Akif Nağı: Sülh prosesi yerindən tərpəndi

Paşinyan belə davam edərsə, nəticələr əldə etmək mümkün olacaq
 
“Baş verənlər ümidvericidir. İlin sonunadək sülhün çərçivə sazişinin imzalanması gözləniləndir"
 
 
 
 Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Ermənistan parlamentinin Müdafiə və milli təhlükəsizlik üzrə komissiyasının rəhbəri Andranik Koçaryan deyib ki, Tavuş rayonundakı ərazidə dövlət sərhədi müəyyən edildikdən sonra sərhədçilər tərəfindən mühafizə olunacaq. Bundan sonra sərhədin bütün perimetri boyunca proses davam etdirilməlidir: “İş mübahisəli olan ərazilərə də çatacaq. Ermənistanın suveren ərazisində Azərbaycan qüvvələri var və danışıqlar prosesi başlayacaq ki, sərhədlər düzgün çəkilsin və tərəflər qəbul etsinlər: onlara məxsus olan onlarındır, bizə aid olan isə bizimdir”. Onun sözlərinə görə, ola bilsin ki, proses zamanı mübahisəli ərazilər müvəqqəti olaraq saxlanılsın: “Biz sadəcə olaraq demirik ki, bura bizimdir, bura isə onların – bunun üçün çoxsaylı hüquqi sənədlər və xəritələr var”.
 Ekspertlərin fikrincə, Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi Cənubi Qafqazda sülhün, sabitliyin və əmin-amanlığın təmin edilməsi məsələsində əsas faktordur. Çünki iki ölkə arasında mübahisəli ərazilər qaldıqca yeni savaş təhlükəsi həmişə mövcud olacaq. Ona görə də indi delimitasiya və demarkasiya prosesinin böyük sürətlə və dəqiqliklə aparılması Azərbaycanla yanaşı, Ermənistan üçün də olduqca vacibdir. Ermənistanda da artıq anlayırlar ki, ölkənin təhlükəsizliyinin təminatında delimitasiya prosesi xüsusi rol oynayır. Ona görə də Paşinyan hakimiyyətinin bəzi təmsilçiləri artıq bu barədə açıqlama verir, delimitasiya prosesinin Ermənistan üçün taleyüklü və həlledici məsələ olduğunu vurğulayırlar. Bu baxımdan hesab etmək olar ki, Paşinyan hakimiyyəti tərəfindən delimitasiya prosesinə hər hansı bir əngəl törədilməyəcək.

 Azad Vətən Partiyasının sədri Akif Nağı "sherg.az"a açıqlamasında bildirib ki, sərhədlərin demarkasiyasına start verilməsi ilə Azərbaycanla Ermənistan arasında sülh prosesi yerindən tərpəndi. Partiya rəhbərinin sözlərinə görə, uzun müddətdir sülh və sərhədlərin müəyyənləşməsi ilə bağlı müzakirələr getsə də, buna mane olan amillər var idi:
 "Prosesi tormozlayan məsələlərdən biri Qazax və Naxçıvanın 8 kəndinin işğalda qalması ilə bağlı idi. Artıq Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı razılıq var. Maneələrdən biri aradan qalxdı. Hər halda prosesin başlanmasının özü mühüm amildir. Müəyyən problemlər çıxsa da, irəliyə doğru yol almaq mümkün olacaq. Çünki Ermənistan hökuməti də maraqlı görünür. Ən azından prosesi ləngitmək, pozmaq istiqamətini tutmur. Ermənistan ictimaiyyəti də reallığı dərk etməyə, başqa qurtuluş yolunun olmadığını anlamağa başlayır. İrəvan hökuməti əhaliyə başa salır ki, Azərbaycan və Türkiyə ilə münasibətlər qurulmazsa, ermənilərin aqibəti yaxşı olmayacaq. Əgər Paşinyan belə davam edərsə, nəticə əldə etmək olar".

 A.Nağı onu da əlavə edib ki, Ermənistanın adətən kənardan aldıqları tapşırıqları icra etməsi, asan yollarla təhrik edilməsi bir qədər narahatlıq da yaradır:
 "Fransa kimi ölkələr Ermənistandan öz məqsədləri üçün alət kimi istifadə etsələr, proses yenidən dalana dirənə bilər. Lakin hələlik proseslər Azərbaycan və Türkiyənin cızdığı yol xəritəsi üzərindən irəliləyir. Regionda sabitliyin olması, münasibətlərin normallaşması və sülh müqaviləsinin imzalanması üçün ən optimal metod Azərbaycan-Türkiyə tandeminin müəyyən etdiyi yoldur. Artıq Rusiya da bununla razılaşır. Rusiya-Azərbaycan arasında xoş münasibətlərin formalaşması yaxşı haldır. Eyni zamanda Azərbaycanın Qərb ölkələri ilə əlaqələri də normallaşır. Cənab Prezidentin həftə sonu Almaniyaya səfəri gözlənilir. Orada müəyyən məsələlərin razılaşdırılacağına şübhə yoxdur. Yəni proseslər ümidvericidir. İlin sonudək sülhün çərçivə sazişinin imzalanması gözləniləndir".