ABŞ ilə Türkiyə arasındakı ən böyük ziddiyyətlər PKK ilə bağlıdır -Analitik

Əgər Donald Tramp verdiyi sözə əməl etsə, qısa müddət ərzində terror təşkilatı mövcudluğunu  itirəcək

Türkiyə Tramp dövründə ABŞ ilə daha güclü əlaqələr saxlamaq istəyir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və xarici jurnalistlərlə mətbuat konfransında deyib. “Türkiyə və ABŞ bir-birinə ehtiyacı olan iki ölkədir. Trampın Türkiyənin rolu ilə bağlı açıqlamalarını izlədik. Biz Tramp dövründə ABŞ ilə daha güclü əlaqələr saxlamaq istəyirik” - deyə H.Fidan əlavə edib.   
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı diqqətçəkən açıqlamalar vermişdi. Türkiyəni "böyük güc" adlandıran Tramp Prezident Ərdoğan haqqında "O, mənim çox yaxşı anlaşdığım birisidir" - deyib.
Türkiyə ordusunun gücünü vurğulayan Tramp Ərdoğanla çox yaxşı anlaşdığını bildirib.
Suriyada baş verənlərə də toxunan Tramp deyib ki, Suriyada çoxlu qeyri-müəyyənlik var, baş verəcəklərin açarı Türkiyədədir.

Həm Amerika Birləşmiş Ştatları, həm də Türkiyənin nəhəng dövlət olduğunu vurğulayan siyasi şərhçi Elçin Xalidbəyli “Sherg.az”a açıqlamasında deyib ki, münasibətlərin gedişi ABŞ və Türkiyə arasındakı razılaşmaların xarakterindən asılıdır. Zənnimcə, Türkiyə uzunmüddətli perspektivdə münasibətləri nəzarətdə saxlayaraq öz milli maraqlarına və regional təsirinə diqqət yetirəcək.
Siyasi ekspertin sözlərinə görə, indiki mərhələdə iki dövlət arasında münasibətlərdə yaxınlaşma müşahidə edilsə də, nə vaxtsa maraqların toqquşması ehtimalı mümkün ehtimaldır:

 “Lakin  Bayden Administrasiyası dövründə tənzimləmə baxımından bu toqquşmalar yanlış istiqamətlərə çəkilirdi. Türkiyənin maraqlarını nəzərə almaq istəməyən Bayden Administrasiyası yalnız ABŞ-nin maraqlarını diktə etməyə çalışırdı. Təbii olaraq da rəsmi Ankara buna etiraz edərək, sərt müqavimət göstərir, Türkiyənin maraqları uğrunda prinsipial mübarizə aparırdı. Verilən açıqlamalardan Tramp Administrasiyasının fərqli siyasət yeridəcəyi artıq şübhə doğurmur. Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yönəlik pozitiv fikirləri, Türkiyənin qlobal güc olması reallığını etiraf etməsi müsbət amillərdir. Digər önəmli məqam isə odur ki, Türkiyənin əsas öncəliklərindən biri PKK terror təşkilatının sıradan çıxarılmasıdır. Rəsmi Ankara haqlı olaraq PKK-nı Türkiyənin təhlükəsizlik maraqlarına təhdid hesab edir. 
ABŞ isə açıq-aşkar PKK-nı himayə edir, həm maliyyə, həm də silahla təmin edir. ABŞ ilə Türkiyə arasındakı ən böyük ziddiyyətlərdən biri də məhz onun PKK-ya dəstək verməsi ilə bağlıdır. Əgər Donald Tramp verdiyi sözə əməl edib, Amerikanın Suriyadakı hərbi bazalarını çıxartsa, qısa müddət ərzində PKK öz mövcudluğunu  itirəcək. Bu da onu göstərir ki, Trampın rəhbərliyi dövründə ABŞ-Türkiyə arasındakı digər ziddiyyətlər də qarşılıqlı razılaşma formatında həll olunacaq”.