Pandemiya dövrü televiziya müstəvisində: Verilişlərin yeni üslubu  və format dəyişikliyi


Tarixin müxtəlif dövrlərində irimiqyaslı pandemiyalar bəşəriyyəti yeni yaşam tərzinə uyğunlaşdırıb. Ötən əsrlərdə də yaşayış yerlərində müxtəlif yoluxucu xəstəliklərin kütləvi şəkildə yayılması çoxsaylı insan ölümlərinə səbəb olmuşdur.

Yeni tipli pnevmoniya - COVID-19 virusu 2019-cu ilin dekabr ayının ortalarında, Çinin Uhan şəhərində aşkar olundu. Dekabrın 31-də Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdikdən sonra Çin alimləri yeni koronavirusun genetik ardıcıllığını təyin edib, onun şiddətli kəskin tənəffüs sindromuna səbəb olan SARS-CoV virusuna ən azı 70 faiz bənzədiyini müəyyən etdilər.

Beləliklə, Uhanda 2020-ci il yanvarın 22-dən karantin rejimi tətbiq etməyə qərar verildi. Bununla yanaşı yanvarın 24-dən isə Uhana bitişik olan Huanqan, Eçjou, Çibi və Çjitsyan şəhər rayonlarında da karantin elan olundu. Yanvarın 30-da ÜST-ün Fövqəladə Komitəsinin iclasında, yeni koronavirusun yayılması beynəlxalq narahatlıq yaradan vəziyyət kimi qəbul edildi və fevralın 11-də infeksiya COVID-19 adlandırılaraq, martın 11-dən pandemiya xəbəri verildi.

Müxtəlif şəhərlərdə nəqliyyat məhdudlaşdırıldı. Ənənəvi məbəd yarmarkaları və digər təntənəli yığıncaqlar da daxil olmaqla bir çox tədbirlər yoluxma ilə bağlı ləğv edildi. Honq Konqda da yoluxucu xəstəliklərə qarşı tədbirlər artırıldı və fövqəladə hal elan edildi, fevralın ortalarına qədər məktəblər bağlandı.

Yanvarın 30-da Ümumdünya Səhiyyə Təşkilatı xəstəliyin digər ölkələrə və Çinin bütün əyalətlərinə yayıldığı üçün beynəlxalq fövqəladə hal elan etdi. Və beləliklə, dünyanın 215 ölkəsinə yayılan xəstəlik bir sıra zəruri məhdudiyyətlərə səbəb oldu. Ölkələrarası nəqliyyat məhdudluğu, genişmiqyaslı tədbirlərin ləğv olunması, sosial izolyasıya 21-ci əsr insanının gündəlik rejiminə çevrildi.

Azərbaycanda sosial səhiyyəyə-- kritik infrastruktur sisteminin ən vacib hissəsi kimi baxılmasının vacibliyinə nəzər yetirək.

Azərbaycan Prezidenti İlham Əliyev Goranboy rayonuna səfəri zamanı çıxışında hazırda mövcud olan həssas durumla bağlı əhaliyə məlumat verdi. Prezidentin nitqi, dünya təcrübəsində pandemiya və s. analoji şəraitdə görülməli olan, “böhran kommunikasiyası” adlanan, xalqın mötəbər mənbələrdən məlumatlandırılması kimi ən optimal yol hesab edilə bilər. Bir sıra səhiyyə sahəsində bilavasitə sosial kommunikasiyaya cavabdeh qurumlardan fərqli olaraq, Prezidentin koronavirusla bağlı karantin vəziyyətinin tətbiqinə baxmayaraq, əhalinin arasında olması, xalqı şəxsən məlumatlandırması-- səhiyyənin taleyüklü istiqaməti olan sosial kommunikasiyanın ən mötəbər qaynağı, örnəyi olduğunu vurğuladı.

