Paşinyan hökuməti Şahramanyan, Balasanyan və digər terrorçu-separatçı fiqurlarla bağlı qəti addımlar atmalıdır
Ermənistanda separatizm və Qarabağ münaqişəsi ilə bağlı hüquqi və siyasi məsələlər hələ də aktuallığını qoruyur. Son dövrlərdə, ləğv edilmiş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyanın həbs olunacağı xəbəri diqqət çəkib. “Joqovurd” nəşrinin məlumatına görə, Şahramanyan bu gün növbəti dəfə Ermənistan İstintaq Komitəsində dindiriləcək. Onun 44 günlük müharibə ilə əlaqədar açılmış cinayət işi üzrə artıq 12 dəfə dindirildiyi bildirilsə də, bu dəfə konkret ittihamın irəli sürülməsi və həbs üçün məhkəməyə vəsatət təqdim olunması istisna edilmir. Eyni zamanda, separatçıların İrəvandakı ofisinin də tezliklə bağlanacağı bildirilir. Bu addımlar, həm keçmişdə separatçılıq fəaliyyəti ilə məşğul olmuş şəxslərin məsuliyyətə cəlb edilməsi, həm də Ermənistanın hüquqi sisteminin güclənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a açıqlamasında Ermənistan İstintaq Komitəsinin vaxtilə Qarabağda separatçılıq fəaliyyəti ilə məşğul olmuş bütün şəxslər barəsində hüquqi tədbirlər görməli olduğunu vurğulayıb:

"Samvel Şahramanyanın həbs edilməsi məsələsi əslində çoxdan gündəmdə olmalı idi. Ermənistan İstintaq Komitəsi vaxtilə Qarabağda separatçılıq fəaliyyəti ilə məşğul olmuş bütün şəxslər barəsində hüquqi tədbirlər görməlidir. Çünki beynəlxalq hüququn prinsipləri bunu tələb edir. Qarabağda separatçılıqla məşğul olan şəxslərə Samvel Şahramanyan, Vitali Balasanyan və digərləri daxildir. Eyni zamanda Robert Köçəryan və Serj Sarkisyan kimi şəxslər də vaxtilə separatçılıq fəaliyyəti və terror əməlləri ilə məşğul olduqlarına görə həbs edilməli və qanun qarşısında bərabər cavab verməlidirlər. Lakin reallıqda Ermənistan mövcud məsələyə bu şəkildə yanaşmayacaq. Ermənistanın Samvel Şahramanyanla bağlı atdığı addım əsasən onun 44 günlük müharibə dövründəki fəaliyyəti ilə əlaqədardır. O, həmin müharibə ilə bağlı dindiriləcək. Qeyd etmək lazımdır ki, həmin dövrdə Şahramanyan separatçı quruma rəhbərlik etmirdi. O zaman separatçı rejimin rəhbəri Araik Arutyunyan idi. Hazırda o, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasındadır. Onların məhkəməsi keçirilir və kütləvi cinayətlərə görə məsuliyyət daşıyırlar".
Politoloq hər bir halda Ermənistanın bu separatçı fiqurlardan qurtulmalı olduğunu söyləyib:
"Onlar törətdikləri əməllərə görə hüquq qarşısında cavab verməlidirlər. Əgər Nikol Paşinyan hökuməti doğrudan da normal, hüquqi və sivil dövlət qurmaq istəyirsə, Şahramanyan, Balasanyan və digər bu kimi terrorçu-separatçı fiqurlarla bağlı qəti addımlar atmalıdır. Şahramanyanın istintaqa verdiyi ifadələrdə böyük ehtimalla Paşinyan hakimiyyəti üçün bir sıra mühüm həqiqətlər üzə çıxacaq. Bundan sonra isə separatçılara qarşı zəruri tədbirlərin görüləcəyi ehtimal olunur. Çünki bu şəxslər faktiki olaraq xarici dövlətlərin əlində alətə çevriliblər və Ermənistan müxalifəti ilə birləşərək Nikol Paşinyan hökumətinə qarşı fəaliyyət göstərirlər. Bu prosesdə həm Ermənistan kilsəsi, həm də Qarabağ separatçıları eyni cəbhədə çıxış edirlər. Paşinyan hökuməti kilsə ilə necə mübarizə aparırsa, eyni zamanda separatçıların da siyasi təsir imkanlarını məhdudlaşdırmalı, onların səsini kəsməlidir".