Avropa İttifaqının hətta "müşahidə missiyası"nı hərbi struktura çevirmək niyyətləri də istisna deyil
"Avropa İttifaqının mülki missiyası Ermənistan və Azərbaycan sərhədində fəaliyyətini davam etdirir”. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mətbuat konfransında deyib. Onun sözlərinə görə, missiya iki ölkə arasında sərhədin tam delimitasiyasına qədər monitorinqi davam etdirəcək.
Göründüyü kimi, Ermənistan Aİ missiyasının özü üçün tam təhlükəsizlik çətiri funksiyası daşımasını istəyir. Yəni ölkə nə edirsə-etsin, hansı oyunbazlığı törədirsə-törətsin, sözügedən təsisat onun müdafiəsində dayansın. Rəsmi İrəvan tərəfindən idarə olunan sərhəd təxribatları və hərbi eskalasiya mühiti məhz bu təsəvvürdən formalaşmış durumun nəticəsidir.
Ermənistanda Aİ-nin müşahidəçilərinin heç bir gerçək funkciya daşımadığını gözəl anlayırlar. Sadəcə, erməni iqtidarına onun qalması haqqında söz açdığımız gözləntilər baxımından vacibdir. Aİ-nin isə Cənubi Qafqaz müstəvisində qərarlaşmaq baxımından başqa mexanizmi yoxdur. Yəni Aİ-nin Ermənistandakı mülki missiyası kollektiv Qərbin Cənubi Qafqaz coğrafiyasında siyasi tutacaq yeridir.
Təsisatın müddətinin uzadılması məsələsinin vaxtaşırı gündəmə gətirilməsi, Ermənistanın dövlət rəhbərləri tərəfindən açıqlamalar verilməsi də buna hesablanıb.
Rəsmi İrəvan və Aİ rəsmiləri müşahidəçilərin, guya, vacib olduqlarının PR-nı apararaq, hansısa formada onun müddətinin uzadılmasına “ehtiyacı” əsaslandırmağa çalışırlar. Mirzoyanın qeyd etdiyimz açıqlamaları da məhz bu “əsaslandırma”dan biridir.
Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında Ermənistanın bütün sərhədlərinin Aİ–nin mülki missiyanın nəzarəti, müşahidəsi altında olduğunu xatırladıb. Onun sözlərinə görə, bu, Aİ missiyasının sadəcə, Azərbaycan-Ermənistan arasındakı prosesləri izləməklə qalmadığının, digər ölkələrlə bağlı kəşfiyyat məlumatları topladığının göstəricisidir.
Qərbin Gürcüstandakı mübarizəni uduzduğunu vurğulayan politoloq qeyd edib ki, Aİ Cənubi Qafqazla bağlı planlarını Ermənistan üzərindən həyata keçirmək niyyətindədir:
“Avropa İttifaqı öz "mülki missiyası"nı bölgəyə göndərərkən, guya, Azərbaycan-Ermənistan şərti sərhədlərində baş verə biləcək atışmaların qarşısını almağı hədəfləmişdi. Ancaq bunun altında daha böyük geosiyasi məqsədlərin yatdığı ortadadır. Aİ-nin ilkin mərhələdə bəlli zaman müddətində və az sayda missiya üzvü ilə bölgəyə yerləşdirilməsi əsas planın tərkib hissəsi idi. Sonradan missiyanın tərkibi dəfələrlə artırıldı, indi də fəaliyyət müddətini uzatmaqla missiyanın gələcəyə daşınmasına zəmin hazırlayırlar. Avropa İttifaqının perspektivdə Ermənistanda yerləşmək, hətta "müşahidə missiyası"nı hərbi struktura çevirmək niyyətləri də istisna deyil. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından rəsmən çıxarsa, bundan sonra Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsi gündəmə gələrsə, Aİ-nin missiyası Ermənistanın təhlükəsizliyinin sığortası kimi düşünülüb”.
Qısamüddətli missiya adı ilə bölgəyə yerləşmiş qüvvələrin uzunmüddətli qalmaq istəyinin Azərbaycanın maraqlarına uyğun olmadığını vurğulayan politoloq deyib ki, rəsmi Bakı bununla bağlı öz etirazını dəfələrlə bəyan edib. Ona görə də gələn ay missiya öz fəaliyyətini sonlandırmalıdır. Faktiki olaraq missiyanın sülh prosesinə töhfə vermədiyini, əksinə, ciddi əngəl olduğunu gördük.