Dövlət başçısı xüsusi qeyd etdi ki, Azərbaycanda səhiyyə siyasəti yalnız vətəndaşların sağlamlığının qorunması və onun maddi-texniki bazasının möhkəmləndirilməsinə deyil, eyni zamanda, fövqəladə, gözlənilməz hadisələrdən müdafiə edilməsinə hesablanıb. Virusla bağlı Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. Dərmanların alınmasına 10 milyon manat vəsait ayrılıb. Ümumdünya Səhiyyə Təşkilatı ilə xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı məsələ öz həllini tapıb. Prezident həmçinin apteklərdə bir sıra zəruri tibbi ləvazimatların, o cümlədən maskaların çatışmazlığını aradan qaldırması üçün zəruri göstərişlər verdi. Ölkədə Koronovirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və ölkə başçısı və ölkənin Birinci vitse-prezidenti bir illik maaşlarını bu fonda köçürdülər. Bununla da bir sıra şirkətlər, sahibkarlar, iş adamları, hətta sıravi vətəndaşlar da ölkə başçısının bu çağırışına qoşularaq ümumbəşəri pandemiyanın aradan qaldırılması üçün öz kömək əllərini uzatdılar. #Evdəqal devizi dövrün şüarına çevrildi, insanların sosial izolyasıyası vacib şərt kimi qiymətləndirildi.

Tarix boyu mədəniyyət, ədəbiyyat və incəsənət sahəsi bütün cərəyanlarda ən vacib vasitə olaraq insanlara təsir gücünü sübut edib. Bu gün kütləvi informasiya vasitələri var-gücü ilə bu cərəyanda informasiya dəqiqliyi, mövzu əhatəliyi ilə vəziyyətə daha geniş rakursdan baxmağa imkan verir. Azərbaycan Mətbuat Şurasının sifarişi ilə və Azərbaycan Respublikasının Prezidenti yanında KİV –in İnkişafına Dövlət Dəstəyi Fondu və “Dinc dünya” Araşdırma Mərkəzinin birgə tərtib etdikləri “Ekstremal jurnalistin əl ktabı”nın “Ekstremal şəraitdə işləyən jurnalistlər üçün Sərhədsiz Jurnalist Təşkilatının təklif etdiyi qayda və prinsiplər” adlı məqaləsində qeyd olunur: “İnformasiyanın araşdırılması, əldə edilməsi və yayılması hüququ Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsində tanınmışdır. Bu hüquq həmçinin 130 ölkənin imzaladığı 16 dekabr 1966-cı il tarixli Mədəni və Siyasi Hüquqlara dair sazişdə (2-ci sənəd), bəzi regional saziş və öhdəliklərdə də təkrarlanır. (Saziş 23 mart 1976-cı ildə qüvvəyə minib). Ümumdünya İnsan Hüquqları Bəyannaməsi 10 dekabr 1948-ci ildə qəbul edilib.

Maddə 19. Hər bir şəxs, düşüncə və söz azadlığına sahibdir, bu hüquq düşünənləri heş bir müdaxilə olmada açıqlamanı, eyni zamanda hər növ bilgi və düşüncəni bütün .əraitlərdə sərhədsiz olaraq öyrənmək, mənimsəmək və yaymağı tələb edir.

Maddə 19.1. Hər bir şəxs heç bir müdaxilə olmadan düşüncə azadlığa malikdir.

2. Hər bir şəxsin söz azadlığı var, bu hüquq hər cür informasiya və düşüncəni istər sözlü , istər yazılı və ya mətbu, istərsə də sənət əsəri halında , ya da şəxsin özünün seçdiyi istənilən formada olsun – məhdudiyyət qoyulmadan öyrənmə, mənimsəmə və yayma hüququnu əhatə edir.

