Ukrayna dərsi aydın göstərdi
Gürcüstan uduzmaq istəmir, düzgün qərar verməlidir
Gürcüstan Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisi hökumətinə münasibətini tənqid edib. Baş nazirin sözlərinə görə, Aİ-nin nümayiş etdirdiyi ikili standartlar utancvericidir. Hökumət başçısının sözlərinə görə, Aİ artıq Gürcüstandan açıq şəkildə Rusiyaya qarşı sanksiyalara qoşulmağı tələb edir: "Bu, bizim əvvəllər danışdığımız bütün məsələlərin tam təsdiqidir. Avropa bürokratiyası artıq açıq şəkildə sanksiyalara qoşulmağı tələb edir, əvvəl buna maksimum ehtiyatla yanaşırdılar, sonra Avropa Parlamentinin qətnaməsində bunu bəyan etdilər, indi isə icraedici qurum (Avropa Komissiyası) da sanksiyalara qoşulmağı tələb edir". Kobaxidze əlavə edib ki, Aİ heç vaxt Moldova, Ermənistan və ya başqa bir ölkəyə eyni tələbi qoymayıb: "Burada da ikili standartlar görünür. Heç kim, məsələn, xanım Kallas, deyə bilməz ki, Moldovanın Avropa İttifaqına üzv olmaq istəməməsi ilə bağlı problem var. Hər yerdə ikili standartlar mövcuddur, müəyyən ölkələrin baş nazirləri Avropadan Moskvaya uça bilirlər. Biz bunun əleyhinə deyilik, bu, müvafiq ölkələrin işidir, amma Avropa bürokratiyasının ikili standartlar nümayiş etdirməsi pis haldır, utancvericidir".
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib ki, onlar Gürcüstan hökumətini deyil, gürcü xalqını dəstəkləyirlər. Onun sözlərinə görə, Gürcüstan hökuməti ölkəni Aİ-yə doğru olmayan yanlış istiqamətdə aparır: "Buna görə də biz gürcü xalqına qətiyyətlə bəyan edirik ki, biz onlarlayıq. Lakin hökumət yanlış addımlar atdığı müddətcə biz Gürcüstanın namizəd ölkə statusu alması prosesində irəliləyə bilməyəcəyik".
Qeyd edək ki, Avropa İttifaqı Tbilisi üçün heç bir dəstək tədbirinin planlaşdırılmadığını açıqlayıb. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili isə deyib ki, Gürcüstan Avropa İttifaqındakı (Aİ) mövcud böhrana baxmayaraq, mütləq Avropanın bir hissəsi olmaq istəyir. Onun sözlərinə görə, Tbilisi Aİ ilə dialoqa hazırdır, lakin ölkənin milli maraqlarının qorunması prioritetdir: "Ölkəmizin maraqlarını müdafiə etməsək, bizi heç kim dəstəkləməyəcək. Mesajlarımız hər kəs üçün aydın olmalıdır: biz sülh, sabitlik, iqtisadi inkişaf istəyirik və hər kəslə dialoqa hazırıq. Bu hadisələrdən qalib çıxmaq üçün ayıq-sayıqlığımızı qoruyub saxlamalıyıq. Mən radikal zorakı hərəkətlərin və Gürcüstanın işlərinə xarici müdaxilənin qarşısının alınmasında qələbəni nəzərdə tuturam". M.Kavelaşvilinin sözlərinə görə, Gürcüstan Avropaya inteqrasiya yolundan sapmır və ümid edir ki, Aİ qlobal çağırışlara, o cümlədən ABŞ ilə qarşıdurmaya tab gətirəcək: "Avropa İttifaqına gəldikdə isə, daim təkrar edirəm ki, böhrana və müxtəlif çətinliklərə baxmayaraq, ümid edirik ki, bu sağlam proseslər Avropanın layiq olduğu inkişafa gətirib çıxaracaq. Ümid etməliyik ki, Avropa yaşamaq üçün güc tapacaq və əsrlər boyu olduğu kimi qalacaq".
Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a bildirib ki, Cənubi Qafqaz spesifik bir regiondur. Ekspertin fikrincə, bu regionda Azərbaycan və Ermənistana paralel olaraq Gürcüstan yenidən Avropa İttifaqının maraqlarını cəlb edir:

"Ermənistandan sonra İttifaq qurmağı Gürcüstana yenidən keçirtmək istəyir. İttifaqın istəyi bəllidir, lakin bu qədər keşməkeşdən sonra Gürcüstanın buna reaksiyası da önəmsiz deyil. Bu baxımdan Prezident Mixeil Kavelaşvilinin açıqlamaları diqqət cəlb edir. O bildirir ki, Gürcüstan həmişə Avropanın bir hissəsi olmağa can atıb. Prezident bunu inkar etmir, maraqlı olduqlarını gizlətmir. Daha öncəki hakimiyyətlər Avropa İttifaqı ilə daha sıx münasibətlər qurub, Rusiya ilə əlaqələri kəskinləşdirib və nəticə etibari ilə işğal reallığı ilə üz-üzə qalıb. Gürüstan artıq reallığı dərk etdiyindən maraqlarını təmin etməkdə israrlıdır. Kavelaşvilinin sözündən belə çıxır ki, milli maraqların təmin edilməsi rəqabətin arasında qalmadan, öz yolunu tutub cəmiyyəti inkişaf etdirmək məqsədlərinə, hədəflərinə sadiqlikdən keçir. Qələbəni qarşıdurmada deyil, sülhün qorunmasında, radikal zorakılığın və xarici müdaxilənin qarşısının alınmasında, ölkədə sabitliyin və təhlükəsizliyin gücləndirilməsində axtarırlar".
Ş.Həsənovanın sözlərinə görə, milli maraqları dövlətin özü müdafiə etməsə, heç kim onu dəstəkləməyəcək:
"Ukrayna göz önündədir. Bu baxımdan, Kavelaşvili bildirir ki, mövcud vəziyyət reallığı bir daha aydın şəkildə nümayiş etdirdi. Təbii ki, Gürcüstan proseslərdə uduzmaq istəmir, əksinə, uduzduğunu geri almaq, bundan sonra düzgün qərar vermək istəyir. İndiki məqamda proseslərdən qalib çıxmaq üçün aktorlar daha da ayıq olmalıdırlar".