Azərbaycan Ermənistana benzin ixracına başladı
Bu addımlar Ermənistan seçkilərinə və regionda qalıcı sülhə təsir edəcək
Bakı-İrəvan arasında sülh gündəliyinə uyğun olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb. SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin dekabrın 18-də Ermənistana yola salınıb. Bununla bağlı razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilib. Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğun satılacaq. Dekabrın 8-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, dekabrın 5-də Tbilisi tərəfdaşlarından Gürcüstan ərazisindən keçməklə Azərbaycandan Ermənistana birdəfəlik yanacaq tranzitinin reallaşdırılması üçün müraciət alıb: "Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin qərarı ilə Gürcüstan Dəmir Yollarına göstəriş verilib ki, dərhal birdəfəlik əsasda yüklərin dəmiryolu ilə tamamilə pulsuz daşınması həyata keçirilsin". Ekspertlərin fikrincə, bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda, praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir. Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan da Azərbaycan istehsalı olan neft məhsulları ilə yüklənmiş qatarın Ermənistana göndərilməsini alqışlayıb: "Ticarət özəl şirkətlər arasında həyata keçirilir, lakin məhz Ermənistan Respublikası ilə Azərbaycan arasında bərqərar olunmuş sülh bunun üçün siyasi şərait yaradıb". Paşinyan rusiyalı tərəfdaşlarından bir sıra dəmir yolu xətlərinin təcili bərpasını xahiş etdiyini bildirib. Məlumata görə, söhbət Yerasx (Arazdəyən) Naxçıvanla sərhədə qədər olan dəmir yolu xətti və Axurikdən Türkiyə ilə sərhədə qədər olan dəmir yolu xəttindən gedir. Həmçinin, Paşinyan Qazax-İcevan dəmir yolu sahəsi ilə bağlı məsələni də gündəmə gətirməyi planlaşdırdığını qeyd edib və Rusiya tərəfdaşlarının bu müraciəti mümkün qədər tez həyata keçirəcəyinə ümid etdiyini vurğulayıb.
Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bildirib ki, yaxın vaxtlarda yeni taxıl partiyaları da Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Ermənistana çatdırılacaq. Nazir yüklərin artıq yolda olduğunu desə də, onların hansı ölkələrdən göndərilməsi və İrəvana nə vaxt çatacağı ilə bağlı dəqiq məlumat verməyib. Xatırladaq ki, noyabrın 5-də isə Rusiya buğdası Azərbaycan üzərindən daşınmaqla Ermənistana çatdırılıb. Bundan başqa, Qazaxıstan buğdasını daşıyan qatarlar Azərbaycan ərazisindən keçməklə noyabrın 8-də Ermənistana çatıb.
Türkiyənin Ərciyəs Universitetinin professoru Qafar Çaxmaqlı Sherg.az-a açıqlamasında deyib ki, hər hansı sənədə imza atmaqla sülh yaratmaq, prosesi irəli aparmaq mümkünsüzdür. Professor vurğulayıb ki, praktiki şəkildə sülhə nail olmaq üçün zəruri addımların atılması vacibdir:
"Azərbaycan məhz bu mərhələni reallaşdırmaq üçün əyani addımlar atmaqdadır. Neft məhsullarının Ermənistana satışı ilə yanaşı, ölkəmiz Rusiya və Qazaxıstan taxıllarının tranzit ölkə kimi öz ərazisindən daşınmasına da şərait yaradıb. Bu, Azərbaycan tərəfinin böyük jestidir və humanist məqsədlərə xidmət edir. Ermənistan və Azərbaycan arasında kommunikasiya xətlərinin açılması nəticəsində müəyyən mənada sülh prosesi irəli gedə bilər. Kommunikasiya xətlərinin açılması imkan verər ki, Ermənistan birbaşa Azərbaycan üzərindən Rusiya və digər ölkələrə rahat gediş-gəliş əldə etsin. Bu gediş-gəliş Qazax-İcevan dəmir yolunun bərpa edilməsi ilə də mümkündür. Qazax-İcevan dəmiryolu vasitəsilə Ermənistana və oradan Qarsa, Türkiyəyə çıxış əldə ediləcək. Şübhə yox ki, gələcəkdə başqa yollar da inkişaf etdiriləcək. İqtisadi cəhətdən yeni imkanların yaradılması üçün bunlar çox vacibdir. Artıq Ermənistanda bu məsələlər ciddi müzakirə edilməkdədir. Bəzi qüvvələr Paşinyanın bu addımılarını tənqid etsələr də, Azərbaycanın böyük jestini "Ermənistanın nəzarət altına alınması" kimi qələmə versələr də, bu addımların regionda qalıcı sülh üçün atıldığı şübhəsizdir. Əlbəttə, bu hadisələr gələn il Ermənistanda keçiriləcək parlament seçkilərində hökumətin xeyrinə işləyəcək. İrəvan hökuməti də daxildə sülh istiqamətində təbliğat aparmaqdadır".
Q.Çaxmaqlı bəyan edib ki, biz faktiki olaraq Ermənistana öz jestimizi etmişik:
"Azərbaycan tarix boyu ermənilərə yardım əlini uzatmaqdan imtina etməyib. 1918-ci ildə Ermənistan-Azərbaycan müharibə həddində olan dövrdə belə Osmanlı dövlətinin xahişi ilə Ermənistana yardımlar edilib. Ənvər və Nuru paşalar da belə bir xahişlə çıxış etmişdilər. Bununla bağlı məlumatlar dövrün erməni mətbuatında yer alıb. Tədqiqatlarımda da bu məqamlar əksini tapıb. O zaman Azərbaycan tərəfindən 90 min pud buğda Ermənistana göndərilmişdi. Halbuki, o dövrdə Bakı işğaldan yenicə azad edilmişdi. Ermənistanda 500 mindən artıq erməni aclıq və səfalət içindəydi. Türkiyənin özü də 1990-cı illərdə öz ərazisindən Ermənistana taxıl tədarükünə imkan yaratmışdı. Əfsuslar ki, Ermənistan buna qarşılıq daim düşmənçilik etmiş və nəticədə öz başında çatlamışdı".
Alim əlavə edib ki, əsas problemimiz Qərbi Azərbaycan məsələsinə Ermənistandakı yanlış baxış və yanaşmadır:
"Qərbi azərbaycanlıların öz tarixi yurdlarına geri dönüşü çox vacibdir. Əfsuslar ki, hələlik İrəvan hökuməti bunun mümkünlüyünə inanmır, daha doğrusu, qəbul etmir. Hətta əksi yönündə bəyanatlar verirlər. Qərbi Azərbaycan məsələsini Qarabağdan könüllü getmiş ermənilərlə eyniləşdirməyə çalışırlar. Ancaq bu, danılmaz reallıqdır və qalıcı sülh üçün Bakının tələbləri mütləq qəbul olunmalıdır. Ermənistanın başqa çıxış yolu yoxdur, çünki hər iki tərəfdən türk dövlətləri ilə əhatə olunub. Paşinyan hökuməti də fərqindədir ki, Ermənistanın sosial rifahı və inkişafı, o cümlədən təhlükəsizliyi Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətlərinin qurulmasından keçir".