Bu maddənin ikinci bəndində bəhs olunan hüquqların istifadə olunması xüsusi vəzifə və məsuliyyətlər nəzərdə tutur. Bunlar qanunvericilikdə göstərilən və aşağıdakı zərurətlərəəsaslanan hallarda məhdudlaşdırıla bilər :

a) Başqalarının hüquq və azadlıqlarına hörmət göstərilməsi;

b) Milli təhlükəsizlik və ya ictimai nizamın, yaxud da ictimai sağlamlğın və ya əxlaqın qorunması.

Mədəni, Siyasi Hüquqlar haqqında Beynəlxalq Sazişi dünyanın 137 ölkəsi imzalayıb və radifikasiya edib“.

Buradan da göründüyü kimi jurnalist tələb olunan qaydalara ciddi nəzarət edərək bu gündə qlobal dünyada baş verənləri dəqiq, qərəzsiz çatdırmalıdır.

Ölkəmizdə 6 dövlət (2 regional), 17 özəl (9 regional), 3 peyk olmaqla 26 televiziya, 4 dövlət və 12 özəl ( 3 regional) olmaqla 16 radio, çoxsaylı sayt, jurnal və qəzetlər fəaliyyət göstərir. Və bu Kütləvi İnformasiya Vasitələrində müxtəlif sahələri özündə əks etdirməklə yanaşı incəsənət sahəsinə xüsusi yer ayrılır. Tamaşaçı üçün hər zaman maraqlı olan tanınmış incəsənət nümayəndələrinin müxtəlif mövzulara münasibətləri çoxsaylı marağa səbəb olur. Bu səbəbdəndir ki, ölkədə elan olunan karantin rejimində “Evdə qal, evdə yarat” prinsipi ilə televiziyalarda bir sıra layihələr hazırlandı. AzTv-də “Eyvana çıx” layihəsi öz orjinal ekran həlli ilə seçildi. Belə ki, incəsənət nümayəndələri müğənnilər öz yaşadıqları evin eyvanından konsert proqramı ilə çıxış edərək evdə qalan sakinləri və ekran qarşısında əyləşən tamaşaçılarda xoş ovqat yaratdı. Canlı yayımlanan bu proqram sakinlərin digər insanlarla ünsiyyətinə səbəb olaraq daha da marağı artırdı. Yenə AzTv-də “Evdə qal” layihəsi hər gün saat 17:00-dan etibarən bir neçə saat yayımlanaraq həm gündəlik yenilikləri tamaşaçıya çatdırır, həm də müxtəlif sahələrin, istər elm, istərsə də siyasi-iqtisadi, incəsənət və mədəniyyət sahəsinin tanınmışları ilə skayp vasitəsilə canlı bağlantılar quraraq onları tamaşaçılarla görüşdürür. Və bu insanlar da öz növbəsində cəmiyyəti maariflənməyə, qorunmağa və inkişafa səsləyirlər. O cümlədən labüd olan layihələr də format dəyişikliyi ilə yayımlanmağa başladı. Misal olaraq İctimai televiziyada yayımlanan “Dikdaban” qadın proqramı öz 3 aparıcısı ilə gündəmdə olan müxtəlif xəbərləri təqdim, təhlil etməklə yanaşı hər hansı mövzu ilə əlaqədar dəvət olunan qonaqla müzakirəsi ilə maraqlı idisə, karantin rejimində isə evdən çıxmayaraq skayp vasitəsilə onlayn görüntü ilə hər bir aparıcı öz internet pəncərəsindən bu ənənəni davam etdirdilər ki, bu da özünəməxsusluğu ilə diqqət çəkdi.

AzTv-də hər səhər “Gün başladı” verilişinin yayımı da məlum rejimlə əlaqədar özündə format dəyişikliyi etməklə yenə də skayp vasitəsilə dünyanın bir sıra ölkələrində yaşayıb yaradan həmvətənlərimizi tamaşaçılarımızla görüşdürdü. Bu qəbildən olan layihələr ölkədə fəaliyyət göstərən digər televiziyalarda da öz əksini tapdı.

