Ermənistanın suveren ərazisindən keçən bütün yollara yalnız Ermənistan nəzarət edəcək. Bunu Ermənistan Baş nazir aparatı rəhbərinin müavini Taron Çaxoyan deyib.
Çaxoyan bildirib ki, heç bir tərəfin nəzarəti altında Ermənistan ərazisindən keçən hər hansı dəhlizdən, yoldan söhbət gedə bilməz.
Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Azərbaycan dövləti açıq şəkildə Ermənistan daxilində hansısa işə nəzərət etməyə iddiasının olmadığını bəyan edib:
“Zəngəzur dəhlizinin Ermənistanda olan hissəsinə təbii ki, özləri nəzarət edəcək və onu kimsə mübahisə mövzusuna çevirmir. Sadəcə olaraq Azərbaycanın istəyi fərqlidir. Yəni bizim təklifimiz ondan ibarətdir ki, Şərqi Zəngəzurdan Naxçıvana və əks istiqamətdə hərəkət edən yüklərə, nəqliyyat vasitələrinə Ermənistan nəzarət etməsin. Çünki bu Azərbaycanın bir ərazisindən başqa bölgəsinə gedən nəqliyyat vasitələri, yüklər və sərnişinlərdir. Azərbaycan sözügedən prosesi uzun müddətdir Ermənistana başa salmağa çalışır. Ermənistan üçüncü tərəflərin həmin yoldan istifadəsi zamanı onlara nəzarət edə bilər. Bu Ermənistanın öz şəxsi işidir və heç kim qarışa bilməz. Əslində, Ermənistan Azərbaycanın təklifini qəbul etməyə hazırdır. Lakin 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatda Zəngəzurdan keçən yola Rusiya sərhədçilərinin nəzarəti nəzərdə tutulub və Ermənistan bunu istəmir. Rusiyanın həmin yola nəzarət etməsi düzgün deyil. Ermənistan Zəngəzur dəhlizinin Azərbaycanın şərtləriylə faəliyyətə başlamasında həvəslidir. Azərbaycan üçüncü tərəflərin həmin yoldan keçməsinə heç hir halda qarışmır. Ermənistan öz nəzarətini tətbiq edə bilər”.