“Xəstəxanalarda yer və həkim çatışmazlığı yaranacaq” - Pandemiya bitməyib !

“Karantin və sosial izolyasiya qaydalarını pozan insanlara  qarşı sərt cəzaların  tətbiq olunması labüddür”

 “İnsanlar verilən tövsiyələrə, qadağalara məhəl qoymurlar”




"Əhalinin pandemiyaya inamsızlığı və qaydalara əməl etməməsi qarşıdakı aylarda  daha da çox yoluxmaya səbəb olacaq".
Bu sözləri "Sherg.az"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev deyib. İnfeksionistin sözlərinə görə, virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması - bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır.

  Məhdudiyyətlərin tədricən aradan qaldırıldığını vurğulayan V.Əliyev  deyib ki, yumşalmalar olduqca hər kəs şəhərə çıxır, rahat hərəkət edir:  

"Artıq  sivil qaydada mübarizənin  bəhrə vermədiyinin şahidi olduq.   Karantin və sosial izolyasiya qaydalarını pozan insanlara  qarşı sərt cəzaların  tətbiq olunması labüddür. Gündən-günə karantin rejimi yumşaldılır, məhdudiyyətlər aradan qaldırılır. Yoluxmanın artmasının ikinci səbəbi isə insanların məsuliyyətsiz davranışlarıdır. İnsanlar verilən tövsiyələrə, qadağalara məhəl qoymurlar. 



Karantin rejimi yenicə yumşaldılanda biz dəfələrlə əhaliyə xəbərdarlıq etdik ki, özünütəcrid kampaniyaları davam etməlidir. Xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, kütləvi toplantılara yol verilməməsi, distansiya saxlanması və s. məsələlərə, qaydalara riayət olunması zəruri hal kimi səlahiyyətli şəxslər tərəfindən qabardıldı. Lakin bu günkü mənzərə göstərir ki, əhali bu qaydaların heç birinə əməl etməyib və pandemiya təhlükəsi bitibmiş kimi arxayınlaşıblar. 

Sərt karantin qaydaları müəyyən olunan zaman hər kəs evində qapalı şəraitdə qaldığı üçün  yoluxma sayı az olurdu.  Məhdudiyyətlər aradan qaldırılandan sonra  insanlara çox bəsit qaydalara əməl  etmək tövsiyyə olunsa da, buna əməl edən tapılmır.  Təbii ki, məsuliyyətli olanlar da var. Amma məsuliyyətsiz olanlar yetəri qədər olduğuna görə qurunun oduna yaş da yanır". 
İnfeksionistin sözlərinə görə,  yoluxma sayı  bu sürətlə  davam edərsə,  xəstəxanalarda yer və həkim çatışmazlığı yaranacaq: 

"Koronavirusla mübarizə çərçivəsində dövlət tərəfindən atılan addımlar məhz  bu problemin  həllinə hesablanmışdı.  Ölkə başçısının iştirakı ilə "Yeni Klinika" , Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılıb. Modul tipli xəstəxanaların rayonlarda tikintisi davam edir. Azərbaycanda pandemiyaya qarşı vaxtında atılmış düzgün addımlar olmasaydı, bu gün virus qarşısında aciz qalan ölkələrdəki oxşar mənzərə bizdə də müşahidə olunardı.  Ancaq bütün bunlara rəğmən yoluxma sayı sürətli gediş alarsa, ciddi yer problemi yaşaya bilərik. 

Bu zaman da  həkimlər koronavirus daşıyıcıları arasında seçim etməli olacaq və virusu yüngül formada keçirən xəstələr evdə müalicə almalı olacaqlar". 

TƏBİB-in işçi qrupunun rəhbəri deyib ki, karantin rejimindən mərhələli şəkildə çıxsaq belə  verilən tövsiyələr uzun müddət qüvvədə qalmalıdır.  Əhali bilməlidir ki,” COVID-19” xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir.