Ermənistanda siyasi müharibə: Təqib, təzyiq və kompromat dövrü başladı

Asif Nərimanlı: “Qərb Paşinyanın sərt addımlarına göz yuma bilər”

Ermənistan Baş naziri Nikol Paşinyan, “Güclü Ermənistan” partiyasının sədri və rusiyalı oliqarx Samvel Karapetyana çıxışlarından əvvəl Çindən gətirdiyi halüsinogen göbələklərdən istifadə etdiyi barədə verdiyi açıqlamalara görə 6 milyon dram (təxminən 16 200 dollar) təzminat tələb edir.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

“Cavabdehdən böhtan nəticəsində vurulmuş mənəvi zərərə görə iddiaçının xeyrinə 6 milyon dram tutulmasını xahiş edirik”, - məhkəmə aktlarının dərc olunduğu “Datalex” saytında bildirilib.

Həmçinin bəyanatda Karapetyandan canlı efirdə təkizb və üzr tələb olunub.

Samvel Karapetyanın mayın 7-də Nikol Paşinyan haqda verdiyi açıqlaması belədir:

“Çində insanlarda halüsinasiyalara səbəb olan xüsusi göbələk restoranları var. Paşinyan Çində olanda bunu sınayıb, bəyənib. Məndə olan məlumata görə, Ermənistana təxminən bir ton bu göbələkdən gətirib”.

Oliqarx əlavə edib ki, Paşinyan jurnalistlərlə görüşəndə mütləq həmin göbələklərdən istifadə edir.

Prosesləri şərh edən siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Karapetyanın verdiyi bu açıqlama göstərir ki, artıq siyasi mübarizə ən kəskin mərhələyə qədəm qoyur və bu mərhələdə opponentlər bir-birinə qarşı bütün sədləri keçmək niyyətindədirlər, hətta artıq bu sədləri keçirlər:

“ Burada artıq hər hansı siyasi və yaxud digər əxlaq normalarının, eləcə də siyasi mədəniyyət normalarının qorunacağı ilə bağlı gözləntilər çox azdır. Paşinyanın Karapetyana qarşı istifadə etdiyi həm təzyiq, həm də təqib elementləri göstərir ki, hakimiyyət opponentlərinin addımlarına qarşı həm qanunvericilikdən, həm də digər inzibati resurslardan istifadə edərək ən sərt formada cavab verməyə çalışacaq. Yəni bir növ adekvat reaksiya nümayiş etdirəcək. Seçki yaxınlaşdıqca, hansı ki artıq sayılı günlər qalıb, biz bu prosesi daha kəskin mübarizə formasında müşahidə edəcəyik. Bu həm ritorik müstəvidə - bir-birinə qarşı irəli sürülən ittihamlar səviyyəsində, həm də media müstəvisində aparılan kampaniyalarda özünü göstərəcək. Hətta hakimiyyət inzibati resurslardan istifadə edəcək, müxalifət isə əlində olan imkanlarla hakimiyyətə qarşı fəaliyyət göstərəcək”. 

Analitik qeyd edib ki, tərəflər bir-birini gözdən salmaq məqsədilə bütün vasitələrə əl atırlar və artıq siyasi mübarizə heç bir normaların gözlənilmədiyi mərhələyə keçir:

“Bu kontekstdə kimin şansının daha çox olması hələ də müəyyən qədər açıq qalır. Əvvəldən Paşinyanın şansları daha yüksək hesab olunurdu. Lakin seçki kampaniyası başladıqca, xüsusən Karapetyanın aktivləşməsindən sonra müxalifətin reytinqində, Paşinyanı keçməsə belə, müəyyən yüksəliş hiss olunur. Hesab edirəm ki, bu, erməni cəmiyyətində Karapetyanın yeni fiqur kimi qəbul edilməsindən irəli gəlir. Əvvəldən belə bir fikir var idi ki, Karapetyan Koçaryanla birlikdə hərəkət edəcək və bu da ictimaiyyətdə müəyyən tərəddüdlər yaradırdı. Amma Karapetyanın Koçaryanla birlikdə hərəkət etməməsi, məsafə saxlaması və əməkdaşlıq təkliflərini rəddi ictimaiyyətdə ona qarşı müəyyən qədər inam formalaşdırıb. Bu kontekstdə Karapetyanın timsalında müxalifətin reytinqi əvvəlki dövrlə müqayisədə müəyyən qədər yüksəlib. Amma ümumi mənzərəyə baxdıqda Paşinyanın şansları hələ də daha yüksək görünür.Bunun bir neçə səbəbi var. Birincisi, Karapetyan yeni fiqur kimi təqdim olunsa belə, Ermənistan cəmiyyətində müxalifətlə bağlı ümumi fikir onların keçmiş hakimiyyətlə əlaqəli olmasıdır. Cəmiyyətin böyük hissəsi düşünür ki, yeni simalar ön plana çıxarılsa belə, mövcud müxalifət yenə də Koçaryan və Sarkisyan dövrünün siyasi xəttinə bağlıdır və onların hakimiyyətə gəlməsi ölkənin əvvəlki problemlərlə yenidən üzləşməsi riskini yarada bilər. İkinci mühüm amil isə sülh məsələsidir. Ermənistan cəmiyyəti bu məsələdə şərti olaraq anti-sülh və sülh tərəfdarları arasında bölünüb. Amma hələ də sülhü dəstəkləyənlər çoxluq təşkil edir. İnsanlar anlayırlar ki, Paşinyanın hakimiyyətdə qalması sülh prosesinin davam etməsi deməkdir”.

Ekspertin sözlərinə görə, bəzən Azərbaycan mediasında belə bir təsəvvür yaradılır ki, guya Ermənistan cəmiyyəti yenidən müharibə istəyir və Qarabağ məsələsinin hərbi müstəviyə qayıtmasını dəstəkləyir:

“Amma reallıqda əhalinin böyük hissəsi sülh tərəfdarıdır və ya Paşinyanı dəstəkləyir. Bu da Paşinyanın seçkidə daha şanslı olduğunu göstərən əsas amillərdən biridir. Yəni hazırkı mərhələdə onun şanslarının daha yüksək olduğunu söyləmək mümkündür. Əgər seçkiyə qədər olan müddətdə fors-major xarakterli ciddi hadisə baş verməsə, böyük ehtimalla Paşinyan seçkilərdə qalib gələcək. Digər tərəfdən, Paşinyan hakimiyyətinin ciddi inzibati resursları mövcuddur. Bundan əlavə, Avropa İttifaqı və ümumilikdə Qərb bu prosesdə Paşinyanı dəstəkləyir. Bu isə o deməkdir ki, seçki prosesində demokratik prinsiplərlə və ya insan haqları ilə bağlı müəyyən problemlər yaşansa belə, Qərb buna ümumilikdə daha yumşaq reaksiya verə bilər. Bu da Paşinyana seçki prosesini öz istədiyi çərçivədə idarə etmək baxımından əlavə imkanlar yaradır və seçki kampaniyasının ümumi atmosferinə də təsir göstərir”.