Televiziyaların proqram şəbəkəsində yer alan veriliş və xəbər buraxılışları ilə bərabər hazırlanan xüsusi maarifləndirmə məzmunlu əyləncəli-musiqili video-çarxlar isə öz təsiretmə gücünə görə xüsusilə fərqləndi. Ölkənin tanınmış, sevimli incəsənət xadimləri öz musiqi töhfələri ilə sakinlərlə onlayn görüşdü ki, bu da darıxdırıcı, gərgin karantin günlərində tamaşaçılara məhz televiziya vasitəsilə xoş əhval bəxş etdi.

Jurnalistikanın tarixi inkişaf prosesinə nəzər yetirsək görərik ki, o çoxşaxəli ictimai fəaliyyət kimi konkret prinsiplərə əsaslanır. Dünyanın bir sıra ölkələrində jurnalistikanın müxtəlif sahələrində spesifik çətinliklərin olması labüddür, lakin təyin olunmuş prinsiplər bütün dünya mediası üçün keçərlidir. Bu barədə filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli ”Jurnalistikanın əsasları” kitabında yazır: “Əhalini məlumatlandırmağa xidmət edən jurnalistika sistemi, cəmiyyətləri mühərrik kimi hərəkətə gətirən media dünyanın hər yerində normativ səciyyə daşıyır. Elə bu səbəbdən də media hər yerdə eyni prinsiplərə (qayda, norma və meyarlara) əsaslanaraq fəaliyyət göstərməlidir.

1997-ci ildə ABŞ-ın görkəmli jurnalist xadimləri Harvard Universitetinin “Müəllimlər klubu”na yığışaraq, mediadakı vəziyyəti müzakirə etdilər. Kədərli faktlar açıqlandı, jurnalistikanın ağır durumu, o cümlədən bu sahənin biznesin, əyləncənin təsiri altında qüruba getməsi barədə danışıldı. Bu mənzərə ciddi həyəcan təbili çalmağın vaxtının yetişməsindən xəbər verirdi. Tezliklə Narahat Jurnalistlər Komitəsi yaradıldı. Komitə üzvləri iki il ərzində 3 mindən çox mütəxəssisin iştirak etdiyi saysız-hesabsız görüşlər, forumlar keçirdi, qəzet redaksiyalarında, teleradio studiyalarında, universitet laboratoriyalarında oldu, ictimaiyyət nümayəndələri ilə görüşdü, mətbuatın vəziyyəti ilə bağlı sistemli və dərin araşdırmalar apardı, ayrı-ayrı qəzet, jurnal, radio, telekanal və veb-saytların fəaliyyət prinsiplərini öyrəndi. Bu araşdırmalar, jurnalistika nəzəriyyəsinə və bütövlükdə jurnalistika mədəniyyətinə bir sıra töhfələr verməklə yanaşı, onun əsas mahiyyət və məqsədinin dəyişmədiyini də göstərdi. Bir daha bəyan edildi ki, jurnalistikanın əsas məqsədi vətəndaşların azad cəmiyyətdə sərbəst fəaliyyət göstərə bilmələri üçün onları dəqiq və etibarlı məlumatlarla təmin etməkdir. Məhz bu məqsədin gerçəkləşdirilməsi üçün adını çəkdiyimiz komitə müasir dünya jurnalistikası üçün, təbii ki, həm də bütün jurnalistlərin razlaşdığı və vətəndaşların da etibar etdiyi 9 əsas prinsipi müəyyənləşdirmişdir:

1. Jurnalistin əsas vəzifəsi həqiqəti üzə çıxarıb auditoriyaya çatdırmaqdır;

2. jurnalstikanın əsas mütəffiqi maraqlarına xidmət edən cəmiyyət və vətəndaşlardır;

3. jurnalistikanın mahiyyəti faktlara əsaslanmaq və faktları yoxlayıb dəqiqləşdirməkdədir;

