Bir müəllim iki fənn tədris edəcək ? ! -  "Məcburiyyətdən doğan zərurət" - Kadr çatışmazlığı !

“Müxtəlif ixtisasları mükəmməl bilən müəllimlər çox azdır”

“Hətta bəzi kəndlərdə ingilis dilini, coğrafiyanı, tarixi bilən bircə müəllim də tapmaq olmaz”



Nazirlər Kabineti “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nı təsdiq edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası” təsdiq edilib.

Bu Qayda “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 36-1.1-ci və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddələrinə uyğun olaraq hazırlanmışdır və pedaqoji fəaliyyətlə məşğul olma qaydasını müəyyən edir.

Qərarda, həmçinin göstərilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)”nın 6.3-cü bəndinə əsasən, kənd rayonlarında yerləşən dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda, məzmun və mahiyyət etibarilə uyğun fənlərin (kimya-biologiya, biologiya-kimya, fizikariyaziyyat, riyaziyyat-fizika, riyaziyyat-informatika, informatikariyaziyyat, tarix-coğrafiya, coğrafiya-tarix) müvafiq fənn müəllimi tərəfindən tədrisinə Nazirliyi məlumatlandırmaqla, təhsil müəssisələri tərəfindən yol verilir.

 Məsələ ilə bağlı "Sherg.az"a danışan təhsil eksperti Nabətəli Qulamoğlu bunu "məcburiyyətdən doğan zərurət" adlandırdı: 

"Belə hallar əvvəllər də olurdu. Sadəcə indi rəsmiləşdirilib. Çünki çıxılmaz vəziyyət yaranıb. Müxtəlif ixtisasları mükəmməl bilən müəllimlər çox azdır. Hətta bəzi kəndlərdə ingilis dilini, coğrafiyanı, tarixi bilən bircə müəllim də tapmaq olmaz. Ona görə də hökumət bu addımı atmağa məcburdur. Əlbəttə, bu, arzuolunan deyil. Lakin reallığı nəzərə alsaq, optimal variantdır". 

 Ekspertin fikrincə, bəzən təcrübə ilə də ixtisasa yiyələnmək mümkündür:

"Məsələn coğrafiya müəllimi olmaq üçün mütləq ali məktəbdə bu ixtisası oxumaq şərt deyil. Təcrübə daha vacibdir, nəinki diplom. Mən həmişə deyirəm ki, diplom insana bilik vermir".

 N. Qulamoğlu, həmçinin kadr çatışmazlığından da gileyləndi:

"Kadr ehtiyatı 30 faizdir. Diaqnostika, sertifikasiya prosesləri ləng gedir. Ona görə də belə hallar yaşanır".