ABŞ Dövlət Departamenti 2023-cü il üzrə insan haqlarına dair hesabatını açıqlayıb. Hesabatın Azərbaycana aid hissəsində yenə qərəzli, düzgün olmayan mövqe əks olunub. ABŞ-ın bu cür hesabatları real vəziyyəti əks etdirməkdən çox digər ölkələrə təzyiq aləti kimi istifadə olunur. Ümumiyyətlə, ABŞ-ın hər il “insan haqlarına” dair hesabatı dünyada artıq ciddi qəbul olunmur. Çünki onun hazırlanması zamanı ikinci, ya da üçüncü dərəcəli ABŞ diplomatlarının ölkələrdə sosial mediada yayılan neqativ məlumatları toplayıb dəqiqləşdirmədən, peşəkar təhlil aparılmadan hesabata daxil edilir.
Məsələ ilə bağlı “Sherg.az”a fikirlərini bildirən hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, Amerika Birləşmiş Ştatları hər il dünyanın müxtəlif ölkələri ilə bağlı insan hüquqları sahəsində hesabatlarını xaricdə olan "vətəndaşlarımızın" yazdıqları, Azərbaycanda olmayan, həqiqəti əks etdirməyən rəylər əsasında hazırlayır:
"Ötən gün Ermənistanla bağlı açıqlama yayılıb ki, orada insan hüquqları kobud pozulur. Vardanyan kimi separatçıya, çirkli pulları yuyan və müharibəyə təşviq edən birinə nobel mükafatı təqdim etmək istəyirlər. Həmin hesabatlar da bunun eynisidir. Bunun üçün bütün Azərbaycan vətandaşları ölkədəki məsələləri həll etməlidir. Heç bir hesabata məhəl qoymamalıyıq. Yeri gəldikdə vacib mövzularda ABŞ və Avropa ilə mütləq dioloqa girməliyik. Cənab İlham Əliyevin çıxışında dediyi kimi, bizi müsəlman olduğumuz üçün heç vaxt Avropa ittifaqına qəbul etməyəcəklər. Məsələn, onlar Türkiyəni də illərdir güclü, demokratik dövlət olaraq qəbul etmirlər. Bir sözlə, onların neqativ fikirlərindən qorxmaq lazım deyil. Heç bir beynəlxalq təşkilatlara bel bağlamamalıyıq. Çünki həmin təşkilatlar 30 ildir ki, hər bir ədalətsizliyə gözlərini yumublar. Həm Ermənistandan, həm də öz torpaqlarımızdan 1 milyondan çox qaçqınımız var idi. Buna baxmayaraq, Ermənistana qarşı bir dənə də olsun qətnamə qəbul edilmədi. Ona görə də problemlərimizi özümüz həll etməliyik".