantindən çıxış planı hazırlanır. Yumşalmalar da göstərir ki, yaxın müddətdə həyat əvvəlki axarına qayıda bilər.

Lakin ayın 27-dən, yəni karantin rejiminin tədricən yumşaldılmasından sonra maraqlı mənzərə yaranıb: Bəziləri evdə oturmağa öyrəşdiklərinə görə, çölə çıxmaq istəmir, bir qrup isə vəziyyətin tamamilə düzəldiyini zənn edərək yaradılan imkandan sui- istifadəyə can atır. Bu, onu deməyə əsas verir ki, insanların psixologiyası koronavirus pandemiyasını və karantin rejimini eyni cür qəbul etmədi.

"Sherg.az"ın əməkdaşı indiki şəraitlə bağlı oxucuları maraqlandıran suallara cavab tapmaq üçün psixoloq Fərqanə Mehmanqızıya müraciət edib. Həmin söhbəti təqdim edirik: 



- Fərqanə xanım, karantindən sonra insanların psixologiyasında nələr dəyişəcək?

- Həssas, psixoloji pozuntulara malik  insanlar həmişə var. Karantin bitəndən sonra da belələrinə rast gələcəyik. İnsanlarda panik atak, aqressiya kimi hallar müşahidə olunacaq. Ancaq bu, karantinin yox, bütünlüklə pandemiyanın nəticəsidir.

- Səbəb konkret olaraq nədir?

- Həm xəstəlik qorxusu, həm də assosiallaşma, yəni cəmiyyətdən təcridləşmə insanların psixologiyasına mənfi təsir göstərdi. Nəticədə bir çoxları depressiyaya düşdü. Məncə, karantindən sonra həyat daha gözəl olacaq. İnsanlar sosiallığın, yaşadıqları cəmiyyətin qiymətini biləcəklər. Həm də o qədər qeyri- adi bir iş yoxdur. Həyat yenilənəcək və əvvəlki kimi davam edəcək. Yenə iş qayğısı ilə yaşayanlar, iclasa, dərsə tələsənlər olacaq, paytaxt küçələrində maşınlar şütüyəcək...

- "İş" demişkən, belə şəraitdə gücləndirilmiş rejimdə çalışanların durumu necə olacaq? 

- Doğrudan da, son aylar həkimlərin, polislərin və jurnalistlərin çiyinlərinə böyük yük düşdü. Həm fiziki, həm mənəvi baxımından yoruldular. Fikrimcə, karantinin bitməsini ən çox onlar istəyir. Bu peşə sahiblərinə yaxşı istirahət lazımdır. 

- Karantin ən çox abituriyentlərə və tələbələrə təsir etdi. Qarşıdan onları imtahanlar gözləyir...
 
- Onsuz da hər tədris ilinin sonunda abituriyent və tələbələr stress keçirirlər. Hər il onlarca yeniyetmə, gənc uğurlu nəticə qazanmadığına görə intihara belə cəhd edir. Əlbəttə, bu il vəziyyət daha ağırdır. Çünki dərslər dayanıb, şagird və tələbər müstəqil məşğul olmağa məcburdurlar. Bu, o qədər də qorxulu deyil. Bir şərtlə ki, valideynlər övladlarına təzyiq göstərməsinlər. Əksinə, indi onlara dəstək lazımdır. Uşaq bir il gec universitetə daxil olsa, ya da diplom almasa, dünya dağılmaz. Ən vacib məsələ sağlamlıqdır. 

- Ümumiyyətlə, indi gözəgörünməz düşmənlə psixoloji cəhətdən necə mübarizə aparmaq lazımdır?

- Bəzən insanlar stressi yumora çevirirlər. Çünki əks halda stressə məğlub olacaqlarını bilirlər.

- Amma "Dünya necə tarac olur olsun..." deyərək məsələyə etinasız yanaşanlar da var.

- Xarakterlər fərqlidir. Bir ailə daxilində eyni məsələyə münasibət birmənalı deyilsə, cəmiyyətdə necə eyni yanaşma ola bilər? Heç bir düşüncənin sahibini, o cümlədən də laqeyd münasibət bəsləyənləri qınamaq olmaz. Adam var ki, heç bir mənfi mənalı sözü, eləcə də, xəstəlik adını eşitmək istəmir. Çünki psixakasını qoruyur. Onlar bu cür reaksiya göstərməsələr stressə düşəcəklərini anlayırlar.