“Böyük miqdarda enerjiyə qənaət ediləcək”

“Azərbaycanda Bakı və Sumqayıtın işıqlandırılmasında “Signify” şirkətinin xidmətlərindən istifadə olunacaq”

“Şəhər yollarının və xüsusi obyektlərin işıqlandırılması şəhərin görünüşü üçün xüsusi əhəmiyyət daşıyır”



Yeni növ koronavirus pandemiyasının dünyanı və Azərbaycanı cənginə almasına baxmayaraq, Prezident İlham Əliyev tərəfindən ötən dövr ərzində həm koronavirusla mübarizə, həm də ölkənin yeni-yeni nailiyyətlər əldə etməsi istiqamətində fəal şəkildə iş aparılır. Bura eyni zamanda sosial sahə də aiddir”.
Bunu “Sherg.az”a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
O qeyd edib ki, Azərbaycan son zamanlar yüksək, qabaqcıl texnologiyalardan istifadə edir və bu zaman dünyanın aparıcı şirkətləri ilə əməkdaşlıq mühüm yer tutur:

“Mayın 22-də əvvəlki adı “Philips Lighting”, indi isə “Signify” olan şirkətin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bu şirkətin baş icraçı direktoru Erik Rondolat, MDB üzrə baş meneceri Erik Benedetti və “Signify” rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. “Signify” şirkəti 1891-ci ildə yaranıb, dünyanın məşhur şirkətlərindən biridir, 74 ölkədə fəaliyyət göstərir, 140 ölkədə xidmət və məhsul satışı həyata keçirir. Bu faktlardan da aydın görünür ki, “Signify” şirkəti dünyanın bu sahə üzrə ən güclü şirkətlərindən biridir.
Aparılan danışıqlar nəticəsində biz tezliklə – sentyabrın sonunadək Bakı şəhərində minlərlə yeni küçə işığının quraşdırılmasını özündə ehtiva edəcək birinci mərhələnin icra olunmasını görəcəyik. Bakı şəhərində 33 min LED işıq quraşdırılacaq və onların sayəsində çox böyük həcmdə enerjiyə qənaət ediləcək. Qənaət göstəricisi minimum 50 faiz təşkil edəcək. Eyni zamanda Sumqayıt şəhərində küçələrin işıqlandırılması ilə bağlı qiymətləndirmə prosesi gedir. Bütövlükdə layihənin gerçəkləşdirilməsi nəticəsində böyük miqdarda enerjiyə qənaət ediləcək”.

Z.Məmmədov bildirib ki, şəhər yollarının və xüsusi obyektlərin işıqlandırılması həm insanların rahatlığı və təhlükəsizliyi, həm də şəhərin görünüşü üçün xüsusi əhəmiyyət daşıyır:

“Təsadüfi deyil ki, “Signify” şirkəti dünyanın əksər ölkələrində fəaliyyət göstərir və Cənubi Qazqazda da yalnız Azərbaycanda Bakı və Sumqayıtın işıqlandırılmasında bu şirkətin xidmətlərindən istifadə olunacaq”.

Politoloq onu da bildirib ki, son vaxtlar yüksək texnologiyaların istifadəsi sahəsində bir sıra digər şirkətlərin də Azərbaycanla əməkdaşlığı güclənib:

“Azərbaycan onlar üçün investisiya baxımından önəmlidirsə, ölkəmiz üçün bu şirkətlər onların çoxillik təcrübəsi və keyfiyyətli iş görmələri baxımından önəmlidir. Bütün bunlar bir daha göstərir ki, Prezident İlham Əliyev tərəfindən dövlətin qarşısında duran əsas prioritetlər koronavirus pandemiyası dövründə də həyata keçirilməkdədir”.