4. jurnalist fəaliyyətini işıqlandırdığı subyektlərdən (ilk növbədə hakimiyyətdən və biznes qurumlarından) öz müstəqilliyini qoruyub saxlamalıdır;

5. jurnalistika hakimiyyət üzərində müstəqil müşahidəçi və nəzarətçi kimi çıxış etməlidir;

6. jurnalistika cəmiyyətdə kompromis əldə edilməsi və tənqid üçün ictimai forum olmalıdır;

7. mühüm və vacib olanları əhəmiyyətli və maraqlı etməyə can atmalıdır;

8. xəbərləri anlaşıqlı və ölçülü verməlidir;

9. jurnalstlərə öz vicdanlarının diqtəsi ilə hərəkət etməyə imkan verilməlidir.”

Bəşəriyyət üçün həssas olan pandemiya dövründə bütün dünya mediasının birmənalı şəkildə səfərbər olduğu eyni mövzu ətrafında jurnalistlər göstərilən bu prinsiplərə demək olar ki, faiz çoxluğu etibarilə riayət etməyə çalışmışlar. Mühüm, vacib hesab olunan əhəmiyyətli məlumat və faktları jurnalistin cəmiyyətə dəqiq, doğru, qərəzsiz, anlaşıqlı çatdırılmasını təmin etdilər. Ümumiyyətlə, jurnalistikanın əsas və aparıcı fəaliyyət göstəricisi informasiya janrıdır. Kütləvi informasiya vasitələri məhz informasiya əldə etmə potensialı ilə öz mövqeyini təyin edir. Təqdim olunan xəbərin ictimai maraq kəsb etmə xarakteri əsasdır. Təqdim olunan xəbərlərin mahiyyətini əhəmiyyətli edən məhz reportajlardır.

Filologiya elmləri doktoru, professor Cahangir Məmmədli ”Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” dərsliyində qeyd edir: ”Reportaj jurnalistikada ən populyar, işlək informasiya janrları sırasındadır. Qərb ölkələrində ümumiyyətlə jurnalistin “reportyor”adlandırılması da bu janrın mahiyyətindən yaranıb. Reportaj jurnalistikanın çox müraciət etdiyi janrdır, geniş informasiyadır. Reportaj hər hansı hadisə haqqında bu hadisənin mütləq şahidi olan jurnalistin geniş informasiyasıdır. Bu janr hadisələri şahidin gözü ilə elə canlı təsvir edir ki, sanki tamaşaçı özü hadisələrin içərisində iştirak edir. Reportaj, əsasən, emosional, diqqəti cəlb edəcək hadisələrə həsr edilir. Mitinqlərdən, piketlərdən, döyüş səhnələrindən, yanğın hadisəsindən, məhsul yığıımından, istehsalat prosesindən, raket sınaq meydanından və s. məqamlardan canlı reportajlar hazırlanır”.

Göründüyü kimi pandemiya dövründə müxbirlərin hazırladıqları reportajların canlı-canlı hadisə yerindən vermələri informasiyanın mahiyyətini daha dəqiq təqdim edir. Ölkə teleməkanının bütün televiziya kanallarının xəbərlər buraxılışında hazırlanıb təqdim olunan reportajların hər biri tələb olunan bütün normativləri özündə ehtiva etməklə tamaşaçılara dogru, düzgün xəbərləri çatdırır.

Beləliklə, 2020-ci ilin ilk aylarından başlayaraq tüğyan edən yeni tipli pnevmoniya COVID-19 pandemiyası bütün sahələrə öz təsirini göstərməklə bərabər dünya televiziya tendensiyasına yeni funksiyalar daxil etməklə ümumbəşəri cərəyanın təsir gücünü artırdı və bir vasitə kimi əvəzolunmaz olduğunu sübut etdi.

Fəxriyyə İsayeva, telejurnalist, doktorant