Əyalət qəzetləri sıradan çıxır

Vəsait ayrılmasına yol verən mexanizm işlənib hazırlanmalıdır

  “Dövlət orqanları region qəzetlərinə abunə olmaq, büdcədən onların hesabına vəsait köçürmək üçün mütləq tender keçirməlidir”. Bu sözləri “Sherg.az"a  açıqlamasında iqtisadçı ekspert Rauf Qarayev deyib.
  Rayon qəzetlərindən bu barədə tez-tez şikayətlər eşitdiyini vurğulayan ekspert deyib ki, regionlarda qəzetlərin sayı azdır. Hər rayonda demək olar ki, cəmi bir qəzet var. Tender proseduruna görə də ən azı üç redaksiya qoşulmalıdır ki, biri qalib elan olunsun: “Təklif edirəm ki, bu məsələ ilə bağlı qanunvericilikdə dəyişiklik edilsin və rayon qəzetləri istisna hal kimi göstərilsin. Yəni büdcə təşkilatları yerli qəzetlərə abunə olduqda vəsaiti onların hesabına tenderdən kənar köçürmək mümkün olsun. Əks halda region qəzetlərinin ayaqda qalması mümkünsüz olacaq. Rayonlarda reklam bazarı sıfır vəziyyətindədir. Sahibkarlar reklam verməkdə maraqlı deyillər. Əyalət qəzetlərinin hamısında vəziyyət eynidir. Bunun üçün də şəhər və rayon icra hakimiyyətlərinin yerli mətbuata kömək məqsədi ilə vəsait ayrılmasına yol verən mexanizm işlənib hazırlanmalıdır. Ən azından dövlət büdcəsindən yerli büdcələrə qəzetlərin gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz olaraq maliyyə vəsaiti-dotasiya ayrılmalıdır”.