Dünyanı təşvişə salan yeni virus: HMPV, onun əlamətləri nədir?

Çində yayılan HMPV virusu bütün dünyada narahatlığa səbəb olub. İnsan metapnevmovirusunun qısaltması olan HMPV qrip və ya soyuqdəyməyə bənzər simptomlarla özünü göstərir. Virusun xüsusilə uşaqlar, 65 yaşdan yuxarı şəxslər və immun sistemi zəif olanlar üçün təhlükə yaratdığı vurğulanır. Beləliklə, HMPV nədir və onun simptomları nədir? 

Sherg.az xəbər verir ki, Çin mediası insan metapnevmovirusu (HMPV) kimi tanınan virus infeksiyasının uşaqlar arasında yayıldığını və 2024-cü ilin son günlərində ciddi artım göstərdiyini bildirib. Bu vəziyyət xüsusilə valideynlər və səhiyyə işçiləri arasında narahatlıq yaradıb.  HMPV hallarının sürətlə yayıldığı iddiaları sosial mediada da sürətlənib.

Xəstəxanaların daşması ilə bağlı yazılar ictimaiyyət arasında daha da çaxnaşma yaradıb. Sosial media platformalarında yayılan video və fotolar səhiyyə sisteminin yükünü ortaya qoyur. Xəstəxanalardakı tıxac, təcili yardım otaqlarında gözləyən uşaqların görüntüləri ilə birləşərək, epidemiyanın miqyası ilə bağlı daha çox fərziyyələrə səbəb oldu.

İnsanların çoxunun uşaq ikən və həyatı boyu bir dəfədən çox tutduğu HMPV, tənəffüs yolu xəstəliklərinə səbəb olan çoxsaylı patogenlərdən biri hesab olunur.


Mövsümi qrip və Covid-19-a bənzər öskürək, qızdırma, burun tutulması və hırıltı kimi simptomlara səbəb olan HMPV əksər hallarda yüngüldür, lakin körpələrdə, yaşlılarda və immun sistemləri zəif olan insanlarda bronxit və ya pnevmoniya kimi ciddi fəsadlara səbəb ola bilər. 

Virus öskürmə və ya asqırma zamanı yayılan damlacıqlar və ya xəstə insanlarla və ya virusa yoluxmuş səthlərlə təmas zamanı ötürülür.
HMPV üçün xüsusi antiviral müalicə və ya peyvənd olmasa da, xəstəliyin yayılmasının qarşısını almaq üçün elmi araşdırmalar davam edir.